Əziz Şuşa, biz qayıtmışıq!

(Əvvəli   https://muallim.edu.az/news.php?id=14448)

 

Qələbəmizin də rəmzi təsadüfən dəmir yumruq adlandırılmayıb. Vətən müharibəsindəki milli vəhdətimizlə dövlət rəhbərimizin məqsədli siyasəti ətrafında birləşib dəmir yumruğa çevrildik. Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri, yaşından, dini inancından, təcrübəsindən asılı olmayaraq cəmiyyətimizin bütün üzvləri bu yolda gücünü əsirgəmədi. Bu yumruq həm gücdür, həm birlikdir, qüdrət və həmrəylikdir. Doğma Vətənin hər qarış torpağına yenilməz məhəbbətdir. Prezident İlham Əliyevin hərbi rəşadətinə, mərdliyinə, güclü iradəsinə və bacarığına sonsuz inam və sədaqətdir.

 

Dəmir yumruq

 

Tarixdə həmişə birliyə nail ola bilən xalqlar, ölkələr qələbə qazanıblar. Yüksək iradəli, sarsılmaz qətiyyətə malik liderlər xalqın milli həmrəyliyinə nail olub Vətəni ən böyük Zəfərə yetirirlər. Qalibiyyət tarix boyu xalqın gücünə arxalanaraq heç bir təhdid, təzyiq qarşısında boyun əyməyən liderlərin hünəri olub. Milli maraqları heç kimə və heç nəyə qurban verməyən, xalqın, dövlətin mənafelərini ən çətin şərtlər altında da müdafiə etməyi, qorumağı bacaran dövlət adamları, sərkərdələr həmişə ali məqsədlərə çatıblar. Azərbaycanın timsalında bunu hər kəs bir daha gördü. Dəmir yumruğumuzun gücü düşmənin başını elə əzdi ki, çətin ki, onlar bir daha başlarını qaldırıb biz tərəfə baxmağa cəsarət göstərələr. Hətta onların indi siyasi xal toplamaq üçün toy toğlusu kimi ortaya çıxıb revanş çağırışı edənləri də daxilən fərqindədirlər ki, bundan sonra Azərbaycana qarşı hər hansı hücum hazırlıqları bu dəmir yumruğun zərbəsi qarşısında intihara bərabər olar.

 

44 gün ərzində Prezident İlham Əliyev dünya ölkələrinin ən nüfuzlu informasiya agentliklərinə müsahibələr verdi. Bu müsahibələrdə Azərbaycan rəhbərinin dünya tarixinə dərindən bələd olması, təkzibedilməz fikirləri, kəsərli məntiqi, siyasi təfəkkürü, Vətəninin bütövlüyü haqqında dönməz mövqeyi, xalqına tükənməz məhəbbəti, prinsipiallığı, zəkası, dühası nəinki Azərbaycanda, bütün dünyada televiziya qarşısında əyləşib saatlarla onu dinləyən insanları heyrətləndirdi, istər-istəməz iki dövlət rəhbərinin müqayisəsini zəruri etdi. Bu müqayisəyə gəlməyən Azərbaycan Prezidentinin üstün mövqeyi onu öz xalqının və dünya ictimaiyyətinin nəzərində ucaltdı, qədirbilən insanların qəlbində ona qarşısıalınmayan sonsuz bir inam, dərin bir ehtiram yaratdı və Azərbaycanın qələbəsinin sirlərini dünyaya bəyan etdi.

 

Şuşa şəhərində hərbçilər qarşısındakı çıxışı zamanı cənab İlham Əliyev dedi: “Bundan sonra biz Şuşanı göz bəbəyi kimi qorumalıyıq. Bizim hərbçilərimiz, bizim qəhrəman övladlarımız Şuşanı qoruyacaqlar ki, düşmən heç bu tərəfə baxmağa özündə cəsarət tapmasın. Mən demişəm ki, əgər kimsə Ermənistanda revanş haqqında düşünürsə, o, bizim dəmir yumruğumuzu bir daha görəcək. Bu dəmir yumruq onların belini qırdı, onların başını əzdi. Əgər bizə qarşı hər hansı bir təxribat törədilərsə, cavabımız çox sərt olacaq, çox peşman olacaqlar və yenə də acı məğlubiyyətlə üzləşəcəklər. Heç kim bizim qabağımızda dura bilməz. Bundan sonra həmişə belə olacaq. Azərbaycan Ordusu, xüsusi təyinatlılar, bizim qəhrəman övladlarımız, hərbi birləşmələrin döyüşçüləri Şuşanı və azad edilmiş bütün torpaqları göz bəbəyi kimi qorumalıdırlar ki, düşmən bir daha belə cəhd etməsin. Cəhd edərsə, axırı lap pis olacaq”.

