"Bu gün təhsildə nələr dəyişməlidir"

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Təhsil Nazirliyi yanında İctimai Şuranın "Bu gün təhsildə nələr dəyişməlidir" mövzusunda dəyirmi masası keçirilib.

 

Dəyirmi masada ADPU-nun rektoru, professor Cəfər Cəfərov, sosial və humanitar məsələlər üzrə prorektor, professor Fikrət Rzayev, elm və innovasiyalar üzrə prorektor, professor Asəf Zamanov, tədris işləri üzrə prorektor, dosent Eldar Aslanov, Tədris departmentinin müdiri, dosent Sənan Əliyev, təhsil nazirinin müşaviri Elnur Nəsibov, İctimai Şuranın sədri, professor Şahlar Əsgərov, şuranın üzvləri və universitet nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin direktoru, dosent İsrayil İsgəndərov iştirak edib.

 

Rektor C.Cəfərov ADPU-da son 5 ildə aparılan islahatlar və keyfiyyət dəyişikliklərindən, tələbələrin yüksək akademik göstəricilərindən, universitet məzunlarının müəllimlərin işə qəbulu imtahanlarında əldə etdikləri yüksək nəticələr haqqında statistik məlumatları diqqətə çatdırıb. Həmçinin ADPU-nun 100 ilin elm məbədi kimi təhsil və pedaqoji sferada oynadığı rolu xüsusi vurğulayaraq hazırda Bakıdakı 4 kampusu, bölgələrdəki 5 filialı ilə demək olar, bütün ölkəni əhatə edən böyük şəbəkəyə malik olduğunu qeyd edib. 100 ilin ənənələrinin müasir dövrün tələblərinə uyğun yaşadılması və ADPU-nun  tədqiqat universitetinə çevrilməsi üçün aparılan sistemli işlərdən bəhs edən C.Cəfərov son zamanlar ali məktəbdə inzibati və pedaqoji vəzifələrin tutulmasında şəffaf seçkilər üsulunun tətbiq edildiyini vurğulayıb.

 

Rektor pandemiya dövründə ADPU-da tədrisin məsafədən təşkili ilə bağlı görülən işlər və tədrisin rəqəmsallaşdırılması sahəsində əldə olunan uğurlardan da danışıb.

 

Professor Şahlar Əsgərov isə pandemiya dövründə təhsilin bütün səviyyə və pillələrində yaranan məcburi dəyişikliklərdən söz açaraq ADPU-nun bu sahədəki fəaliyyətini yüksək qiymətləndirib. ADPU-nun müəllim-tələbə münasibətlərinin qurulmasındakı yeni yanaşmalarının faydasından danışan İctimai Şuranın sədri şura ilə universitet arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayıb, gələcəkdə bu əməkdaşlığı genişləndirmək üçün perspektivlərdən danışıb və  öz təkliflərini verib.

 

Təhsil nazirinin müşaviri Elnur Nəsibov ADPU-nun müəllim hazırlığındakı aparıcı rolundan bəhs edib, son dövrlərdə aparılan islahatlar nəticəsində universitet məzunlarının əmək bazarında özünü yüksək səviyyədə realizə etdiklərini bildirib.  Həmçinin, hazırda təhsil sahəsində gedən qlobal dəyişikliklərdən, bu sahədə Azərbaycan dövlətinin strateji yanaşması və təhsilə dair dövlət proqramları haqqında məlumat verib, son bir ildə pandemiya ilə bağlı yaranan yeni situasiyada distant təhsil texnologiyalarının tətbiqi məsələlərindən danışıb.

 

Daha sonra İctimai Şuranın üzvləri, universitet nümayəndələri mövzu ətrafında çıxışlar ediblər.

 

Sonda C.Cəfərova və İctimai Şura üzvlərinə Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının döş nişanları təqdim edilib.

 



05.03.2021 | 12:46