ADMİU müəllimləri “Ohrid-Vodiçi-2021” konfransında

 

Şimali Makedoniya Respublikasının Ohrid şəhərində “Ohrid-Vodiçi - 2021: Pandemiya şəraitində mədəni irs, ətraf mühit, elmi araşdırmalar və turizm " IX beynəlxalq elmi-praktiki konfrans keçirilib.

 

Zoom platforması üzərindən təşkil olunan konfrans Şimali Makedoniyanın Sosial Mədəni Antropologiya İnstitutu, Rusiyanın "Siyasi elmlər" jurnalı, ABŞ-ın "Qlobal proseslər" jurnalı və Azərbaycanın "MİRAS" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin birgə təşkilatçılığı ilə reallaşıb.

 

Tədbirdə Avropanın 11 ölkəsindən (Azərbaycan, Türkiyə, Şimali Makedoniya, Bolqarıstan, Albaniya, Serbiya, Rusiya, Belorus, Qazaxıstan, İsveçrə, İtaliya, İsveç və s.) 50-dən çox alim və tədqiqatçı məruzələrlə çıxış edib.

 

Konfransın təşkilat komitəsinin sədri, professor Rubin Zemon deyib ki, 2020-ci ildə COVID-19 səbəbi ilə bütün dünyada ətraf mühit və turizm sahəsində fərqli yanaşmalar ortaya çıxıb:” Yeni çağırışlar dünyanın qloballaşması ilə yanaşı, virtuallaşmasını da ön plana çıxarıb. Ona görə də bu konfransın əsas mövzusu pandemiya hadisələri zamanı mədəni irs, ətraf mühit, elmi araşdırmalar və turizmin vəziyyətinə, gələcək perspektivlərə həsr olunub”.

 

Konfransda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) müəllimləri- tarix üzrə fəlsəfə doktoru Fariz Xəlili və sənətşünaslıq üzrə fəlsəfə doktoru Günel Seyidəhmədli "Qarabağda Qarapirimli sufi xanəgahı" və "Qarabağda Alban memarlıq irsi" tədqiqat mövzuları ilə çıxış ediblər.



25.01.2021 | 13:05