 

39 ildən sonra

 

Azərbaycan Prezidentinin Şuşaya səfəri üçün 14 yanvar günü də təsadüfən seçilməmişdi. Dövlət rəhbərimiz dedi ki, o, Şuşaya 39 il əvvəl gəlib. Həmin il xalqımızın Ümummilli Lideri Heydər Əliyevlə birgə onun bu şəhərə iki səfəri olub. Şuşaya birinci səfəri yanvarın 14-ə təsadüf edib. 39 il sonra isə cənab İlham Əliyev Şuşaya müzəffər Ordumuzun Ali Baş Komandanı kimi öz ailə üzvləri ilə qayıtdı. Düşmənin belini qıran Ordunun Ali Baş Komandanı kimi Şuşada dalğalanan müqəddəs bayrağımızın altında, qəhrəman hərbçilərimizin önündə bəyan etdi ki, biz bu torpaqlarda əbədi yaşayacağıq!

 

Azərbaycan Prezidentinin 39 il əvvəl çəkilmiş fotoşəkildəki məkana yenidən qayıdışı tarixi ədalətin bərpası, keçmişlə bu gün, bu günlə gələcək arasında qırılmaz bağlılığın təmin edilməsi rəmzi idi. Bu simvolik kadr bir daha göstərdi ki, Azərbaycan xalqı bu torpaqların, bu şəhərin əzəli-əbədi sakinləridir və bundan sonra da hər zaman belə olacaq.

 

Cənab İlham Əliyevin 39 il əvvəl 14 yanvar günü Ulu Öndərlə birgə Şuşaya getməsinə səbəb olan əlamətdar hadisə də maraqlı və bu günün prizmasından baxanda son dərəcə əhəmiyyətli bir tarixə bələdçilik edir. Həmin gün Şuşada Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən olan Molla Pənah Vaqifin məqbərəsi açılırdı. Bu abidə məhz Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə inşa edilmişdi. Qeyd etdiyimiz kimi, açılışına Ulu Öndər özü də gəlmişdi.Övladını da özü ilə gətirməyi vacib bilmişdi. Çünki Heydər Əliyev bu abidələri ermənilərin min bir hiylə ilə izimizi, tarixi keçmişimizi itirməyə çalışdıqları, havadarlarının gücü ilə əlimizdən qoparmağa can atdıqları Qarabağ torpaqlarında Azərbaycan xalqının silinməz tarixi nişanələri kimi ucaldırdı.

 

Vaxtilə sovet hökuməti xanları, vəzirləri, bəyləri özünə sinfi düşmən elan etmişdi. Molla Pənah Vaqif şair kimi xalqa dost, dayaq, güvən, Qarabağ xanının vəziri kimi sovetlərə düşmən sayılırdı. Belə bir şəxsiyyətimizə əzəmətli bir məqbərə ucaltmaq o dövrdə qeyri-adi hadisə idi. Bu cəsarətli addım üçün, yəqin ki, Heydər Əliyev qətiyyətinə malik olmaq lazım idi. Ulu Öndər bunları edə bilirdi. Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılanda Şuşanı bu vilayətin tərkibinə salmaqla tədricən Şuşada Azərbaycanın izini itirməyə çalışan ermənilərə öz yerlərini bir daha göstərirdi. Bu, həmin illərə təsadüf edən çoxsaylı nümunələrdən yalnız biridir. 1969-1982-ci illərdə Ümummilli Lider Heydər Əliyev ermənilərin Azərbaycana qarşı bütün ərazi iddiaları cəhdlərinin qarşısını almağı bacarırdı. Eyni zamanda Dağlıq Qarabağ ermənilərinin separatçı niyyətlərinin kökünü birdəfəlik kəsmək üçün strateji addımlar atırdı. Heydər Əliyevin bu torpaqlarda qurub yaratdığı istehsalat müəssisələri, təhsil ocaqları, infrastruktur obyektləri hesabına bölgədə demoqrafik durumun dəyişdirilməsinə cəhdlərin qarşısı alındı.

