DİM buraxılış imtahanı ilə bağlı yeni məlumat açıqlayıb

Dövlət İmtahan Mərkəzi (DİM) ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının məzmunu və forması haqqında yeni məlumatlar çatdırıb.

 

Bildirilib ki, həm pandemiya dövründə ölkənin bütün təhsil müəssisələrində, həm də Vətən Müharibəsi ilə əlaqədar olaraq bəzi bölgələrdə təlim-tədris prosesində müəyyən fasilələr yaranmışdır.  Bu baxımdan Təhsil Nazirliyinin mütəxəssisləri ilə birgə razılıq əsasında mövcud vəziyyət nəzərə alınaraq ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı üçün materialların məzmununda və təşkilində sadələşmə aparılması üçün təkliflər hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilib.

 

Nəzərdə tutulan dəyişikliklərlə bağlı, yəni ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının bir mərhələdə keçirilməsi, imtahan proqramı və yeni imtahan modeli 2020-ci ilin dekabrında “Abituriyent” jurnalının xüsusi buraxılışında dərc olunaraq ictimaiyyət məlumatlandırılıb.

 

Proqramda əsas hissə kimi 5-ci sinifdən başlayaraq, 9-cu sinfin 1-ci yarımilində keçilmiş materiallar götürülür. Tədris prosesində 2-ci yarımildə keçirilməsi planlaşdırılan mövzular üzrə tapşırıqlar isə 5-8-ci siniflər üzrə tərtib olunacaq.

 

Proqram hazırlanarkən ilk növbədə indi 9-cu sinifdə təhsil alan şagirdlərin aşağı siniflərdə keçdikləri dərsliklərlə, hazırda istifadədə olan dərsliklər müqayisə olunub və hər iki dərslikdə eyni olan mövzular proqrama daxil edilib. Aşağı sinif dərsliklərinə yeni daxil edilmiş və çıxarılmış mövzular proqrama salınmayıb. Beləliklə, demək olar ki, proqramda verilmiş mövzuların hamısı tədris prosesində keçirilib.

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 12 dekabr tarixli 498 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsində təhsilalanların yekun attestasiyasının aparılması Qaydaları”nda dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 4 mart 2021-ci il tarixli qərarı ilə ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının bir mərhələdə keçirilməsi, imtahanda şagirdlərə tədris dili fənnindən 30, xarici dil fənnindən 30 və riyaziyyat fənnindən 25 olmaqla, ümumilikdə 85 tapşırığın verilməsi təsdiq edilib.

 

Qeyd olunub ki, DİM və Təhsil Nazirliyinin mütəxəssisləri hazırki vəziyyəti bir daha təhlil edərək tapşırıqların formasını daha da sadələşdiriblər. Əvvəlcədən elan olunduğu kimi, “Abituriyent” jurnalının xüsusi buraxılışında verilən modeldən fərqli olaraq yeni təqdim olunan imtahan modelinə əsasən, imtahanda yazılı cavab tələb edən açıq tipli tapşırıqlar istifadə olunmayacaq. İmtahanda iştirakçılara qapalı tipli tapşırıqlar və kodlaşdırıla bilən seçim və hesablama formalı açıq tipli tapşırıqlar təqdim olunacaq.

 

Məlumat üçün qeyd edək ki, DİM tərəfindən yaxın vaxtlarda otk.az portalı vasitəsilə yeni imtahan modelinə uyğun sınaq imtahanı keçiriləcək.

 

 



05.03.2021 | 13:00