Beynəlxalq Ticarət Missiyası Proqramının təqdimatı

Azərbaycan Texniki Universiteti (AzTU) ilə “ALSTOM Transport Azərbaycan” MMC arasında imzalanan memoranduma uyğun olaraq “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC və “Antwerp International”ın təşkilatçılığı ilə Beynəlxalq Ticarət Missiyası Proqramının onlayn təqdimatı keçirilib.

 

AzTU-dan bildirilib ki, proqram çərçivəsində Belçikanın Brüssel, Antverpen və Gent şəhərlərində treninqlərin təşkili nəzərdə tutulub.

 

Təqdimatda AzTU prorektorları- İlham Pirməmmədov və İsa Xəlilov, nəqliyyat və logistika fakültəsinin dekanı Allahverdi Şərifov, dekan müavini Qəzənfər Axundov, energetika və avtomatika fakültəsinin dekanı Hüseynqulu Quliyev, Karyera mərkəzinin müdiri Aytac Rzayeva iştirak edib.

 

Görüşdə Ticarət Missiyası Proqramı çərçivəsində 28 iyun - 2 iyul tarixlərində “APEC Antwerp/ Flanders” Liman Təlim Mərkəzi ilə birlikdə təşkil ediləcək fəaliyyətlərə, tədris proqramına və ziyarət turlarına dair ətraflı məlumat verilib.

 

Təqdimatdan sonra sual-cavab sessiyası keçirilib.

 

Qeyd edək ki, Ticarət Missiyası Proqramı çərçivəsində hazırlıq işləri AzTU-nun nəqliyyat və logistika, energetika və avtomatika fakültələri və Karyera mərkəzinin birgə təşkilatçılığı ilə davam etdiriləcək. 

 

 



15.04.2021 | 20:39