Məktəb psixoloqları üçün ixtisasartırma təlimləri təşkil olunub

Təhsil İnstitutu UNICEF (BMT-nin Uşaq Fondu) ilə birgə "Fövqəladə vəziyyət şəraitində uşaqlara və yeniyetmələrə məktəb əsaslı psixososial dəstəyin göstərilməsi" adlı layihənin icrasını davam etdirir.

 

Layihə çərçivəsində cəbhəyanı ərazilərdə fəaliyyət göstərən məktəb psixoloqları üçün “Böhran vəziyyətlərində məktəbdə ilkin psixoloji yardım məsələləri” mövzusunda ixtisasartırma təlimləri təşkil olunub. 

Ağdam, Ağcabədi, Bərdə, Tərtər, Tovuz, Füzuli, Goranboy rayonları, Gəncə və Naftalan şəhərlərində keçirilən təlim proqramı məktəbdə psixoloji xidmətin etik prinsipləri, məktəb psixoloqunun əsas bacarıqları, böhran vəziyyətlərinin profilaktikası, böhran vəziyyətlərinin diaqnostikası, böhran vəziyyətlərində ilkin psixoloji yardım texnikaları, dialektik davranış terapiyası və digər mövzuları əhatə edir. Təlimlər zamanı müdavimlərə məktəb psixoloqunun vəzifə öhdəlikləri və hüquqları, psixoloqun ünsiyyət, müşahidə və stressi idarəetmə bacarıqları, böhran hallarının uşaq psixologiyasına təsiri, böhran vəziyyətinin yaratdığı psixi travmalar, proyektiv metodikalar və onlardan istifadə, söhbət metodu, uşaqlarda və yetkinlərdə emosional intellektin inkişaf etdirilməsi və s. haqqında məlumatlar verilib. Eyni zamanda, mövzularla bağlı müəllimlərin fikirləri dinlənilib, bu bacarıqların inkişaf etdirilməsi üçün nəzərdə tutulmuş proyektiv metodikalar, nəfəs texnikaları və müvafiq faydalı tapşırıqlar işlənilib. 

 

Qeyd edək ki, “Böhran vəziyyətlərində məktəbdə ilkin psixoloji yardım məsələləri” mövzusunda təlimlər "Microsoft Teams" platforması üzərindən onlayn formatda keçirilib. Mart ayının sonuna qədər 300 məktəb psixoloqu təlimlərə cəlb olunub.



14.04.2021 | 13:14