“Dəyişməyi bizdən zaman tələb edir”

Lənkəran Dövlət Universiteti, sözün əsl mənasında, inkişaf dövrünü yaşayır. Artıq bir neçə ildir start verilən və strukturundan başlayan yeniliklərlə təhsil müəssisəsinin siması tamamilə dəyişib. Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edən riyaziyyat üzrə elmlər doktoru, professor Natiq İbrahimov “Azərbaycan müəllimi” qəzetinə müsahibəsində qət olunan məsafədə əldə etdikləri uğurlardan danışıb.

 

Keyfiyyət dəyişikliyi üçün

 

- Dəyişməyi bizdən zaman tələb edir. Təhsilalanların artan tələbini ödəmək üçün dəyişən, inkişaf edən təhsil müəssisəsi olmalıyıq ki, çoxsaylı universitetlər arasında seçim üstünlüyü qazana bilək.Keyfiyyət dəyişikliyi aparmaq üçün ilk  növbədə idarəetmə sistemini optimallaşdırmalı, paralelçiliyi aradan qaldırmalı, idarəetmə strukturunda operativliyi təmin etməliydik. Bu məqsədlə də mövcud struktur bölmələrin bazasında yeni mərkəzlər yaratdıq. Həmin mərkəzlər - Tədrisin təşkili və təlim texnologiyaları və İnformasiya kommuinikasiya və kitabxana mərkəzləri fəaliyyətinə uğurla davam edir.

 

Tədrisin təşkili və təlim texnologiyaları mərkəzinin tərkibində ayrıca Tədrisin təşkili və əlavə təhsil, Qeydiyyat, qiymətləndirmə və monitorinq, Təcrübə, potenisial inkişaf və karyera bölmələri də fəaliyyətdədir.

 

- Yeni ixtisaslarınız var. Bu da yəqin bəzi dəyişikliklərə səbəb oldu...

- Təbii. Yeni ixtisaslara uyğun olaraq fakültə və kafedralarda dəyişikliklər apardıq. 5 yeni fakültə, 13 kafedra yaratdıq. Bütün tədris planlarımız yeniləndi. Həm bakalavriat, həm də magistratura səviyyələri üzrə bütün ixtisasların tədris planları yenidən işləndi. Fənlərin semestrlər üzrə keçirilmə ardıcıllığı və peşə hazırlığı üzrə seçmə fənlər dəyişdirilərək ixtisasların spesifikasına uyğunlaşdırıldı. Yeni plana uyğun tədrisin təşkili üçün yeni fənn sillabusları, onlara uyğun kafedralar üzrə dərslik, dərs vəsaiti və fənn proqramları hazırlanaraq istifadəyə verildi.

 

- Müşahidələrimizə görə, universitetinizdə təhsil şəraitinə də önəm verilir. Bu vəzifəyə başladığınız vaxtdan universitetdə tikinti, təmir işləri səngimədi.

- Təhsilin keyfiyyətini artırmaq istəyiriksə, ilk növbədə buna şərait yaratmalıyıq. Ona görə də infrastruktura, maddi-texniki bazanın gücləndirilməsinə önəm veririk. Yer çatışmazlığı çox yox, 5-6 il əvvələdək burada problem sayılırdı. 2016-cı ildə ümumi sahəsi 3726.4 kvadrat-metr olan  beşmərtəbəli yataqxana binasını əsaslı təmirdən sonra tədris binasına çevirdik. 2017-2018-ci illərdə universitetin 1 saylı tədris korpusunun 2239.5 kvadrat-metr sahəsində, inzibati binasının 591.3 kvadrat-metr sahəsində cari təmir işləri görüb, mebel və bir sıra avadanlıqlar aldıq. 2019-cu ildə 1 saylı tədris korpusunda 4 mərtəbəli, bir növbədə min tələbə qəbul edən ümumi sahəsi 1920 kvadrat metr olan yeni tədris binasını istifadəyə verdik. Həmin ildə şəhərin mərkəzində yerləşən istifadəyə yararsız beşmərtəbəli keçmiş yataqxana binasını da sökdük. İndi onun yerində ümumi sahəsi 4350 kvadrat-metr olan, bir növbədə min tələbə qəbul edə bilən 3 saylı tədris korpusu, yanında da müasir tipli 160 nəfərlik yataqxana binası var. Binanın həyətyanı sahəsində suni ot örtüklü idman meydançası da yaradılıb. Amma tələbat hələ də hiss olunur. Odur ki, 3000 kv. metr sahəsi olan 400 nəfərlik daha bir yataqxanamızı növbəti tədris ilində tələbələrimizin istifadəsinə  verəcəyik.

