204 tələbə pedaqoji təcrübəyə başlayır

Naxçıvan Müəllimlər İnstitutunda tədris planına uyğun olaraq Riyaziyyat və informatika müəllimliyi, İbtidai sinif müəllimliyi və Məktəbəqədər təlim və tərbiyə ixtisaslarının sonuncu kurs tələbələrinin pedaqoji təcrübəsinin başlanğıc konfransı keçirilib.

        

Konfransda institutun professor-müəllim heyəti, Naxçıvan Təhsil Nazirliyinin əməkdaşları, ümumtəhsil məktəblərinin direktorları və pedaqoji təcrübəyə başlayacaq tələbələr iştirak ediblər.

        

İnstitutun rektoru Azad Novruzov bildirib ki, İbtidai sinif müəllimliyi, Məktəbəqədər təlim və tərbiyə ixtisaslarında təhsil alan tələbələr IV tədris ilinin VIII semestrində, Riyaziyyat və informatika müəllimliyi ixtisasında təhsil alan tələbələr V tədris ilinin X semestrində 14 həftəlik pedaqoji təcrübə keçəcəklər. Bu ixtisaslar üzrə 204 tələbə Naxçıvan şəhər məktəbləri və məktəbəqədər təhsil müəssisələrində olacaq.

 

Rektor vurğulayıb ki, tələbələrin müəllimlik fəaliyyətinə hazırlanmasında pedaqoji təcrübə mühüm əhəmiyyət kəsb edir. Onlarda ixtisaslar üzrə qazanılan nəzəri bilikləri tətbiq etmək bacarığının və müəllimə xas keyfiyyətlərin formalaşması pedaqoji təcrübə vasitəsilə həyata keçirilir. Bu prosesdə tələbələr gələcək peşə fəaliyyətləri üçün zəruri olan bacarıq və vərdişlər əldə edir. Pedaqoji təcrübənin nəticəsi bir sıra amillərlə yanaşı, ilk növbədə, bu prosesin necə təşkil olunmasından, maraqlı tərəflərin və tələbələrin məsuliyyətindən asılıdır.

    

Naxçıvanın təhsil naziri Rəhman Məmmədov müəllim kadrlarının hazırlanması üçün muxtar respublikada görülən işlərdən danışıb. Vurğulanıb ki, təhsilin bütün sahələri dövlət qayğısı ilə əhatə olunub, müasir tələblərə cavab verən təhsil infra­strukturunun yaradılması istiqamətində mühüm tədbirlər həyata keçirilib, yeni təlim üsulunun-STEAM təlim metodunun tətbiqi üçün kabinələr yaradılıb, lazımi avadanlıqlarla təchiz olunub. Təhsilə hərtərəfli dövlət qayğısı bununla yekunlaşmayıb, muxtar respublikada pedaqoji kadrların təkmilləşməsi istiqamətində atılan addımlar, keçirilən təlim və təcrübələr bu sahədə əhəmiyyətli uğurların qazanılmasına şərait yaradıb.

 

Təhsil naziri qeyd edib ki, pedaqoji təcrübə tələbələrin həyatında mühüm və məsuliyyətli mərhələ, müəllimliyə doğru atdıqları vacib addımdır:”Pedaqoji təcrübə tələbə-gənclərin müəllim kimi formalaşmasında əhəmiyyətli rol oynayır. Təhsil prosesinin səmərəliliyi pedaqoji kadrların elmi səviyyəsindən, pedaqoji ustalığından, pedaqoji etikaya bələdliyindən, ən əsası isə pedaqoji sahədə  qazandığı  praktik hazırlığından asılıdır. Bu isə ali təhsil müəssisələrində müasir pedaqoji kadrların hazırlanması prosesində pedaqoji təcrübənin nə dərəcədə əhəmiyyətli olmasını aşkara çıxarır”.

 

Sonda Naxçıvan Təhsil Nazirliyinin ali təhsil ocağına hədiyyə etdiyi dərslik və metodik vəsaitlər təqdim olunub,  pedaqoji təcrübəyə həsr edilən sərgiyə baxış keçirilib.

 



17.02.2021 | 12:39