“Üç alov” II Beynəlxalq yaradıcılıq festivalına start verilib

Təhsil Nazirliyinin dəstəyi və Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə cari ilin 5 aprel-3 iyun tarixlərini əhatə edən “Üç alov” uşaq və gənclərin onlayn II Beynəlxalq Folklor, Klassik və Müasir yaradıcılıq festivalına start verilib.

 

Yaradıcılıq festivalının əsas məqsədi musiqi mədəniyyətinin inkişafının təmin edilməsi, bu sahədə uşaq və gənclərin bilik və bacarıqlarının genişləndirilməsi, yaradıcılığın bütün sahələri eləcə də folklor, klassik və müasir istiqamətlər üzrə istedadlı uşaq və gənclərin üzə çıxarılması, onların bədii-estetik səviyyəsinin yüksəldilməsindən ibarətdir.

 

Yaradıcılıq festivalında ümumtəhsil məktəblərinin şagirdləri, məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvləri, rəqs kollektivləri, rəqqaslar, musiqiçilər, özfəaliyyət yaradıcılıq kollektivlərinin üzvləri iştirak edə bilərlər.

 

4 yaş qrupu (6-8, 9-11, 12 -14, 15 -17) üzrə keçirilən festival aşağıdakı nominasiyaları əhatə edir:

İnstrumental yaradıcılıq: milli; klassik; estrada; caz (zərb-çalğı alətləri və nağara istisna olmaqla);

Vokal yaradıcılığı: milli vokal; akademik vokal; estrada vokal;

Xoreoqrafiya yaradıcılığı: milli rəqslər; bal rəqsləri; müasir və klassik balet; müasir estrada rəqsi.

 

Festival üzrə tələblər aşağıdakılardır:

- İştirakçılar müxtəlif yaş qrupları üzrə tək (solo), cüt (duet) və kollektiv (qrup) qatıla bilərlər;

- İştirakçı yalnız bir nominasiya üzrə iştirak edə və həmin nominasiya üzrə bir nömrədən ibarət videoçarx təqdim edə bilər;

- Bütün nominasiyalar üzrə ifa müddəti 1-3 dəqiqədən artıq olmamalıdır;

- İştirakçılar ifanın əvvəlində “Üç Alov” festivalına xüsusi olaraq (Special for “Uch Alov” Festival!) (Cпециально для фестиваля “Уч Aлов”) – sözlərini qeyd etməlidilər;

- Festivala təqdim olunan videoçarxlar xüsusi olaraq bu festival üçün hazırlanmalı, digər müsabiqələrdə iştirak etməməli, “Üç alov” festivalının sloqanı ilə başlanmalıdır;

- Müsabiqəyə göndərilmiş videoçarxlar digər müsabiqədə iştirak üçün istifadə edildiyi və sosial şəbəkələrdə paylaşıldığı təqdirdə iştirakçılar müsabiqədən kənarlaşdırılaraq nəticəsi ləğv olunacaq.

 

Yaradıcılıq festivalı 3 mərhələdə keçirilir:

 

I mərhələ – 5-30 aprel 2021-ci il.  İlkin mərhələdə iştirakçıların qeydiyyatı ilə bağlı müraciətlərin və videoçarxların qəbulu aparılır. Festivalda iştirak etmək istəyənlər ad, soyad, təvəllüd, təmsil etdikləri ölkə, təhsil aldıqları müəssisə, nominasiyanın adını qeyd edərək aprelin 30-dək [email protected] elektron ünvanına göndərməlidirlər. Qeydiyyat zamanı bütün videoçarxlarda iştirakçının adı, soyadı, təmsil etdiyi müəssisənin adı, ifa etdiyi mahnının (rəqsin və s.) adı, müddəti qeyd edilməlidir.

 

II mərhələ – 1-30 may 2021-ci il. Bu mərhələdə videoçarxlar münsiflər heyəti tərəfindən qiymətləndirilir və qaliblər seçilir.

 

III mərhələ – 1-3 iyun 2021-ci il. Festivalın beynəlxalq mərhələsində - yekun mərhələdə hər nominasiya üzrə qaliblər elan olunur, onlayn final konserti keçirilir.

 

Qeyd edək ki, müsabiqə ilə bağlı sual yarandığı halda (+994) 51 966 96 10 və (+994) 55 730 00 06 telefon nömrələri ilə əlaqə saxlanıla bilər. 

 

Qaliblər “Qran Pri” mükafatı, hər yaş qrupu üzrə I, II, III yerlərə layiq görülən iştirakçılar diplom ilə, müəllimlər, xoreoqraflar və bədii rəhbərlər isə xüsusi diplom ilə, digər iştirakçılar isə sertifikatla təltif olunacaq.

 

 



08.04.2021 | 10:43