 

Bütün bu müəssisələrdə çalışmaqdan ötrü insan resurslarına ehtiyac vardı. Ermənilər bu ehtiyacı təmin edəcək imkanda deyildilər. Ona görə həmin iş yerlərində çalışmaq üçün kütləvi sayda azərbaycanlı mütəxəssislər Qarabağa gedirdi. Beləliklə, separatçı niyyətlərin bir daha baş qaldıra bilməməsi üçün güclü əsaslar formalaşırdı. Bu, indi ümumun qənaətidir ki, əgər Heydər Əliyev 1982-ci ildən sonra da Azərbaycana 10 il rəhbərlik etsəydi, bu müddətdə Dağlıq Qarabağ Muxtar Vilayətində hər hansı bir münaqişə və separatizm meyli baş qaldıra bilməyəcəkdi.

 

Əfsus ki, bizdən asılı olmayan səbəblərdən tarixi proseslər başqa səmtdə cərəyan etdi. Ermənilərin separatçı, işğalçı əməlləri üzündən başımız 30 il ərzində olmazın bəlalar çəkdi. Amma artıq tarix yenidən bizim xeyrimizə işləyir. Bu tarixi yaradan bizik. Reallıqları dəyişən Azərbaycan Prezidentidir. Qalib Ordumuzun əsgər və zabitləridir. Qüdrətli dövlət rəhbərimizin unikal siyasəti ətrafında xalqımızın sıx birliyi, dəmir yumruğudur.

 

Güllələnmiş büstlərin sevinci

 

Cənab İlham Əliyevin Şuşaya səfərində hamımızı kövrəldən bir məqam da var idi. Azərbaycan Prezidenti Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün Şuşada güllələnmiş və riyakar niyyətlərlə doğma yerlərindən qoparılıb aparılmış büstlərini təxminən 30 il ayrılıqdan sonra yenidən öz məkanlarına qovuşdurdu. Güllələnmiş büstlərin illərlə davam edən fəryadı sevinc pıçıltıları ilə əvəz olundu. O şəxsiyyətlərimizin illərlə Şuşanın üzərində dolaşan nigaran ruhu dincliyinə qovuşdu. Bir qərinə davam edən ermənilərin namərdliyi onları öz vətənlərindən ayıra bilmədi.

 

Bu büstlərin tarixdə həmişə ibrətlə xatırlanacaq kədərli, amma sonu sevinclə bitən maraqlı bir hekayəti var. Ermənilər bu dahi şəxsiyyətlərimizin büstlərini güllələyib təhqir edəndən sonra onları metal kimi əridib satmaq, pul qazanmaq üçün Ermənistana aparmışdılar. Bu, insanlıq adına iyrənc bir əməldir, bu, erməni vandalizminin təbii halıdır.

 

Dahi şəxsiyyətlər təkcə bir xalqa yox, ümumiyyətlə, bütün bəşəriyyətə məxsusdurlar. Xurşidbanu Natəvanın əsərləri, Üzeyir bəy Hacıbəylinin bəstələri, Bülbülün ifaları Azərbaycan qədər dünyanın müxtəlif məkanlarında da sevilir, yüksək qiymətləndirilir. Onlar yalnız Azərbaycan xalqının deyil, dünyanın sərvətidir. Bu şəxsiyyətlərin abidələrinin erməni barbarlığına məruz qalması onların mənəviyyatdan məhrum xarakterlərinin güzgüsüdür.

 

Sən demə, bu büstlərin xilası sadəcə təsadüf nəticəsində mümkün olubmuş. Şuşaya səfəri zamanı yenidən əvvəlki yerlərinə qoyulmuş büstləri ziyarət edərkən cənab İlham Əliyev həmin o tarixi xatırlatdı. Məlum oldu ki, Azərbaycanın ovaxtkı mədəniyyət naziri Polad Bülbüloğlu büstlərin Ermənistana aparıldığını və ermənilərin bu incəsənət nümunələrini əridərək satmaq niyyətləri barədə xəbər tutub. Bununla bağlı Ulu Öndər Heydər Əliyevə müraciət edib. Görülmüş tədbirlər nəticəsində bu büstlər ermənilərdən pulla alınıb. Nə qədər böyük rəzalət!.. Hər şeyi, bütün ali dəyərləri - əxlaqı, mənəviyyatı, insanlığı da satmağa hazır olan bədnam qonşularımızın bu əməli də onlara xas olan adi simasızlıqlarıdır.

