“Xocalı faciəsi xalqımızın qan yaddaşıdır”

Lənkəran Dövlət Universitetində (LDU) Xocalı faciəsinin 29-cu ildönümünə həsr olunan onlayn konfrans keçirilib.

 

LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov Xocalı soyqırımının  təkcə xalqımıza yox, bütün bəşəriyyətə qarşı törədilən ən qəddar cinayətlər siyahısında yer aldığını bildirib. 44 gün davam edən və Azərbaycan xalqının qələbəsi ilə bitən Vətən Müharibəsini Xocalı faciəsinə xalqımızın layiqli cavabı, qisası kimi dəyərləndirən N. İbrahimov qanlı soyqırıma ilk dəfə hüquqi qiymətin Ümummilli lider Heydər Əliyev tərəfindən verildiyini deyib:”Məhz  Ümummilli liderin səyi nəticəsində  faciə lokal məkandan çıxaraq beynəlxalq səviyyədə tanınmağa başlandı. Xocalı soyqırımı ilə bağlı dünya ictimaiyyəti yetərincə məlumat əldə etdi, xaricdə yaşayan soydaşlarımız bu işə cəlb olundu. Nəticədə isə erməni təcavüzü, onun işğalçılıq siyasəti, Azərbaycan xalqına qarşı törətdiyi vəhşilik, bir sözlə, dünyaya naməlum qalan çox həqiqətlərin üstünə işıq salındı”.

 

Tarix-coğrafiya və incəsənət  fakültəsinin dekanı, dosent Kamal Mahmudov, Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri, dosent Zaur Məmmədov məruzələrində Xocalı faciəsi baş verən dövrdə Azərbaycanda və dünyada yaşanan hadisələr, faciəni doğuran səbəblər, onun ağrılı  nəticələri  barədə məlumat veriblər.  

 

Qeyd edilib ki,  Xocalı soyqırımı zamanı 613 nəfər ödürülüb, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olub, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirib. Faciə baş verən gecə 1275 dinc sakin girov götürülüb ki, onlardan 150 nəfərinin taleyi indiyə kimi də məlum deyil.

 

Məruzəçilər bildirib ki, 2008-ci ildən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Azərbaycan daxil olduğu İslam Konfransı Təşkilatı (İKT) ilə birlikdə “Xocalıya ədalət” kampaniyasını uğurla həyata keçirir. Xocalı faciəsi hər il dünyanın 80-dən artıq ölkəsində geniş şəkildə anılır və ictimaiyyətə çatdırılır.

 

İnformasiya-kommunikasiya və Kitabxana Mərkəzinin direktoru, baş müəllim Ənvər Şahqubadbəyli  LDU-da Xocalı soyqırımına həsr olunmuş silsilə tədbirlər barədə məlumat verib. Bildirib ki, qanlı faciənin 29-cu ildönümü ilə əlaqədar olaraq universitetdə virtual  kitab, foto sərgi və rəsm  müsabiqəsi  keçirilib. Rəsm müsabiqəsinə tələbələrin faciənin dəhşətlərini əks etdirən 40-dan artıq rəngkarlıq işi daxil olub. Onların içərisində  8 iş fərqləndirilib və 1-3-cü yerlərə layiq görülüb.

 

Konfrans Xocalı faciəsinin dəhşətlərini əks etdirən videoçarxın nümayişi ilə başa  çatıb.



25.02.2021 | 14:29