ADNSU-nun IX Məzun-Karyera Sərgisinin ilkin nəticələri

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) onlayn formatda keçirilmiş IX Məzun-Karyera Sərgisinin ilkin nəticələri elan olunub.

 

Universitetdən verilən məlumata görə, rektor, professor Mustafa Babanlı koronavirus pandemiyası ilə əlaqədar karantin rejimi şəraitinə baxmayaraq universitetlə tərəfdaş qurumlar-nazirlik və agentlik, dövlət və özəl şirkətlər arasında əməkdaşlığın inkişafı  istiqamətində işlərin davam etdirildiyini bildirib.

 

Sonuncu sərgidə 57 şirkət tərəfindən 235 vakant iş yeri təklif olunduğunu qeyd edən ali məktəbin rəhbəri həmin vakant yerlərə ADNSU-nun tələbə və məzunlarının göndərdiyi 2194 CV üzrə müsahibələrin keçirildiyini, hətta artıq tələbə və məzunların arasında işəgötürülənlərin olmasından məmnunluğunu ifadə edib.

 

Onlayn görüşdə iştirak edən Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA),  “AzerGold” QSC, “Azərbaycan Dəmir Yolları” QSC, “AzərEnerji” ASC, “Azərişıq” ASC, “Bakı Abadlıq Xidməti” MMC-nin də digər qurumların nümayəndələri çıxış edərək, vakant yerlərə verilmiş CV-lərlə bağlı artıq seçim və müsahibəyə başlandığını bildiriblər.

 

AQTA-ya 2, “Azərenerji” ASC-yə 10 nəfər ADNSU məzununun işə qəbul olunduğu, 12 nəfərin sonradan daimi işə keçirilmə məqsədilə təcrübəyə cəlb edildiyi qeyd olunub. “Bakı Abadlıq Xidməti” MMC-nin təklif olunan 46 vakant iş yerinə CV göndərmiş ADNSU məzunlarının müsahibələri hazırda davam edir. Ümumilikdə IX Məzun-Karyera Sərgisi sayəsində onlarla ADNSU məzunu işlə təmin olunub.

 

Qeyd edək ki, IX Məzun-Karyera Sərgisində tələbə və məzunlar career.asoiu.edu.az linki vasitəsilə sayta daxil olaraq, vakant yerlərlə tanış olduqdan sonra müvafiq şirkət və vəzifəni seçib CV-lərini göndəriblər. Sayt daimi əsaslar üzrə fəaliyyət göstərir, ADNSU-nun tərəfdaşı olduğu müəssisə və qurumların vakant iş yerləri barədə informasiyaları mütəmadi şəkildə sayta əlavə olunur.

 

 



23.01.2021 | 12:05