BDU-nun Milli Azərbaycan Ədəbiyyatı Muzeyi ilə birgə Nizami mövzusunda ilk tədbiri

Bakı Dövlət Universitetində (BDU) 2021-ci ilin “Nizami Gəncəvi ili” elan edilməsi ilə əlaqədar olaraq ilk onlayn tədbir keçirilib.

 

Tədbirdə şərqşünaslıq fakültəsinin rəhbərliyi, professor-müəllim heyəti, tələbə və magistrantlar, BDU-nun rektoru Elçin Babayev, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov iştirak edib.

 

Tədbirin moderatoru İran filologiyası kafedrasının müdiri, professor Mehdi Kazımov Nizami Gəncəvi yaradıcılığından, onun dünya və Şərq ədəbiyyatının bədii fikir salnaməsində əhəmiyyətli rolundan söz açaraq dahi şairin əsərlərinin hər zaman dünya şərqşünaslıq elminin diqqət mərkəzində olduğunu qeyd edib.

 

Akademik Rafael Hüseynov “Nizami Gəncəvinin ötürücülük və qovuşduruculuq missiyası” mövzusunda məruzə edərək dahi şairin yaradıcılığının fəlsəfi fikir tarixindəki rolundan bəhs edib. Nizami irsinin, sadəcə ədəbiyyat deyil, musiqi, memarlıq, ictimai-siyasi düşüncənin inkişafına təkan verdiyini diqqətə çatdırıb. Akademik Nizaminin kamil insan, ədalətli hökmdar modeli haqqında fikirlərinin onun “Xəmsə”sində əsas xətti təşkil etdiyini söyləyib.

 

R.Hüseynov, həmçinin BDU-da Nizami irsi ilə bağlı müxtəlif elm sahələri üzrə məqalələr toplusunun nəşr edilməsinin, şərqşünaslıq fakültəsində kalliqrafiya sənətinin tədrisinin böyük əhəmiyyət kəsb etdiyini də vurğulayıb.

 

Universitetin rektoru Elçin Babayev BDU-da “Nizami Gəncəvi ili” çərçivəsində həyata keçiriləcək tədbirlər planı haqqında məlumat verib. Bu məqsədlə xüsusi komissiyanın yaradıldığını, silsilə elmi konfransların, simpoziumların, elmi seminarların keçiriləcəyini, dahi şairin zəngin söz xəzinəsinə həsr olunmuş sərgilərinin təşkilini, eyni zamanda Rafael Hüseynovun ideyasını dəstəkləyərək BDU-da nizamişünaslığa aid toplunun nəfis şəkildə çap olunacağını qeyd edib.

 

Rektor Milli Azərbaycan Ədəbiyyatı Muzeyi ilə BDU arasında əməkdaşlıq çərçivəsində davamlı mühazirə və qiraətlərin təşkilini dahi şairin ədəbi irsinin öyrənilməsi baxımından əhəmiyyətli olacağını bildirib, universitet tələbələrinin Nizami irsinin geniş tədqiq olunduğu ölkələrin elm və təhsil  müəssisələrində təcrübə keçmələrindən, kadr hazırlığı istiqamətində görüləcək işlərdən də bəhs edib.



25.02.2021 | 12:30