Şəhid məzunların ailələri ziyarət edilib

Mingəçevir Dövlət Universitetinin (MDU) bir qrup əməkdaşı Vətən Müharibəsində şəhid olan universitetin mingəçevirli şəhid məzunları Əzəmi Hüseynov və Kənan Abdullayevin ailələrini ziyarət edib.

 

Humanitar fənlər kafedrasının müdiri Esmira Cəfərova şəhid məzunların Vətən Müharibəsi zamanı göstərdikləri şücaətlər, onların şərəfli həyat yolu və MDU-da keçirdikləri tələbəlik illəri barədə danışıb. Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan tarixinə qızıl hərflərlə həkk olunacaq şanlı zəfərin qazanılmasında və tarixi ədalətin təmin edilməsində şəhidlərin mühüm pay sahibi olduğunu vurğulayıb.

 

Rektorun müşaviri Ramin Məmmədov, Həmkarlar Təşkilatının sədri Ariz Abbasov və dekan müavini Nazim Niftəliyev MDU-nun şəhid olmuş qəhrəman məzunları ilə qürur duyduqlarını, layiqli və vətənpərvər oğullar böyüdən valideynlərə dərin ehtiramlarını ifadə ediblər.

 

Görüşdə bildirilib ki, dövlətimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsi xalqımız tərəfindən daim əziz tutulur, müharibə veteranları, əlillər və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi daim dövlətin yüksək diqqət və qayğısı ilə əhatə olunur.

 

Şəhid məzunların ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.



16.02.2021 | 17:45