MDU Türkiyənin Qazi Universiteti ilə birgə konfrans keçirəcək

Mingəçevir Dövlət Universiteti (MDU) və Türkiyənin Qazi Universiteti arasında əməkdaşlıq çərçivəsində Azərbaycanın dahi şairi və Türk dünyasının böyük mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş birgə konfrans keçiriləcək.

 

Aprelin 6-da Zoom platforması üzərindən onlayn formatda təşkil ediləcək konfransda Qazi Universitetinin rektoru Musa Yıldız və MDU-nun rektoru Şahin Bayramovun açılış nitqlərindən sonra məruzələr təqdim olunacaq.

 

Proqrama uyğun olaraq, Türkiyənin Qazi Universitetinin professoru Halil Çeltik “Nizami Gəncəvinin “Fərhad və Şirin” poeması”, Kastamonu Universitetinin professoru Vüsalə Musalı “Nizami Gəncəvi məsnəvilərinin Mançester və Berlin nüsxələrindəki miniatürləri”, MDU-nun dosenti Esmira Cəfərova “Nizami Gəncəvinin əsərlərində tolerantlıq və multikulturalizm ideyaları”, MDU-nun dosenti Mayıl İsmayılov “Nizami Gəncəvinin ədəbi irsi dünya şərqşünaslığında” mövzularında çıxış edəcəklər.

 

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə 2021-ci il ölkəmizdə “Nizami Gəncəvi ili” elan edilib. Bununla əlaqədar olaraq, MDU-da dünya ədəbiyyatının görkəmli nümayəndəsi Nizaminin 880 illik yubileyinə həsr edilmiş silsilə tədbirlər həyata keçirilir, dahi şairin zəngin irsinin öyrənilməsi, onun ölkə miqyasında və beynəlxalq səviyyədə təbliği diqqət mərkəzində saxlanılır.

 



30.03.2021 | 11:48