 

Tədris binasına tələbatı isə universitetin 2 saylı tədris korpusunun ərazisində tikiləcək yeni tədris binası tam ödəyəcək. Beşmərtəbəli, bir növbədə 1500-ə yaxın tələbə qəbul edəcək həmin tədris binasının layihəsi artıq hazırdır.100 nəfərlik tələbə yeməkxanası da 2 saylı tədris korpusunun ərazisindədir.

 

- Tikib-qurmaq üçün vəsaiti hardan alırsınız?

- İdarəetmə mexanizminin yenidən qurulması hesabına vəsaitlərimizin qənaətinə nail olmuşuq. Universitetlərin gəliri dolanması üçün kifayət edir. Sadəcə bu gəliri düzgün idarə etmək lazımdır. Bunun üçün sağlam idarəetmə mexanizmi şərtdir. Xüsusən, təkrarlanan ştatlar, əlavə ştatların artırılması ali təhsil müəssisələrində vəsait itkisinə səbəb olan amillərdəndir. Məsələn, tyutor və  tədris məsləhətçisi kimi ştatlar bir-birini təkrarlayan ştatlardır. Bundan başqa, tyutor xidməti düzgün, yəni Boloniya prosesinin tələblərinə uyğun qurulanda dərs saatlarında da qənaət əldə olunur. Təcrübə və xidmət sahələrindən daxil olan gəlirimiz də var.

 

- Bilirik ki, LDU tyutorlarını özü hazırlayır.Vəsaitə necə qənaət etməyi hazırladığınız tyutorlara da öyrədirsiniz?

- Əlbəttə. Yaxşı tyutor bunları bilməlidir. Məhz universitetdə tədrisin keyfiyyətini daha da yaxşılaşdırmaq və tədrisi kredit sisteminin tələblərinə uyğun təşkil etmək məqsədi ilə 2016-cı ildən tyutorluq kursları təşkil edirik. İndiyədək 3 dəfə belə kurslarımız olub. 2020-ci ildə pandemiya səbəbindən təşkil etmədik. Çünki tyutorluq onlayn öyrənilməsi çətin bir işdir. Tyutorlar tədris planını işləməyi, cədvəl tutmağı öyrənməlidir. Bu da əyani mümkündür. Bu il də kurslarımız olacaq. Ancaq pandemiya dövrü olduğundan kursun müddətini azaltmağı düşünürük. Kursu bitirənlər universitetdə işlə təmin olunurlar. Hazırda öz hazırladığımız tyutorlar tədrisin təşkilində yaxından iştirak edirlər.

 

Həm işləyir, həm də təcrübə qazanırlar

 

- Təcrübə sahənizi də genişləndirdiyinizi öyrəndik.

- Kadr hazırlığının keyfiyyətini yüksəltmək, müəllim hazırlığının səviyyəsini artırmaq şərtdir. Ona görə də müasir tələblərə cavab verən yeni fənn kabinetləri, laboratoriyalar, tədris-təcrübə sahəsi yaratmışıq. Müasir kompüterlərlə təmin edilmiş 5 informatika kabinetimiz var. Müvafiq  xəritələr və avadanlıqlarla təmin edilmiş coğrafiya və tarix kabinetləri, tərcümə proqramları ilə zənginləşdirilmiş linqafon kabineti, Almaniya istehsalı olan müasir tipli “Kimya” və  “Biologiya” tədrisi laboratoriyaları, müasir tipli “Fizika tədris laboratoriyası” tələbələrimizin ixtiyarındadır. “Baytarlıq”və “Baytarlıq cərrahiyəsi”, “Qida məhsulları texnologiyası” və “Qida təhlükəsizliyi və ekologiyası” laboratoriyaları, “Samsung” şirkətinin və “Nargiz” fondunun birgə təşkil etdikləri virtual laboratoriya, “USAİD” kompüter laboratoriyası tədrisin keyfiyyətinə təsir etməyə bilməz. O cümlədən, Turizm və otelçilik, Qida məhsulları mühəndisliyi ixtisası üzrə mütəxəssis hazırlığı üçün universitetin balansında olan keçmiş alimlər evini rekonstrukturizasiya olunaraq  35 yerlik ümumi sahəsi 600 kvadrat-metr olan iki mərtəbəli otelə çevirmişik. Aqrar ixtisaslar üçün isə tələbə-müəllim heyətinin iştirakı ilə 2.5 hektarlıq tədris-təcrübə təsərrüfatında çoxlu sayda sitrus, müxtəlif  tərəvəz və bostan bitkiləri, çay əkilib. 2020-ci ildə bitki mühafizəsi, aqronomluq  ixtisasları üçün yeni istixananı tələbələrimizin istifadəsinə verdik. Əkilmiş bir sıra bitkilərin qış mövsümundə soyuqdan qorunması və yeni bitkilərin yetişdirilməsi üçün istixanalar yaradılıb. Tələbələrimiz istər otelin, istərsə də təcrübə sahəsinin həm də işçiləridir. Burada onlar həm işləyir, həm də təcrübə qazanırlar.