 

Həmin büstlər 30 ilə yaxın idi ki, Bakıda İncəsənət Muzeyinin həyətində saxlanırdı. Dövlət rəhbərimiz Şuşada xatırlatdı ki, bir neçə dəfə müxtəlif şəxslər ona bu abidələrin Bakının hansısa görkəmli yerində qoyulmasını təklif ediblər. “Müxtəlif vaxtlarda bəzi insanlar mənə müraciət etmişdilər ki, bəlkə bu büstləri Bakının hər hansı bir yerində qoyaq, orada olsun. Dedim ki, yox. Onları biz ancaq Şuşanı düşməndən azad edəndən sonra gətirib öz yerlərində qoyacağıq və öz yerlərində də qoyduq”.

 

Şuşanın bir gün düşməndən azad ediləcəyinin çoxumuza xəyal kimi göründüyü ən ümidsiz vaxtlarda da cənab Prezidentin bu arzuya, qarşıya qoyduğu hədəfə çatmaq əzminə, səbrinə, gələcəyə inamına heyrətlənməyə bilmirsən. Lideri də, onun sabaha doğru öz ardınca apardığı xalqını da tarixdə böyük edən, nüfuzlu edən məhz bu əzmkarlıqdır. İnam və ümiddir. Hədəfə doğru səbrli, təmkinli, amma həm də dönməz, qətiyyətli addımlardır.

 

Bir atalar məsəlində deyildiyi kimi, “Hər səbrin sonunda bir vüsal varmış”.

 

Bu gün Şuşada öz yerlərini tutan o büstlər dahi şəxsiyyətlərimizlə birgə həm də Azərbaycanın şanlı qələbəsinin şərəfinə ucalır. O büstlər dövlət rəhbərimizin də qeyd etdiyi kimi, qələbəmizin rəmzidir: “Onların ruhu şaddır. Onlar doğma Vətənə qayıdıblar. Biz qaytarmışıq onları, düşməni qova-qova, düşməni məhv edərək, torpaqlarımızdan rədd edərək, Şuşanı geri alaraq, azad edərək qaytarmışıq. Burada duracaq, Şuşaya gələn hər bir insan yaxından görəcək erməni vəhşiliyini”.

 

Yaxşı deyilib ki, “haqq nazilər, üzülməz”. Daha musiqimizin sultanı Bülbülün hər gecəsi qüssə, fəlakət olmayacaq. Şeirimizin banusu zaru-Natəvan qalmayacaq, Üzeyir bəyin doğma torpağı zalımlar yuvasına çevrilməyəcək...

 

“Əziz Şuşa, biz səni dirçəldəcəyik!”

 

Azərbaycan Prezidenti ailə üzvləri ilə birgə Şuşada Natəvan bulağı, Bülbülün ev-muzeyi ilə tanış oldu, Vaqifin dağıdılmış məqbərəsinə baş çəkdi, Yuxarı Gövhər ağa, Saatlı məscidlərini ziyarət etdi, Qazançı kilsəsi ilə tanış oldu. Erməni vandalizminin qurbanına çevrilmiş Şuşa Realnı Məktəbinin dağıdılmış binasına getdi.

 

Bu məktəbin milli təhsil tariximizdə özünəməxsus yeri var. XIX əsrin 30-cu illərində Azərbaycanda yaradılmış ilk “Realnı məktəb”dir. Burada Əbdürrəhim bəy Haqverdiyev, Yusif Vəzir Çəmənzəminli və neçə-neçə şəxsiyyətlərimiz yetişib. Tezliklə bu məktəb yenidən bərpa olunacaq. Öz qapılarını oxumaq, dünyaya fayda vermək həvəsi, amalı ilə yaşayan gül balalarımızın üzünə açacaq. Şuşa bu şəhərdəki məktəblərdən gələn elm-təhsil ənənələrinin və qədim dini abidələrin ruhumuza ötürdüyü irfan işığı ilə yenidən möhtəşəm bir mədəniyyət mərkəzi kimi bütün dünyanı özünə cəlb edəcək.

