Şəhər və rayon təhsil müəssisələri Xocalı qurbanlarını yad ediblər

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 95 nömrəli tam orta məktəbin təşəbbüsü ilə Xocalı faciəsinin 29-cu ildönümünə həsr olunmuş onlayn tədbir keçirilib.

 

Tədbir erməni işğalçılarının iki yüz ildən artıq xalqımıza qarşı tətbiq etdikləri deportasiya və soyqırım siyasətinin ən faciəli səhifəsi olan Xocalı hadisələrinə həsr olunub.

 

Onlayn tədbirdə Gəncə Şəhər Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev, Bakı şəhəri Xətai rayonunun İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov, Xocalı Rayon Təhsil Şöbəsinin müdiri Şakir Əliyev, Elm üzrə Prezident mükafatçısı Elnur Həsənov, 95 nömrəli tam orta məktəbin direktoru Elçin Abdullayev, Gəncə şəhəri 17 nömrəli tam orta məktəbin direktoru Nərgiz Həsənova, Xocalı rayon Kosalar kənd tam orta məktəbin direktoru Rafiq Quliyev, BŞTİ-nin nümayəndəsi Reyhan Ağayeva, məktəb direktorları, müəllimlər və şagirdlər iştirak ediblər.

 

Onlayn tədbirdə Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Tədbiri giriş sözü ilə açan 95 nömrəli tam orta məktəbin direktoru Elçin Abdullayev Xocalı hadisələrinin tarixi barədə ətraflı məlumat verib. Bildirib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri SSRİ dövründə Xankəndi (Stepanakert) şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini zəbt edib. Elçin Abdullayev bu faciəni törətməkdən düşmənin əsas məqsədinin Azərbaycan xalqını sarsıtmaq, ərazi bütövlüyü uğrunda mübarizədən çəkindirmək olsa da, tam əksinin olduğunu və bu ağır faciənin xalqımızı daha da gücləndirdiyini, qəhrəman oğul və qızlarımızın müqəddəs Vətəni qorumaq naminə daha da mətinləşdiyini söyləyib. Qeyd edib ki, qəhrəman oğul və qızlarımız 44 günlük Vətən Müharibəsi ilə erməni terrorçularının layiqli cavabını veriblər.

 

Çıxış edənlər 29 il bundan əvvəl erməni terrorçularının Xocalıda törətdikləri vəhşiliklərdən danışıb,  XX əsrin Azərbaycan xalqının həyatına, tarixinə  qəhrəmanlıq salnamələri ilə yanaşı, həmçinin qanlı fəlakət və faciələrlə yazıldığını vurğulayıblar.

 

Tədbirdə Xocalı faciəsində törədilən vəhşilikləri əks etdirən videoçarxlar  nümayiş olunub.

 

Daha sonra şagirdlər Xocalı faciəsinin ağrılarını, düşmənə qarşı nifrət hisslərini vətənpərvərlik ruhunda səsləndirdikləri şeirlərdə, ədəbi-bədii kompozisiyalarda ifadə ediblər.



26.02.2021 | 13:35