“Olimpiadadan daha həyəcanlı idi”
Təhsil naziri Ceyhun Bayramov 20 nömrəli məktəb-liseydə təhsildə müvəffəqiyyətləri ilə fərqlənən məzunlarla görüşüb. Tədbirdə respublika və beynəlxalq fənn olimpiadalarının, müsabiqə və intellektual oyunların qalibləri iştirak ediblər. Səmimi ortamda keçən görüş məzunlarda fərqli təəssürat yaradıb. 
 
6 saylı məktəb-liseyin məzunu Ləman Cəlilova nazirlə görüşün qürurverici olduğunu deyir: “Mənim üçün qürurvericidir. Bakı məktəbliləri arasında bu 20-liyə daxil olduğum və nazirlə görüşə bilməyimlə qürur duyuram. Sevinirəm ki, 11 illik əziyyətimin hədər getmədi və tam orta təhsilimi uğurlu nəticələrlə başa vurdum. Mənim kimi məzun sevinci yaşayan hər kəsi təbrik edir, nazirimizə isə təşəkkür edirəm. Bu gün o bizə qardaş kimi məsləhətlərini verdi, fikirlərimizi bölüşdü. Görüş həyəcanlı idi. Bu görüşə məktəbimizdən məhz mən gələ bildiyimə görə çox sevinirəm”. 
 
Təhsil Nazirliyinin tabeliyindəki fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi Mehdi Ağacanov məktəbi bitirdiyi üçün təəssüflənir: “Nazir məktəbdə həyata keçirməyi planlaşdırdıqları işlərdən danışdı. Bunlari eşitmək çox xoş oldu. Amma təəssüf edirəm ki, bu dəyişikliklərin artıq mənə dəxli olmayacaq. Nazirlə görüşüb söhbət etmək çox maraqlı oldu. Dəyirmi masa ətrafında problemlərdən danışmağımız fərqli hisslər yaratdı. Düzü, bu görüş olimpiadadan daha həyəcanlı idi”.
 
Liseyin digər məzunu Şəmistan Lətifov da görüşü bundan sonra hələ çox xatırlayacaq: “Məncə, çox yaxşı haldır. Səmimi söhbət oldu. Hesab edirəm ki, mənim kimi digər məzunlarda da motivasiya yaradacaq”.
 
 
 
Ruhiyyə Daşsalahlı


14.06.2018 | 20:19