 

LDU-nu seçənlər ildən-ilə artır

 

- Keyfiyyət dəyişikliyi universitetinizi seçənlərin sayına təsir edirmi?

- Rəqəmlər təsir etdiyini göstərir. 2016-cı ildən başlayaraq tələbə kontingenti və universitetə qəbul olunanların sayı artır. Məsələn, 2015/2016-cı tədris ilində tələbə kontingenti 2411, hənin tədris ilində universitetə qəbul olanların sayı 590 nəfər olub. Növbəti illərdə artım dinamikası davam edib. 2019/2020-ci tədris ilində tələbə kontingenti 3845, qəbul olanların sayı 1248 nəfərə çatıb.  Bu tədris ilində  tələbə kontingentimiz 4362 nəfərdir. Bu il universitetimizə 1304 nəfər qəbul olub.

 

- Növbəti tədris ili üçün yenilikləriniz varmı?

- Yeni tədris ilində bir ilki reallaşdırmaq istəyirik.  Regionda aqrar ixtisaslar üzrə kadr hazırlığını təmin etmək məqsədilə “Aqromühəndislik”, “Şərabçılıq”, “Zoomühəndislik” ixtisasları üzrə kadr hazırlığına başlamağı nəzərdə tutmuşuq. Bu il hələlik yalnız dövlət sifarişi əsasında bakalavriat səviyyəsi üzrə  qəbul aparmağı planlaşdırırıq. “Dövlət bələdiyyəsi və idarəetməsi” və “Menecment” ixtisasları üzrə də bakalavriat səviyyəsində kadr hazırlığı aparılacaq. Magistratura səviyyəsində də yeni planlarımız var. MBA proqramı əsasında “Biznesin idarə edilməsi” ixtisasının Aqrobiznes ixtisaslaşması üzrə magistratura təhsili vermək istəyirik.

 

- Demək,  növbəti tədris ilində tələbə kontingentində artım gözlənilir...

- Elə nəzərdə tuturuq. Yeni qəbul olunanların sayını 1800-ə çatdırmağı planlaşdırırıq. Bununla da tələbə kontingentimiz 5000 nəfərə çatacaq.

 

Tələbələri də, müəllimləri də həvəsləndiririk

 

- Tələbələrinizi daha yaxşı öyrənməyə, müəllimlərinizi daha səmərəli öyrətməyə həvəsləndirmək üçün nə edirsiniz?

- Tələbələrimiz üçün təhsil müəssisəsinin gəliri hesabına “Universitet  təqaüdü”  təsis etmişik. Təqaud almayan təhsilalanlarımızdan semestrlər üzrə ÜOMG yüksək olan 5 bakalavr və magistrə təqaüd veririk.

 

Təbii ki, müəllimlərimizi də düşünürük.Onların hər cür şəraitini təmin edirik. Ötən 5 il ərzində əməkdaşlarımızın əməkhaqlarında orta hesabla 2 dəfədən çox artım olub. Məsələn, professorlarımızın əməkhaqqı 2015-ci ildə 570 manat idi. İndi onlar 1100 manat alırlar. Dosentlərimizin aylıq maaşı 465 manatdan 950 AZN-ə qalxıb. 2016-cı ildə dərəcəli baş müəllim 400, dərəcəsiz baş müəllim isə 340 manat maaş alırdı. Hazırda müvafiq olaraq 860 manat dərəcəli baş müəllimlərimiz, 800 manat dərəcəsiz olanlar alır. Müəllimlərimizin maaşı 275 manatdan 650 manata qalxıb.

