İlham ƏLİYEV, Müzəffər Ali Baş Komandan: İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir

Dekabrın 10-da keçirilmiş hərbi paradda bu lövhə nümayiş etdirildi. Azadlıq meydanında, bütün xalqımızın gözü qarşısında Ermənistanın məğlubiyyəti, erməni fərariliyi bir daha göstərildi. Bu gün Hərbi Qənimətlər Parkında bu lövhə nümayiş etdirilir. Yük maşınlarının burada sərgilənən nömrələri götürülmüş texnikanın, sadəcə, kiçik hissəsini təşkil edir. Düşmənin 522 yük maşını məhv edilib, qənimət kimi götürülüb. Buraya gələn hər bir insan - Azərbaycan vətəndaşı, ölkəmizə gələcək qonaqlar bunu görəcəklər. Ermənilər də bunu görsünlər. Görsünlər ki, onların bəd əməlləri cavabsız qalmadı. Budur, onlara verilən cavab. Qarabağ Azərbaycandır!

 

Həm İkinci, həm də Birinci Qarabağ müharibəsinin şəhidlərinin qanını döyüş meydanında aldıq, o cümlədən günahsız insanların, Xocalı qurbanlarının, digər mülki şəxslərin intiqamını düşməndən döyüş meydanında aldıq. Biz döyüşərək, vuruşaraq, qan tökərək tarixi ədaləti bərpa etdik, ərazi bütövlüyümüzü bərpa etdik, düşməni torpaqlarımızdan qovduq.

 

İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Xalqımız bu müharibə ilə bağlı əbədi qürur hissi keçirəcək. Biz müzəffər xalq kimi özümüzü dünyada təsdiq etmişik. Ermənistan isə məğlub edilmiş ölkədir, bizim qarşımızda diz çökmüş ölkədir, başını, boynunu bükmüş ölkədir və həmişə belə olacaq.

 

İkinci Qarabağ müharibəsi də bizim gücümüzü göstərdi, müasirliyi göstərdi. Çünki biz XXI əsrin müharibəsini aparmışıq və bu gün artıq sirr deyil ki, dünyanın aparıcı hərbi məktəblərində İkinci Qarabağ müharibəsindəki əməliyyatlarımız, bizim uğurlarımız, Qələbəmiz öyrənilir.

 

Bizim Qələbəmiz təkcə xalqımızın qələbəsi deyil, bütün türk dünyası bizim qələbəmizlə fəxr edir. Biz yeni reallıq yaratmışıq. Biz qan tökərək, cəsarət göstərərək, düşməni qovaraq yeni reallıq yaratmışıq. Bu gün hər kəs bizimlə hesablaşmalıdır və hesablaşacaqdır.

 

Gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə olunması ən vacib məsələlərdən biridir. İkinci Qarabağ müharibəsi göstərdi ki, bu sahədə də böyük uğurlar əldə edilib.

 



16.04.2021 | 09:02