Pakistan İslam Respublikasının Azərbaycandakı səfiri ATU-da olub

Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəyli Pakistan İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bilal Hayeni qəbul edib.

 

Görüşdə Azərbaycan və Pakistan arasında müxtəlif sahələrdə uzun illərə dayanan əməkdaşlıq münasibətlərinin tibb sahəsi üzrə də sürətli inkişafından söz açılıb və bu əməkdaşlığın genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

 

Rektor son illər ATU-nun beynəlxalq əlaqələrinin genişləndiyini bildirərək, əməkdaşlıq qurulan ali məktəblərin sayının artdığını da xatırladıb: “Hazırda dünyanın 30-a yaxın ölkəsindən olan 85-ə yaxın ali təhsil və elmi-tədqiqat qurumları ilə əməkdaşlığımız mövcuddur. ATU əcnəbi tələbə sayına görə ölkənin lider universitetidir. Belə ki, burada 37 ölkədən 2526 xarici vətəndaş təhsil alır. Ali məktəbimizdə Pakistandan da 24 tələbə var”.

 

G.Gəraybəyli Pakistandan olan tələbə sayının artırılması, gələcəyin həkimlərinin mübadiləsinin təşkil olunması, birgə elmi araşdırmaların aparılması üçün səyləri gücləndirməyin vacibliyini bildirib.

 

Pakistanın ölkəmizdəki səfiri Bilal Haye Dağlıq Qarabağ məsələsində təmsil etdiyi ölkənin həmişə Azərbaycanın haqlı və ədalətli mövqeyini dəstəklədiyini söyləyib. Həmçinin Azərbaycan Tibb Universiteti ilə Pakistanın ali məktəbləri arasında əməkdaşlıq əlaqələrinin qurulması və gücləndirilməsi, qarşılıqlı layihələrin icrası ilə bağlı atıla biləcək addımlardan danışıb.

 

Görüşün sonunda rektor səfirə ATU-nun 90 illik yubiley medalını təqdim edib.



25.02.2021 | 13:35