 

Bundan başqa, ictimaiyyətə də məlumat verdiyimiz kimi, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı ilk dəfə 2017-ci ildə LDU-da hər birinin sahəsi 54 kv.m olmaqla 6 ikiotaqlı xidməti mənzil tikib professor-müəllim heyətinin istifadəsinə vermişdik. Qonaq, yataq otaqları, eləcə də mətbəx və sanitar qovşağı ilə girişdən ibarət mənzillər zəruri avadanlıqlarla tam təmin edilib. Bu il isə universitetin balansında olan köhnə yataqxana binasını rekonstruksiya edərək ümumi sahəsi 500 kv.m-dən çox olan 12 mənzilli binaya çevirdik. 1, 2 və 3 otaqlı həmin mənzilləri Almaniya, Türkiyə və digər ölkələrdə təhsil alıb ölkəmizə qayıdan və universitetimizdə çalışan professor-müəllim heyətinin - gənc alimlərimizin istifadəsinə verəcəyik.

 

- Ümumi və ali təhsil müəssisələri ilə əməkdaşlığınızı da genişləndirmisiniz...

- Universitetimiz “Ümumi və ali təhsil müəssisəsi əməkdaşlığı üzrə pilot layihənin” ilk və yeganə iştirakçısıdır. Bizim professor-müəllim heyəti Lənkəran, Astara və Yardımlı rayonlarının ümumtəhsil müəssisələrində öyrədici təlimlər təşkil ediblər. Bu yolla fənlərin tədrisi metodikasının təkmilləşdirilməsi sahəsində müəllimlərə kömək göstərib,  “ustad dərslər” keçiblər. Layihə müddətində burada fəal iştirak edən müəllimlərin maaşlarını 20 faiz artırmışıq.

 

Hər il mart ayında fizika, riyaziyyat, kimya, biologiya və informatika fənləri üzrə region orta məktəblərinin şagirdləri üçün olimpiadalar keçirir, qalibləri mükafatlandırırıq.

 

- Bəs pandemiya olimpiadalara mane olmur?

- Bu il olimpiadanı onlayn keçirməyi planlaşdırmışıq. Martın 26-da baş tutacaq növbəti olimpiadada region orta məktəblərinin 9, 10 və 11-ci sinif şagirdləri iştirak edəcəklər. Onlar riyaziyyat, informatika, fizika, kimya, biologiya və coğrafiya fənləri üzrə olimpiadalara onlayn qaydada qatıla biləcəklər.

 

- Ümumiyyətlə, pandemiya dövrü işinizə necə təsir etdi? Vəziyyətdən çıxmaqda çətinliyiniz çox oldu?

- Pandemiya bütün dünyada çətinlik yaratdı. Təbii ki, bu dövr Azərbaycanda nisbətən ağır keçdi. Müəllimlərimizin bu prosesə hazır olmaması, mövcud internet problemi əsas çətinliyimiz idi. Ona görə də universitetimiz onlayn dərslərə ancaq ötən ilin mayından başlaya bildi. Əvvəlcə kurslar təşkil edərək müəllimlərimizi öyrətdik. Onlayn dərslərə başlayandan sonra isə tələbələrimizin internetə çıxış problemləri ilə qarşılaşdıq. Bunu aradan qaldırmaq üçün rayonlarımızdakı Heydər Əliyev Mərkəzlərinə tələbələrimizin həmin mərkəzlərdən dərslərə qoşulmalarına şərait yaratmaları üçün müraciət etdik.  Yenə qoşula bilməyənlər oldu. Onlar üçün yay ayında yenidən dərslər təşkil etdik.Vətən müharibəsi dövründə də dərslərə qoşula bilməyənlər oldu. Müharibə regionundan olan həmin tələbələrimiz üçün payızda dərslər təşkil etdik.

 

- Pandemiya dövrü ilə əlaqədar təhsil haqqı ödəmək çətinliyi olan və bununla  bağlı müraciət edən tələbələriniz necə, oldumu?

- Müraciətlər oldu. Bütün müraciətləri tələbələrimizin xeyrinə həll etdik. Fondlara müraciət etdik, onların problemini həll etmələrinə hər cür kömək göstərdik. İmtahanlara təhsil haqqını ödəmədiyi üçün buraxılmayan bir tələbəmiz belə olmadı.

 

LDU-dan UNEC-ə çıxış

 

- Elmi kitabxanada da iş gedir. Orada da yeniliklər olacaq?

