“İcbari tibbi sığorta sisteminin tətbiqi” mövzusunda maarifləndirmə

Gəncə Dövlət Universitetində “İcbari tibbi sığorta sisteminin tətbiqi” mövzusunda  maarifləndirici tədbir keçirilib.

 

Tədbirin keçirilməsində məqsəd universitetin professor-müəllim heyətini, əməkdaşlarını icbari tibbi sığorta sistemi, sistemin üstünlükləri, ölkə üzrə icbari tibbi sığortanın tətbiqinə hazırlıq barədə məlumatlandırmaq olub.

 

İcbari Tibbi Sığorta Agentliyinin Gəncə filialının rəhbəri Azər Dəmirov səhiyyə sistemində son illər aparılan uğurlu islahatların davamı kimi icbari tibbi sığortanın tətbiqinin səhiyyənin inkişafına töhfə verəcəyini vurğulayıb.

 

A.Dəmirov bir sıra tibb müəssisələrinin inşa və əsaslı təmir olunması, maddi-texniki bazasının gücləndirilməsi, mövcud avadanlıqların bərpası və yenilərinin alınması barədə iştirakçılara məlumat verib. Bildirib ki, icbari tibbi sığortanın tətbiqi ilkin səhiyyə xidmətinin, təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin təkmilləşməsinə səbəb olacaq.

 

Qonaq pilot layihə olaraq üç regionda tətbiq edilən icbari tibbi sığorta sisteminin müsbət nəticələri və sistemin əhəmiyyəti, mahiyyəti, xidmətlər zərfi çərçivəsində təminata alınan tibbi xidmətlər, əhali qrupları üzrə sığortahaqları, sığortaolunanların, eləcə də sığortalıların hüquq və vəzifələri barədə çıxış edib.

 

Sonda universitet heyətini maraqlandıran suallar Agentliyin Gəncə filialının rəhbəri tərəfindən cavablandırılıb.



08.02.2021 | 10:15