“Mətin xalq mübarizəsini daha qətiyyətlə davam etdirib istiqlalına qovuşdu”

Bakı Slavyan Universitetində (BSU) 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunan vebinar  keçirilib.

 

Universitetdən bildirilib ki, vebinarla yanaşı, mövzuya dair  kitab sərgisi də təşkil edilib.

 

BSU prorektorları, dekan müavinləri, digər müvafiq struktur bölmələrin məsul şəxslərinin və tələbələrin iştirak etdikləri vebinarda universitetin rektoru, professor Nurlana Əliyeva 31 il bundan öncə sovet imperiyasının Azərbaycanda törətdiyi qanlı cinayətdən danışıb, məqsədin xalqımızın azadlıq uğrunda mübarizəsini dayandırmaq, onun ruhunu, iradəsini məhv etmək olduğunu söyləyib.

 

“Lakin yenilməz və mətin xalqımız öz azadlığı uğrunda mübarizəsini daha inamla, qətiyyətlə davam etdirdi və istiqlalına qovuşdu. 20 Yanvar xalqımızın XX əsr tarixinin həm faciə, həm də qəhrəmanlıq səhifəsidir. Eyni zamanda  müstəqilliyimizə yol açan şərəf və qəhrəmanlıq salnaməsidir. Dünya ictimaiyyətinə ilk dəfə  20 Yanvar faciəsi ilə bağlı xalqımızın vətənpərvər oğlu, Ümummilli lider Heydər Əliyev məlumat verib”-deyən N.Əliyeva faciəyə siyasi-hüquqi qiymətin yalnız Ulu Öndərin Azərbaycanda yenidən hakimiyyətə qayıtmasından sonra verildiyini diqqətə çatdırıb.

 

BSU-nun tərbiyə işləri üzrə prorektoru, dosent Xanım Sultanova,  tədris işləri üzrə prorektoru, professor Telman Cəfərov, elmi işlər üzrə prorektoru, professor Rafiq Novruzov və digərləri çıxış edərək belə tədbirlərin tələbə-gənclərin vətənpərvər ruhda tərbiyə olunmasına müsbət təsir etdiyini vurğulayıblar. Vebinarın sonunda məktəbəqədər təlim-tərbiyə və ibtidai təhsil fakültəsinin tələbəsi Şəfəq Aslanova  Xalq şairi Bəxtiyar Vahabzadənin "Şəhidlər" poemasından parçalar səsləndirib.

 



19.01.2021 | 16:55