- Elmi kitabxana kompleksinin əsaslı təmirinə başlamışıq. Burada elektron kitabxana mərkəzi, 100 nəfərlik oxu, 300 nəfərlik müasir akt zalları yaradacağıq. Kitabxana əməkdaşlarının iş şəraitini müasir standartlara uyğunlaşdıracağıq. Qeyd edim ki, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində tələbələrimiz və professor-müəllim heyəti yeni yaradılan  elektron kitabxana mərkəzindəki şəbəkə vasitəsilə UNEC-in elektron kitabxanasına çıxış əldə edəcək.

 

Ümumiyyətlə, universitetimizin elektronlaşması üçün xüsusən son bir ildə çox iş gördük. Universitetdə yaradılmış elektron bazanın köməyi ilə xüsüsi karantin rejimində LDU-da tədris onlayn keçirilib. Bü müddət ərzində tələbələrin şəxsi kabinetlərində fənn sillabusları, mühazirə mətnləri yerləşdirilib. Bundan başqa, maliyyə və mühasibat şöbəsinin işinin elektronlaşdırılması üçün proqram vasitələri yaradılıb, əmək haqlarının hesablanması prosesi elektronlaşdırılıb.

 

- LDU ölkəmizdəki digər ali təhsil müəssisələri ilə də səmərəli əməkdaşlıq qura bilibmi?

- Qurmuşuq. UNEC, ADPU, ADNSU, BDU ilə ayrı-ayrı ixtisaslar üzrə kadr hazırlığı həyata keçiririk. İnnovativ layihələrin həyata keçirilməsi, elmi kadrların hazırlığı, tələbə, magistr və doktorantların hazırlanması və tədris sahələrində əməkdaşlığın qurulması məqsədilə AMEA-nın Lənkəran Regional Elmi Mərkəzi və Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu ilə razılaşmalarımız var. Həmçinin  AMEA-nın Genetik Ehtiyatlar (AGRI) və Polimer Materialları institutları ilə elmi-texniki əməkdaşlıq edirik.

 

- O zaman elmi-tədqiqat fəaliyyəti də genişlənib?

- 2016-cı ildə universitetdə 12, hazırda isə 53 nəfər fəlsəfə doktoru proqramı üzrə doktorantura və dissertanturada təhsil alır. Yəqin bu rəqəm genişlənmənin miqyasını göstərməyə imkan verir. Son 4 ildə perspektivli ixtisas istiqamətində 18 əməkdaşımız məqsədli elmlər doktoru proqramı üzrə ölkəmizin ayrı-ayrı universitetlərində (BDU, UNEC, ADPU) təhsilini davam etdirib. 2015-ci ildə “Web of Science” və “Scopus” bazasında universitet əməkdaşlarının dərc olunmuş bir məqaləsi belə yox idi. Artıq “Web of Science” bazasında 15 və “Scopus” bazasında isə 11 məqalə dərc olunub. 2016-cı ildən etibarən, universitetin “Elmi xəbərlər” jurnalı Prezident yanında Ali Attestasiya Komissiyasının tələblərinə uyğun olaraq yenidən tərtib edilib. 2 seriya üzrə 453 məqalə dərc olunub. Universitetin elmi hissəsinin bütün bölmələri arasında vahid elektron koordinasiya məlumat baza sistemi yaratmışıq.

 

2015-ci ildə 52, 2016-2021-ci illərdə isə 395 elmi - tədqiqat işi həyata keçirilib. Eyni zamanda son illərdə universitet əməkdaşları tərəfindən 137 elmi-metodik iş hazırlanaraq çap olunub.

 

2016-2020-ci illərdə 15 universitet əməkdaşı fəlsəfə doktoru və 1 əməkdaş isə elmlər doktoru elmi dərəcəsi, 13 nəfər  dosent, 3 nəfər  professor elmi adı alıb.

 

LDU əcnəbi tələbələrin qəbuluna hazırlaşır

 

- Beynəlxalq əməkdaşlığınız da genişləndirilib...

- Beynəlxalq əməkdaşlığın qurulmasına 2017-ci ildən başlamışıq. Artıq 50-yə yaxın ali təhsil müəssisəsi və elmi tədqiqat institutları ilə əməkdaşlıq müqavilələrimiz var. Türkiyə, Avropa, Rusiya və başqa ölkələrin universitetləri ilə sıx əlaqələr qurmuşuq. İkitərəfli, Mübadilə, “Mevlana”, “Erasmus+” proqramları çərçivəsində çoxsaylı universitetlərlə  razılaşmalarımız icra olunur. 2020-ci tədris ilinə 8 müəllim, 3 tələbə “Mövlanə” Əməkdaşlıq Proqramı çərçivəsində Türkiyə Cümhuriyyətində olub, tələbələrimiz 1 semestr müddətində təhsillərini orada davam etdiriblər.