 

Tarixi abidələrimizin qənimi ermənilər təkcə Şuşada 67 məscidi dağıdıb yararsız hala salıblar. Bu, ermənilərdə bir xəstəlik halına gəlmiş islamafobiyanın daha bir təzahürüdür. Azərbaycanın başqa işğal olunmuş ərazilərindəki dini ziyarətgahlarımızı dağıtmaqla, məscidlərimizdə donuz saxlamaqla öz xislətlərini nümayiş etdirən ermənilər işğal dövründə dünyanı aldatmaq üçün Yuxarı Gövhər ağa məscidində guya təmir işləri aparıblar. Amma bu təmirdən çox təhrifdir. Azərbaycanın milli mənəvi dəyərlərinin Şuşadakı izlərini silməyə, itirməyə, saxtalaşdırmağa uğursuz bir cəhddir. Əfsuslar olsun ki, bu vandalizm əməllərində ermənilərə özlərini islami dəyərlərin qoruyucularından sayan bəzi ölkələr də dəstək veriblər. Necə deyərlər, şeytanın mətbəxinə odun daşıyıblar. Əsl islamın deyil, islami dəyərlərə qənim kəsilənlərin tərəfində durublar, onların düşmən əməllərinə əl çalıblar. Dini inancımızın ən ali dəyərlərindən olan haqqı, ədaləti, düzgünlüyü ayaqlayıblar.

 

Tarixdə bütün əməllərin sahibləri öz izlərini qoyub gedirlər. Yuxarı Gövhər ağa məscidini ziyarət edərkən ölkə rəhbərimizin, onun ömür-gün yoldaşı xanım Mehriban Əliyevanın, qızları Leyla xanımın milli-mənəvi dəyərlərimizə nə qədər ürəkdən bağlandıqlarını onların hər bir hərəkətində, üzlərindəki dərin ehtiram ifadələrində hər kəs aydın gördü.

 

Mehriban xanımın hörmətlə, riqqətlə öpüb gözünün üstünə qoyduğu Qurani-Kərimi Prezidentimiz də eyni dərin hörmətlə alıb öpdü və gözünün üstünə qoydu. Bu yüksək milli mənəviyyat, milli və bəşəri dəyərlərə ali münasibət bütün yaradılmışlar üçün ən böyük örnək, əsl nümunədir. Bəşəri olduğu qədər milli olmaq insanın böyük yaradana inamı, ehtiramı, səcdəsi, ləyaqətidir. Əcdadına hörmət, Tanrısına ibadətdir. Qürur duyuruq ki, bu ali dəyərləri öz varlığında qoruyub saxlayan rəhbərimiz və ölkəmizin Birinci vitse-prezidenti bəşəri dəyərlərə ehtiram bəsləyən və öz xalqının milli-mental xüsusiyyətlərini, adət-ənənələrini dərindən bilən, onlara hamilik edən və öz varlıqlarında hörmətlə yaşadan bu torpağın, bu Vətənin nəcib, alicənab övladlarıdır.

 

Azərbaycan Prezidenti yaxın günlərdə Şuşada bütün tarixi binaların bərpa edilməsi prosesinə başlanması barədə tapşırıqlarını verdi. Bakıdakı İçərişəhərdən tutmuş Azərbaycanın ən ucqar regionlarına qədər bütün bölgələrdə tarixi abidələrimizə yeni bir həyat verən, sevgisi, qayğısı, diqqəti ilə yeni bir ömür bağışlayan Mehriban xanım Əliyeva Şuşanın da tarixi abidələrini layiq olduğu simasına qaytaracaq. Düşməndən azad edilmiş bütün başqa şəhər, kənd və qəsəbələrimiz kimi, Şuşadakı tarixi abidələrimiz də qısa zamanda istədiyimiz qədər, arzu etdiyimiz şəkildə, illərlə xəyallarımızda canlandırdığımız görkəmdə bərpa olunacaq.

 

İllərlə şəhərin erməniləşdirilməsinə edilən cəhdlərə baxmayaraq, təbii gözəlliyini, məğrur duruşunu, vüqarlı görkəmini hətta xarabazarlıqlar içində olsa belə dəyişməyən Azərbaycanın sehirli güşəsi Şuşa yenidən dünyanın cənnət şəhərlərindən birinə çevriləcək.

