“Əsgərə məktub”

Qubadlı rayon ümumi təhsil müəssisələrinin şagirdlərinin “Əsgərə məktub” layihəsi davam edir. Təhsil şöbəsindən aldığımız məlumata görə, budəfəki məktublar Vətən müharibəsini qalibiyyətlə başa vuran, ərazi bütövlüyümüzü bərpa edən, işğalçı qüvvə üzərində zəfər çalan Azərbaycan Ordusunun əsgərlərinə ünvanlanmışdır. Müharibə dövründə olduğu kimi Novruz bayramı ərəfəsində də xalqımızın birliyini simvolizə edən çoxsaylı məktublar vətənin keşiyində dayanan əsgərlərə göndərilmişdir. Məktublarda şagirdlər öz arzu və istəklərini bildirmiş, bayram təbriklərini çatdırmış, qələbə sevinclərini bölüşmüşlər. Hər məktub bir məktəblinin ordumuza, ordumuzun əsgərinə səmimi müraciəti, onun vətən sevgisi ilə döyünən ürəyinin diqtəsidir.

 

Müzəffər Ordumuzun qəhrəman əsgərləri işğaldan azad olunmuş torpaqlarda bayram tonqalı ətrafında məktəblilərimizin göndərdiyi məktubları oxuyaraq bütün Azərbaycan xalqının ürəyinin onlarla birlikdə Qarabağda, Qubadlıda, Zəngilanda, Cəbrayılda, Füzulidə, Ağdamda, Laçında, Kəlbəcərdə döyündüyünü hiss ediblər.

 

Şakir CƏFƏROV



03.04.2021 | 13:15