“Gənc fermer” layihəsinin bağlanış tədbiri

Lənkəran Peşə Liseyi tələbələrinin də qatıldığı “Gənc fermer” layihəsinin bağlanış mərasimi keçirilib.

 

Peşə Təhsili üzrə Dövlət Agentliyindən verilən məlumata görə, tədbirə Milli Məclisin deputatları, “Regional İnkişaf” İctimai Birliyi (RİİB), Dövlət Aqrar İnkişaf Mərkəzi, Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu, “Müasir Gənclərin İnkişafına dəstək” İctimai Birliyi, Lənkəran Peşə Liseyinin nümayəndələri və layihə iştirakçıları qatılıb.

       

RİİB-in dəstəyi, “Müasir gənclərin inkişafına dəstək” İctimai Birliyinin və Lənkəran Peşə Liseyinin birgə təşəbbüsü ilə həyata keçirilən layihə çərçivəsində iştirakçılar nəzəri biliklərin paylaşıldığı həm əyani, həm də onlayn qaydada təşkil edilən təlimlərdə iştirak edib və praktiki təcrübə qazanıblar.

 

Layihənin icrası müddətində 7500-ə yaxın çay toxumu əkilib, 6200-ə yaxın çay tingi əldə edilib və onların satışı həyata keçirilib. Bununla yanaşı layihənin davamlılığının təmin edilməsi üçün biznes model hazırlanıb. Layihə iştirakçılarının məşğulluğuna dəstək olmaq məqsədilə hazırlanmış biznes modelə əsasən, çay tinglərinin satışından əldə  edilən vəsaitin 27 %-i iştirakçılara nəğd şəkildə təqdim olunub. Məbləğin 73 %-i isə növbəti ildə layihənin davamı üçün peşə məktəbinə təqdim edilib.

       

“Sosial layihələr” müsabiqəsi çərçivəsində həyata keçirilən “Gənc fermer” layihəsinin nəticəsində 4 nəfər iştirakçı öz həyətyanı sahəsində çay toxumlarının əkilməsinə başlayıb.

       

Xatırladaq ki, layihənin məqsədi Lənkəran rayonunda ənənəvi kənd təsərrüfatı sahələrindən olan çayçılığın inkişafı üçün ting yetişdirilməsinin təşviqi, bu sahədə çalışan mütəxəssislərin potensialının üzə çıxarılması, gəncləri lokal layihələrə cəlb etməklə onların məşğulluğunun təmin edilməsindən ibarətdir.



03.03.2021 | 11:13