 

İkili əməkdaşlıq sahəsində görülən işlərin nəticəsində Türkiyə universitetlərindən doktorant və dissertantlara birgə elmi rəhbərlər təyin olunub, tələbələrimiz həmin universitetlərdə 1 və ya 2 semestrlik dərslərdə fəal iştirak ediblər. Kars Kafkas Universitetinə göndərdiyimiz 2 tələbəmiz baytarlıq üzrə yetişmiş kadr kimi qayıdıb. Orada elə təcrübə keçiblər ki, indi universitetimizdə öz tələbə yoldaşlarına sərbəst bələdçilik edir, öyrəndiklərini onlara göstərirlər. Bu proses pandemiyadan sonra davam etdiriləcək.

 

Kənd təsərrüfatı ixtisasları üzrə mütəxəssis hazırlığının təkmilləşdirilməsi məqsədilə 2021/2022-ci tədris ilində Türkiyə Cümhuriyyətinin Çukurova və Kafkaz universitetlərinin professor-müəllim heyəti müqavilə əsasında LDU-ya dəvət olunacaq.

 

Əsas hədəflərimizdən biri ikili diplom proqramlarının təsis edilməsi olub.  Macarıstanın Kapoşvar Universiteti ilə əməkdaşlıq müqaviləsi imzalamışıq.

 

Universitetimizdə 2021-ci ildən əcnəbi tələbələrin qəbulunu təmin etmək istəyirik. Əcnəbi tələbələrin qəbulu üçün onlayn platforma yaratmışıq. Türkiyədən universitetimizdə təhsil almaq, o cümlədən mübadilə proqramı ilə bir semestri universitetimizdə oxumaq istəyənlər var. Bu məqsədlə əcnəbi tələbələr üçün hazırlıq kursunun açılması ilə bağlı Təhsil Nazirliyinə müvafiq məktubla müraciət etmişik.

 

- LDU maraqlı layihələrdə də iştirak edir...

- İndiyə qədər bir sıra maraqlı layihələr icra olunub.  “Əlilliyi olan tələbələrin Ali Təhsil Məkanına İnteqrasiyasının Təməlinin Qoyulması” layihəsi tamamlanıb və universitetdə əlilliyi olan tələbələr üçün mərkəz yaradılıb. “Erasmus+ Jean Monnet Activities” çərçivəsində “Lənkəran Dövlət Universitetində Avropa Mədəniyyət Mərkəzinin Yaradılması” adlı layihə təqdim olunub. YUNESKO-nun “Mədəni Özünüifadə Müxtəlifliyinin Qorunması və Təşviqi haqqında” Konvensiyası çərçivəsində LDU-da Cənub regionunun Folklor mərkəzini yaratmaq istəyirik. Bu məqsədlə hazırladığımız layihəni Beynəlxalq Mədəni Müxtəliflik Fonduna təqdim etmişik.

 

“Erasmus+” layihələrində ən böyük uğurumuz Azərbaycanın müvafiq 15 təhsil müəssisəsi ilə birlikdə LDU-nun da iştirak etdiyi ECAR (Azərbaycan Rektorlar Konfransının Yaradılması) layihəsi çərçivəsində Avropa İttifaqı tərəfindən layihəyə qrant ayrılmasıdır.

 

Universitetlərlə ikitərəfli layihələrin icrasına üstünlük veririk.

 

- Universitetlər hər il “Açıq qapı günü” və məzun yarmarkaları təşkil edir. LDU da bu sahədə fəal təhsil müəssisələrindəndir.

- “Açıq qapı günü” və “Məzun yarmarkası” hər il may ayında keçirilir. “Açıq qapı” günlərində rayon ictimaiyyət nümayəndələri, orta məktəb şagirdləri və onların valideynləri universitetlə tanışlıq imkanı qazanırlar.  Tədris prosesini yaxından izləyirlər. “Məzun yarmarkası”na isə regionda yerləşən özəl və dövlət müəssisələrini dəvət edirik. Həmin müəssisələr öz vakant yerləri haqqında LDU məzunlarına  məlumat veririrlər. Hətta deyə bilərəm ki, hər il 100-dən çox tələbəmiz həmin təşkilatlar vasitəsi ilə işə qəbul olunur. Rayonda bu tədbirlərimizə güclü maraq hiss edirik.

 

Ruhiyyə DAŞSALAHLI



19.03.2021 | 12:23