AzTU-nun 9 məzunu beynəlxalq təcrübə proqramını uğurla keçib

Azərbaycan Texniki Universitetinin (AzTU) nümayəndə heyəti "Azərişıq" ASC-nin təşkil etdiyi beynəlxalq təcrübə proqramı çərçivəsində qurumun əməkdaşları ilə görüşüb.

 

Görüşdə "Azərişıq" ASC-nin  Tədris Mərkəzinin direktoru Araz Məmmədzadə bildirib ki, 2019-2020-ci illərdə keçirilən beynəlxalq təcrübə proqramında müsahibəni uğurla keçən 28 nəfərdən 9-u AzTU məzunudur və onlar hazırda müəssisədə işlərini uğurla davam etdirirlər.

 

AzTU-nun Elektrotexnika kafedrasının müdiri Hikmət Əliyev qeyd edib ki,  bacarıqlı və keyfiyyətli kadr potensialı hazırlanması üçün ali məktəblərdə tədris prosesinin təkmilləşdirilməsi, keyfiyyətin yüksəldilməsi və tələbələrin elmi biliklərə daha dərindən yiyələnməsi vacibdir. Bu istiqamətdə sənaye müəssisələri ilə əməkdaşlığı möhkəmləndirmək və təcrübə sahələri, yeni texnologiyalardan istifadə edilməsi kimi məsələləri önə çəkmək mühüm əhəmiyyət daşıyır.

 

“Tələbələrin sənaye müəssisələrində uzunmüddətli təcrübə keçə bilmə imkanlarının təmin edilməsi ən əsas məsələlərdəndir. Bacarıqlı və keyfiyyətli kadrların hazırlanması üçün tələbələr istehsalat təcrübələrində işləməlidir. Bunun üçün də sənaye müəssisələrində istehsalat təcrübəsinin keçirilməsinə şərait yaradılması, həm də müəssisələrdə tələbələrə daha uzunmüddətli təcrübə keçmək imkanının təmin edilməsi çox yaxşı olardı”-deyə kafedra müdiri əlavə edib.

 

Bu barədə AzTU-dan məlumat verilib. 

 

 



25.02.2021 | 17:35