 

Noyabrın 8-də Şəhidlər xiyabanında Azərbaycan xalqına Şuşanın azad edilməsi müjdəsini verərkən Ali Baş Komandan cənab İlham Əliyev demişdi: “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!” Sadə, lakin hər bir insanın damarlarından axan qanı coşduran bu ifadələr illərlə Vətən intizarı yaşayan, nəhayət ki, ürəyindən zəhərli tikanları çıxardan, ülvi arzularına qovuşan, sevincindən riqqətə gələn şəxsiyyətin, vətənpərvər dövlət rəhbərinin, uzun illərdən sonra məqsədinə çatmış Böyük İnsanın səmimiyyətlə, əminliklə söylədiyi ürək sözləridir. Bu kəlmələrin həqiqəti hələ neçə-neçə nəsillərin ruhunu oyadacaq, duyğulara qol-qanad verəcək vətənpərvər nəsillər yetişdirəcəkdir.

 

Şuşanın küçələrindən keçərkən ermənilərin 30 ilə yaxın bir dövr ərzində bu tarixi şəhərdə törətdikləri dağıntılar, xarabalıqlar və bunlardan doğan dərin təəssüf hissi dövlət rəhbərimizin gözlərində Vətənə sevgi dolu baxışlarında əks olunmuşdu.

 

İnsan özününkü bildiyini dağıtmaz, söküb satmaz, ona vəhşi münasibət bəsləməz. Əksinə, bacardığı qədər qurub-yaradar, onu daha abad etmək, gözəlləşdirmək haqqında düşünər. Ermənilərin Şuşada və illərlə işğal altında saxladıqları başqa yaşayış məntəqələrində də yaratdıqları xarabazarlıqlar göstərir ki, onlar öz hakimiyyət rəhbərlərinin verdikləri mənasız bəyanatlara, xəstə düşüncələrə rəğmən heç zaman bu torpaqları özlərininki hesab etməyiblər. Bu torpaqlara sahib ola biləcəklərinə heç vaxt inanmayıblar. Yoxsa əllərinə keçən, gözlərinə görünən hər şeyi yerlə-yeksan edib satıb sovmazdılar, abad məkanları xarabalıqlara çevirməzdilər.

 

Bu əməlləri törədənlər Ermənistan cəmiyyətinin özünə də faciə və fəlakət gətirənlərdir. Bu dağıntıların çoxunu Koçaryan, Sarkisyan kimi cəlladlara sığınan yüksək rütbəli hərbçilər törədib. Sökülüb satılanların qazancı yəqin ki, məhdud bir dairədəki şəxslər arasında bölünüb. Amma bunun hesabı mütləq Ermənistan dövlətindən, Ermənistan cəmiyyətindən soruşulacaq. İşğalçı ölkə bir vaxtlar ona rəhbərlik edənlərin torpaqlarımızda törətdiyi hər dağıntı əməlinə görə beynəlxalq hüquq normaları çərçivəsində cavab verməli, təzminat ödəməli olacaq. O zaman anlayacaqlar ki, vaxtında ayağa qalxıb işğalçıları durdurmaq, mənfur siyasətin qurbanına çevrilməmək, erməni millətçiliyi xəstəliyindən “müalicə olunmaq” lazım idi.

 

Biz qayıtmışıq

 

Artıq illərlə düşmən tapdağında inləyən bu torpaqların əsl sahibi öz yerlərinə qayıdıb. Özü ilə azad torpaqların dirçəliş planlarını, abadlıq niyyətlərini, inkişaf hazırlıqlarını, qısa müddətdən sonra bu yerləri dünyanın cənnətinə çevirmək hədəflərini də gətirib. Azadlıqdan sonra dirçəlişə yol alıb.

 

Prezident İlham Əliyev Şuşaya səfəri zamanı Füzuli Beynəlxalq Hava Limanının təməlini qoydu. Təkcə hava limanının deyil, həm də Qarabağın səadətinin, xoş günlərinin, bu əsrarəngiz təbiəti bütün dünyanın zövqlər alacağı bir cənnətə çevrilməsinin təməlini qoydu. Hava limanının bu il istifadəyə verilməsi planlaşdırılır. Bu hava limanı bölgənin inkişafında müstəsna rol oynayacaq. Turizm infrastrukturunun yaradılmasına, həyata keçirilən bərpa və yenidənqurma işlərinə böyük təməl olacaqdır. Azad edilmiş torpaqlarımızda ikinci beynəlxalq hava limanının Kəlbəcər və ya Laçında inşası nəzərdə tutulur.Tezliklə Qarabağ torpaqlarına dünyanın dörd bir yanından sərnişin dolu təyyarələr enəcək. Bu bölgələr təbii gözəllikləri ilə turistlərə öz qollarını açacaq. Yer üzünün turizm məkanlarından biri kimi tanınacaq.

