Gənc tədqiqatçılar beynəlxalq təlimdə iştirak ediblər

Azərbaycan Milli Elmlər Akademiyası Botanika İnstitutunun Mikologiya laboratoriyasının əməkdaşları Elnarə İsgəndərli və Yaqut Yusifova İslam Əməkdaşlıq Təşkilatının Elm və Texnologiya üzrə Daimi Komitəsi (COMSTECH) tərəfindən təşkil olunan “Viral xəstəliklərin diaqnostikasında fundamental yanaşmalar” (“Fundamental techniques in viral diseases diagnostics”) adlı təlimdə iştirak ediblər.

 

Dörd sessiyadan ibarət tədbirdə aktual mövzu olan viral xəstəliklər, COVID-19 virusu və ona qarşı təklif olunan peyvəndlər, eləcə də bu xəstəliklər zamanı səmərəli diaqnostika metodlarından bəhs olunub.

 

Təlimdə fərqli ölkələrdən olan ekspertlər çıxış edərək, viroloji sahədə əldə etdikləri təcrübəni paylaşıblar. Çinin Wuhan Viroloji İnstitutundan professor Di Liu, həmçinin Pakistanın Milli Virologiya İnstitutunun əməkdaşı Dr. Məhəmməd Rəşid  maraqlı çıxışları ilə seçiliblər.

 

Çıxışlardan sonra iştirakçıların sualları cavablandırılıb, mövzu ətrafında maraqlı diskussiyalar təşkil edilib, müzakirələr aparılıb.

 

Tədbirin sonunda iştirakçılara sertifikat təqdim olunub.



01.03.2021 | 17:41