Gənc, vətənpərvər, Vətəni hər şeydən çox sevən nəsil yetişdi

Prezident İlham Əliyevin fevralın 25-də Bakının Ramana qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimindəki çıxışından

 

* Bu gün Bakının Ramana qəsəbəsində şəhid ailələri və müharibə əlilləri üçün yeni yaşayış kompleksi istifadəyə verilir. Bu münasibətlə sizi təbrik edirəm. Burada otuz bina inşa edilibdir. Binaların hamısı müasir səviyyədə, yüksək keyfiyyətlə tikilib, mənzillər də çox genişdir, işıqlıdır. Uşaq bağçası, 1200 şagird yerlik məktəb inşa edilir. Yəni, yaşayış üçün bütün imkanlar var və bu münasibətlə sizi ürəkdən təbrik edirəm. Müharibədən cəmi üç ay yarım keçib, ancaq şəhid ailələri və müharibə əlilləri üçün artıq belə gözəl yaşayış kompleksi, şəhərcik inşa olunub, təqdim edilib.

 

* Müharibə itkisiz olmur. Bizim müharibəmiz azadlıq müharibəsi idi, ədalətli müharibə idi. Ermənistan işğalçılıq müharibəsi aparırdı. Haqq-ədalət bizim tərəfimizdədir. Ona görə bizim hərbçilərimiz şəhidlik zirvəsinə ucalaraq Vətən qarşısında öz vətəndaşlıq borcunu şərəflə yerinə yetirmişlər. Minlərlə hərbçimiz yüksək dövlət orden və medalları ilə təltif edilmişdir. Onların qəhrəmanlığı, şücaəti, fədakarlığı hər bir azərbaycanlı üçün örnək olmalıdır, gənc nəsil üçün örnək olmalıdır və olacaq”.

 

* Eyni zamanda, gənc, vətənpərvər, Vətəni hər şeydən çox sevən nəsil yetişdi. Bax, bu nəsil torpaqlarımızı azad etdi. Şuşada Cıdır düzündə Azərbaycan xalqına müraciət edərkən demişdim ki, mən 2003-cü ildə hakimiyyətə gələndə bu gün 25-30 yaşında olan insanlar uşaq idi. Biz onları vətənpərvərlik ruhunda, dövlətə sədaqət ruhunda yetişdirdik və onlar bizim torpaqlarımızı işğalçılardan azad etdilər. O cümlədən işğal edilmiş torpaqlarda heç vaxt olmayan, amma əslən o torpaqlardan olan gənclər torpaqları uğrunda aslan kimi vuruşurdular.

 

* Şəhidlər bizim qəlbimizdə əbədi yaşayır, yaşayacaq. Allah sizə səbir versin. Siz analar, atalar xalqımız üçün, dövlətimiz üçün gözəl insanlar yetişdirmisiniz. O insanların ömrü uzun olmadı, amma onlar əbədiyyətə qovuşdu və onlar öz adlarını Azərbaycan xalqının şanlı tarixinə əbədi yazdırdı. Mən sizə öz hörmətimi bildirmək istəyirəm. Bildirmək istəyirəm ki, Azərbaycan dövləti və mən Prezident kimi hər zaman sizin yanınızda olacağam.

 



26.02.2021 | 09:37