 

Artıq Füzuli-Şuşa ərazilərində dördzolaqlı, bəzi yerlərdə isə altızolaqlı yeni avtomobil yolunun da təməli qoyulub. İşğaldan azad edilmiş ərazilərdə beynəlxalq hava limanları da daxil olmaqla, nəqliyyat-kommunikasiya infrastrukturunun formalaşdırılması Azərbaycanın öz milli hədəflərinə çatması baxımından strateji önəm daşıyır. Çünki Ordunun ardınca məhz iqtisadiyyat öz sözünü deməyə başlamalıdır. Tarixdə çox şeyləri iqtisadi inkişaf prosesləri yerbəyer edir. İqtisadi inkişaf proseslərini sürətləndirən də yoldur, infrastrukturdur, yaradılan şəraitdir.

 

Azərbaycan bu sahədə də aydın hədəflərə qısa zamanda çatmaq əzmkarlığına malikdir. Dövlət rəhbərimiz Sərkərdə kimi ordu quruculuğu sahəsində, hərb meydanında, diplomat kimi beynəlxalq siyasi münasibətlərdə ən yüksək bacarıqlara malik olduğu qədər müasir iqtisadiyyatın da bilicilərindəndir. İllər göstərir ki, iqtisadi inkişaf proseslərinin bütün dünyada ən yaxşı idarəedicilərindəndir.

 

Qəhrəman əsgər və zabitlərimizin qələbəyə doğru sürətlə, mətinliklə keçdikləri yollarda bu gün mühəndislərimiz, yol, enerji, su, rabitə xidməti işçilərimiz eyni sürətlə, eyni əzmkarlıqla iş aparırlar. Dövlət rəhbərimizin qarşıya qoyduğu vəzifələri vaxtında və keyfiyyətlə yerinə yetirməyə çalışırlar. Biznes qurumlarımız, banklarımız, iş adamlarımız regionun dirçəlişində iştirak etmək, o cümlədən yaranmış yeni imkanları ölkəmiz üçün dəyərə çevirmək məqsədilə müasir, modern planlar hazırlayırlar. Ən yeni layihələr üzərində düşünürlər. Bu, sabahımızın səadətindən soraq verən tərəqqi yoludur.

 

Bu inkişaf yolunun başlanğıcında Vətənə peşəkar mütəxəssislər, yetkin vətəndaşlar, milli-mənəvi dəyərlərimizi yaşadan ləyaqətli övladlar yetişdirəcək Azərbaycan təhsili durur. Bu yol səadət, xoşbəxtlik, ürfan yoludur...Bu yol azadlıqdan dirçəlişə qədər uzun, əziyyətli, lakin sonu səadətlə, şadlıqla bitən müqəddəs yoldur...

 

Bu yaz bir başqa yazdır...!

 

Tezliklə bahar gələcək. Cıdır düzü al-əlvan rəngə boyanacaq. İllərdən sonra “Vaqif poeziya günləri”, “Xarı bülbül” festivalı, toyu, büsatı, bayram ovqatı ilə Şuşa yenidən öz cəlalına qayıdacaq. Azərbaycanın qız-gəlinləri yenə də gəlin qayasında oturub öz sevgililərini gözləyəcəklər. İsa bulağı öz sərin sularını illərin həsrətini yaşamış insanların ürəyinə səpib onlara həyat eşqi verəcək. Bülbülün, Xanın nəğmələri ruhları dirçəldəcək. Bütün dünyanın mütərəqqi insanları sevincimizə şərik olacaq.

 

“Qarabağ bülbülləri”nin, tarın-kamanın, muğamın sədası aləmə yayılacaq. Şəhərin üzərindəki duman dağılacaq və Cıdır düzündən gələcəyə doğru göz işlədikcə uzanan gözəlliklər Azərbaycanın şərəfli qələbəsindən sonra dirçəlişinə doğru yol almış Vətənin xoşbəxt gələcəyindən xəbər verəcək.

 

Bu gələcəyi yaradan bizik!

Azadlığın mübarək, Şuşa!

Bütövlüyün mübarək, Vətən!

 

Nurlana ƏLİYEVA,

BSU-nun rektoru, professor, YAP Qadınlar Şurasının sədri

 



05.02.2021 | 15:00