“Müasir mərhələdə magistr hazırlığı: Prioritetlər və hədəflər”

Naxçıvan Dövlət Universitetində “Müasir mərhələdə magistr hazırlığı: Prioritetlər və hədəflər” mövzusunda seminar keçirilib.

 

Universitetin rektoru Elbrus İsayev qeyd edib ki, ali məktəbdə magistratura təhsilinə xüsusi önəm verilir və son illərdə bunun üçün münbit şərait, möhkəm maddi- texniki baza formalaşdırılıb. Hazırda magistraturada 45 ixtisas və 76 ixtisaslaşma üzrə qəbul aparılır. Diqqətə çatdırılıb ki, 2020-2021-ci ilin qəbulunda magistraturaya 248 plan yerinə qarşı 208 nəfər qəbul olunub, bu da  son 10 ilin ən yüksək  nəticəsi sayılır. Dissertasiyalarda informasiya-kommunikasiya texnologiyalarının tətbiqinə geniş yer verilməsinin önəminə diqqət çəkən rektor seçilən mövzuların doğma yurdun tarixini, mədəniyyətini, incəsənətini əks etdirməsinin əsas hədəf meyarlarından biri olduğunu deyib.

 

Magistratura mərkəzinin direktoru Etibar Məmmədov “Magistr hazırlığı və günün tələbləri” mövzusunda çıxış edərək vurğulayıb ki, ali təhsil ocağında  şöbə kimi fəaliyyətə başlayan magistraturaya  ilk qəbul 1997-ci ildə aparılıb və 7 ixtisaslaşma üzrə 27 nəfər magistraturaya qəbul olunub. Onun sözlərinə görə, iki ildir  magistraturaya  qəbul bir mərhələdə həyata keçirilir, bununla da tələbələrin daha asanlıqla təhsilin növbəti pilləsinə daxil olmaq imkanları təmin edilir.

 

Mərkəzin direktoru onu da qeyd edib ki, fevral ayında kecirilən qəbulun nəticələrinə görə təkcə bakalavr mərhələsini bu il  bitirəcək  məzunların 154 nəfəri müsabiqə şərtlərini ödəyib:”İyun ayında təkrar qəbulun da aparılacağını, eləcə də əvvəlki illərdə məzun olmuş bakalavrların da qəbulda iştirakını nəzərə alsaq, bu il universitet üzrə magistratura səviyyəsinə qəbulda yüksək  nəticə olacağını proqnozlaşdırmaq  mümkündür”.

 

Azərbaycan dili və ədəbiyyatı kafedrasının dosenti Arif Ağalarov “Magistr təhsilinə marağın artırılması yolları” mövzusundakı çıxışında diqqətə çatdırıb ki, magistratura təhsili ixtisaslaşmalar üzrə hər hansı ixtisas sahəsinin elmi-tədqiqat və ya peşəkar məqsədlər üçün daha dərindən öyrənilməsini nəzərdə tutur və məzunlara peşəkar fəaliyyətlə, elmi- tədqiqat və elmi-pedaqoji işlərlə məşğul olmaq hüququ verir.

 

Sonda Beynəlxalq münasibətlər və diplomatiya ixtisaslaşması üzrə II kurs magistrant Aysu Cavadlının “Magistratura təhsilində qazandığımız təcrübələr və perspektivlər”, İngilis dili ixtisaslaşması üzrə I kurs magistrant Lalə Rzayevanın isə “Magistratura təhsilinin gələcək karyeramıza təsiri” mövzuları üzrə çıxışları dinlənilib.

 

 



19.04.2021 | 17:33