Millət vəkili “Peşəkarla görüş” layihəsində

Mingəçevir Dövlət Universitetində (MDU) “Peşəkarla görüş” layihəsi çərçivəsində növbəti tədbir keçirilib. Görüşün qonağı millət vəkili, İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) yaradıcısı Vüqar Bayramov olub.

 

“Zəfərdən quruculuğa: Qarabağın iqtisadi potensialı və perspektivlər” mövzusunda keçirilən görüşün moderatoru olan MDU-nun rektoru Şahin Bayramov layihənin əsas məqsədini və başlıca əhəmiyyətini diqqətə çatdırıb. Sonra iqtisadçı alim, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, Əmək və sosial siyasət komitələrinin üzvü V.Bayramovun bioqrafiyası, qanun yaradıcılığında və ölkəmizin ictimai-siyasi həyatında aktiv iştirakı, regionda ən güclü hesab edilən beyin mərkəzlərindən birinin təsisçisi kimi fəaliyyəti barədə məlumat verib.

 

Qarabağda irimiqyaslı bərpa və quruculuq işlərinə start verildiyini diqqətə çatdıran Ş.Bayramov ölkə mətbuatında Qarabağın iqtisadi inkişaf perspektivləri haqqında V.Bayramovun ictimaiyyət üçün maraq doğuran çoxsaylı fikirlərinə tez-tez rast gəlindiyini vurğulayıb, görüşün tədbir iştirakçıları üçün faydalı olacağına əminliyini bildirib.

 

Universitetin professor-müəllim, tələbə və məzun heyəti üzvləri ilə görüşməkdən məmnunluğunu ifadə edən V.Bayramov son dövrdə MDU-da yeni çağırışlara uyğun baş verən pozitiv dəyişiklikləri maraqla izlədiyini diqqətə çatdırıb.

 

Tədbirin mövzusunun aktuallığından danışan V.Bayramov tarixi Zəfərin qazanılması nəticəsində ölkəmizdə iqtisadi baxımdan yeni inkişaf mərhələsinə keçid üçün geniş imkanların yarandığını bildirib.

 

O, böyük iqtisadi potensiala malik olan Yuxarı-Qarabağ və Kəlbəcər-Laçın iqtisadi rayonlarının uzun müddət işğal altında qaldığını, erməni vandalları tərəfindən vəhşicəsinə talan edildiyini söyləyib, bu iki mühüm iqtisadi bölgənin düşmən təcavüzündən azad edilməsinin perspektiv dövrdə Azərbaycanın iqtisadi artımında əhəmiyyətli rol oynayacağını vurğulayıb.

 

Prezidentin təsdiq etdiyi “Azərbaycan-2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” strateji sənədində Böyük Qayıdışın ayrıca prioritetlərdən biri kimi müəyyən edildiyini diqqətə çatdıran millət vəkili Qarabağın dirçəldilməsi istiqamətində həyata keçirilən düşünülmüş və sistemli dövlət tədbirlərindən danışıb.

 

Qarabağda sənaye, kənd təsərrüfatı, turizm və digər fərqli sektorların inkişafı üçün zəngin potensialın mövcud olduğunu qeyd edən V.Bayramov iqtisadi fəaliyyətə reinteqrasiya olunmasından sonra Qarabağ regionunun qısa müddət ərzində ölkə iqtisadiyyatında payının əhəmiyyətli dərəcədə artmasının gözlənildiyini bildirib.

 

Tarixi abidələrinin zənginliyi, təbiətinin cəlbediciliyi və digər özünəməxsus xüsusiyyətləri ilə Qarabağın Cənubi Qafqazda turizm potensialına görə seçilən azsaylı bölgələrdən hesab edildiyini vurğulayan iqtisadçı regionun fasiləsiz turizm xidmətləri təqdim etmək imkanlarından, yay, qış, sağlamlıq, tarixi, mədəni və dini turizm növlərinin inkişaf perspektivlərindən bəhs edib.

 

Eyni zamanda, Qarabağın təbii ehtiyatlarla zəngin olmasının sənaye sektorunun formalaşması və emaledici sənayenin inkişafı baxımından mühüm əhəmiyyət kəsb etdiyini  bildirib, bölgədə yeni sənaye müəssisələrinin fəaliyyəti üçün mövcud imkanlar barədə ətraflı məlumat verib.

 

V.Bayramov qeyd edib ki, regionda hava limanının inşası davam edir, yeni yollar çəkilir və Zəngəzur nəqliyyat dəhlizinin istifadəyə verilməsi ölkəmizin beynəlxalq yükdaşımalarda payının artmasına müsbət təsir göstərəcək.  

 

Millət vəkili daha sonra tədbir iştirakçılarının suallarını cavablandırıb.

 



13.04.2021 | 11:30