MEK-də “Qarabağ Qəhrəmanları” Fondu yaradılacaq

Mərkəzi Elmi Kitabxana (MEK) Azərbaycan elminə innovativ xidmət istiqamətində görülən işlərlə yanaşı, xalqımızın mədəniyyətini, tarixini, qəhrəmanlıq ənənələrini hər zaman uca tutaraq bu istiqamətdə də mühüm addımlar atıb. Görülən işlərin davamı olaraq Azərbaycan kitabxana sistemində ilk dəfə MEK-də  “Qarabağ Qəhrəmanları” Fondu yaradılacaq.

 

MEK-dən bildirilib ki, fondda bu günə kimi I və II Qarabağ müharibəsinə həsr olunan, münaqişə müddətində yazılan kitab, məqalə, müsahibə, çəkilən foto, hazırlanan televiziya verilişləri, sənədli və bədii filmlər toplanılacaq. Həmçinin gələcəkdə də bu mövzuya həsr olunacaq nəşrlər fonda daxil edilərək oxucuların istifadəsinə veriləcək. Eyni zamanda, müharibədə iştirak edən Azərbaycanın şəhid olmuş mərd oğullarının şəxsi kitabxanalarındakı kitablar da fondda sərgilənəcək.

 

Bununla yanaşı, fond MEK-in həm yerli, həm də əcnəbi istifadəçilərinə Azərbaycan tarixində əvəzolunmaz izlər qoyan qəhrəmanlarımızın yaxından tanıdılmasına şərait yaradacaq.

 

Fondun yaradılmasında əsas məqsəd 30 ilə yaxın davam etmiş Qarabağ münaqişəsinə həsr edilən sənədləri sistemli şəkildə toplayaraq mühafizə etməkdir.

 

Qeyd edək ki, yeni yaradılacaq fonda II Qarabağ döyüşlərində mərdliklə iştirak etmiş, 2020-ci il noyabr ayının 23-ü Suqovuşan istiqamətində minaya düşərək şəhid olan polkovnik Babək Səmidlinin bacısı, MEK-in əməkdaşı Röksanə Səfərzadə rəhbərlik edəcək.

 



21.01.2021 | 16:47