Su ehtiyatlarından səmərəli istifadə mövzusunda elmi-praktiki vebinar

Sumqayıt Dövlət Universitetində (SDU) kimya və biologiya fakültəsinin Ekologiya kafedrasının təşkilatçılığı ilə “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi” mövzusunda elmi-praktiki vebinar keçirilib.

 

Vebinarda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su ehtiyatlarının idarə edilməsi şöbəsinin sektor müdiri Faiq Mütəllimov, "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin Su mənbələrinin, emal qurğularının idarə olunması və ekologiya şöbəsinin aparıcı mühəndisi Elnur Nəsirov, Azərbaycan Elmi-Tədqiqat Su Problemləri İnstitutunun direktoru  Elman Qəmbərov, Sumqayıt şəhər Sukanal idarəsinin rəis müavini Xalid Quliyev, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Sumqayıt şəhər 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin sektor müdirləri- Rafiq Şəmiyev, Vüsal İbrahimli, Sumqayıt şəhər 1 nömrəli Usaq-Gənclər İnkişaf Mərkəzinin əməkdaşları, eləcə də SDU-nun kimya və biologiya fakültəsinin professor-müəllim heyəti, magistrant və tələbələri iştirak ediblər.

 

Ekologiya kafedrasının müdiri, dosent Rəhilə Əhmədova ölkədə infrastruktur quruculuğunun əsas sahələrindən olan su təchizatı sferasında mühüm işlərin görüldüyünü diqqətə çatdırıb. Onun sözlərinə görə, bu istiqamətdə dövlətin birbaşa dəstəyi ilə yeni institutların yaradılması və şəbəkə infrastrukturunun genişləndirilməsi üzrə iri layihələr icra edilib. Həyata keçirilən tədbirlər hesabına su təsərrüfatı sisteminin inkişafı sürətlənib, məhdud şirin su ehtiyatlarına malik Azərbaycanda əhalinin fasiləsiz içməli su ilə təminatı və irriqasiya sistemi əhəmiyyətli dərəcədə yaxşılaşıb və müasirləşdirilib.

 

SDU-nun kimya və biologiya fakültəsinin dekanı M. Muradov son illərdə su ehtiyatlarından səmərəli istifadə, əhalinin içməli su ilə təminatı, tullantı və lay sularının idarə olunması, su ehtiyatlarının tullantılardan mühafizəsi istiqamətində görülmüş işlər barədə məlumat verib.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri F.Mütəllimov “Su ehtiyatlarından səmərəli istifadə”, "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin  aparıcı mühəndisi E.Nəsirov “Su ehtiyatlarının idarə olunmasının aktual problemləri”, Azərbaycan Elmi-Tədqiqat Su Problemləri İnstitutunun laboratoriya müdiri Qara Cəfərov “Su ehtiyatları və sudan istifadənin əsas istiqamətləri” və digər məruzəçilərin mövzu ilə bağlı çıxışları təqdim olunub.  

 

Bildirilib ki, əhalinin içməli su təchizatının yaxşılaşdırılması tədbirləri paytaxt Bakı şəhəri ilə yanaşı, Azərbaycanın bütün bölgələrində həyata keçirilir: sugötürücü sistemlər yenilənir, sutəmizləyici qurğular, iritutumlu su anbarları tikilir, magistral və şəbəkə su , kanalizasiya xətləri çəkilir, çirkab sutəmizləyici qurğular yaradılır, işğaldan azad olunmuş ərazilərdə  su ehtiyatları Azərbaycanın su imkanlarının artırılması baxımından böyük əhəmiyyət daşıyır.

 

Diqqətə çatdırılıb ki, Şanlı Ordumuzun azad etdiyi ərazilərdə su təsərrüfatı və meliorasiya obyektlərinin sayının daha dəqiq müəyyən edilməsi üçün yaradılan komissiya tərəfindən aparılacaq araşdırma nəticəsində istifadəyə yararlı olan su təsərrüfatı və meliorasiya obyektləri müəyyən ediləcək. Həmin obyektlərin işə düşməsi su təminatı çətin olan ərazilərə suyun davamlı verilməsinə, əkin sahələrinin genişləndirilməsinə, su qıtlığının aradan qaldırılmasına, kənd təsərrüfatında yüksək məhsuldarlığın əldə edilməsinə və ekoloji tarazlığın bərpasına təminat yaradacaq. Bütün bunlar isə son nəticədə ölkədə bol məhsuldarlığın yaranmasına imkan verəcək.

 

Vebinarın sonunda tələbələrin çoxsaylı sualları cavablandırılıb.

 



27.02.2021 | 11:30