Gömrük Akademiyasında “İlk tibbi yardım” mövzusunda təlim

Dövlət Gömrük Komitəsi sisteminə daxil olan gömrük orqanlarının vəzifəli şəxslərinin peşə və ixtisas biliklərini artırmaq və onların peşəkarlıq səviyyəsinin yüksəldilməsini təmin etmək məqsədilə gömrük sərhəd buraxılış məntəqələrinin əməkdaşları üçün Dövlət Gömrük Komitəsinin Akademiyasında “İlk tibbi yardım” mövzusunda təlim keçirilib.

 

Akademiyadan bildirilib ki, təlimdə müxtəlif gömrük orqanlarını təmsil edən 24 əməkdaş iştirak edib. Təlim "Uptodate in Medicine MMC" şirkətinin təlimçiləri, həmçinin, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Səhiyyə siyasəti və planlaşdırma şöbəsinin müdiri Nabil Seyidov, həmin şöbənin həkim-metodisti Könül İsmayılova tərəfindən keçirilib. Təlimin təşkilində həmin mərkəzin Təlim Resurs şöbəsinin tərcüməçisi, həmçinin AHA (Amerikan Heart Association - Amerika Ürək Assosiasiyası) və “Uptodate in Medicine” MMC şirkətinin koordinatoru Leyla Eyvazova iştirak edib.

 

Təlimdən öncə Gömrük Akademiyasının rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov təlimçilərlə görüşüb. Akademiya rəisi bildirib ki, bu təlim vətəndaşlara göstərilən xidmət səviyyəsinin artırılması üçün əhəmiyyətlidir. “Dövlət Gömrük Komitəsi ilk dövlət qurumlarındandır ki, ilk tibbi yardım üçün lazımi təchizat, aparatlar  alınıb”, - deyə o, qeyd edib.

 

Təlimçilər üçün Akademiyada qısa ekskursiya təşkil olunub, onlar yaradılan şərait və infrastrukturla tanış olublar. 

 

Qeyd edək ki, təlim dinləyicilərinin hər biri AHA-nın (Amerikan Heart Association - Amerika Ürək Assosiasiyası) sertifikatını əldə edəcək.

 



01.03.2021 | 19:34