“Qurtuluşun zəfər günü”

Naxçıvan Dövlət Universiteti incəsənət fakültəsində 15 iyun Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluşun zəfər günü” adlı tədbir keçirilib. Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsindən sonra tədbiri  açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov  dahi rəhbər Heydər Əliyevin xilaskarlıq missiyasından danışıb. Rektor Milli Qurtuluş Gününü Azərbaycanın müstəqillik tarixinin ən şərəfli səhifələrindən biri kimi dəyərləndirərək qeyd edib ki, bu günün mənası təkcə ölkənin xaos və anarxiyadan xilas olunması, xarici və daxili düşmənlərin Azərbaycanı parçalamaq, müstəqil dövlətimizi məhv etmək planlarının məhv olması ilə məhdudlaşmır. Bu tarixi gün, eyni zamanda, Azərbaycanın dünya birliyinə qovuşması, dünya dövlətləri tərəfindən tanınması, beynəlxalq aləmdə layiqli yerini tutması ilə səciyyələnir. Prezident İlham Əliyevin ümummilli liderin siyasi xəttini layiqincə davam etdirdiyi diqqətə çatdırılıb. 

 

“Heydər Əliyevin Azərbaycanın milli dövlətçiliyində rolu və yeri” adlı çıxışında Azərbaycan tarixi kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Nadir Hüseynbəyli qeyd edib ki, hər bir xalqın tarixində onun müstəqillik, milli azadlıq uğrunda apardığı mübarizənin böyük rolu vardır. Bu müstəqillik və azadlıq heç də asan qazanılmır, bütün xalqlara və millətlərə qismət olmur, çünki müstəqilliyi qazanmaqla yanaşı, onu həm də qoruyub saxlamaq vacib şərtdir. Vurğulanıb ki, ölkədə sabitliyə məhz 1993-cü ildə xalqın tələbi ilə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra nail olunub. Məhz ulu öndərin bu müdrik addımı nəticəsində Azərbaycan dövlətçiliyinə yönəlmiş qəsdlərdən uğurla çıxıb.

 

Tədbir incəsənət fakültəsi tələbələrinin ifasında konsert proqramı ilə davam edib.

 



11.06.2018 | 18:53