ADPU-nun Quba filialında yeni kadr islahatları aparılıb

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) mətbuat xidmətindən verilən məlumata görə ADPU-nun Quba filialında qanunvericiliyin tələblərinə uyğun olaraq yeni kadr islahatları həyata keçirilib. Belə ki, filial Elmi Şurasının qərarı ilə təhsil müəssisəsində optimallaşdırma və rasionallaşdırma prosesi çərçivəsində inzibati işçilərin bilik və bacarıqlarına, ixtisas istiqamətlərinə uyğun olaraq vəzifə dəyişiklikləri yerinə yetirilib.

 

Filialda idarəetmədə koordinasiyasının gücləndirilməsi məqsədilə direktorun fəaliyyətinin şaxəliliyini təmin etmək üçün direktor köməkçisi ştatı təsis edilib. Yuxarı təşkilat rəhbərlərinin nümayəndələri ilə qarşılıqlı əlaqələrin tənzimlənməsi, təhsil müəssisəsinin struktur bölmələrinin işinin koordinasiyasının həyata keçirilməsi, struktur bölmələrdən direktor üçün lazımi məlumatların alınması köməkçinin vəzifə funksiyaları kimi qəbul edilir.

 

Həmçinin filialda tədrisin keyfiyyətinin, professor-müəllim heyətinin və tələbələrin hazırlıq səviyyəsinin yüksəldilməsinə yönəlmiş layihələrdə iştirak etmək, eləcə də yerli və beynəlxalq təcrübələrin öyrənilməsi və tətbiqi, filialın fəaliyyəti ilə bağlı akkreditasiya üzrə qəbul olunmuş dövlət təhsil standartlarının və digər normativ hüquqi aktların tələblərinin icrasına nəzarət etmək üçün Keyfiyyətin təminatı şöbəsi yaradılıb.

 

Şöbə öz fəaliyyətində dekanlıq və kafedralar üzrə standartlara əsaslanan hüquqi-normativ sənədlərin yoxlanılması və monitorinqini, tədris proqramlarının, sillabusların, müəllimlərin illik işçi tədris, tələbələrin fərdi planlarının yoxlanılması, müvafiq analitik məlumatların strukturlara ötürülməsi və nəticələrin təhlilini, fənlərin keyfiyyətinin və tədris edən müəllimlərin müvafiq fənlərə adekvatlığının ölçülməsi məqsədilə keyfiyyət sorğularının keçirilməsi və imtahan sessiyasına qədər nəticələrin izlənilməsini, dərslərin keçirilmə qaydasını, təhsilin keyfiyyətini ölçmək məqsədilə fənnlər üzrə ümumfilial qiymətləndirmə sorğularının keçirilməsi və nəticələrin müvafiq strukturlarla qarşılıqlı təhlilini, tələbə və müəllimlər arasında özününqiymətləndirmə sorğularının keçirilməsini və hesabatını, tələbələrin imtahan sessiyasına hazırlıq prosesinə nəzarəti, müvafiq kafedralar tərəfindən imtahan suallarının tələbələrə verilməsi və sualların müvafiq fənn sillabuslarına uyğunluğunun yoxlanılmasını və monitorinqini həyata keçirmək öhdəliyinə malikdir. Bundan başqa şöbə pedaqoji heyətin peşəkar inkişafını təmin edən münbit şəraitin yaradılması məqsədilə onların təlim ehtiyaclarının müəyyən edilməsi üçün sorğuların keçirilməsi öhdəliklərini də qarşılayır.

 

Pedaqoji kadr hazırlığı çərçivəsində pedaqoji təcrübənin düzgün təşkil edilməsi və ali məktəbi bitirən məzunların sonrakı fəaliyyətlərinin izlənilməsi önəmli məsələlərdən biri kimi universitetlərin reytinq qiymətləndirilməsində yüksək balla qiymətləndirilir. Bu məqsədlə Elmi Şuranın qərarı ilə filialda “Təcrübə və məzunlarla iş üzrə rəhbər” vəzifəsinin təsis edilməsi filialın gələcək uğurlu hədəflərinə hesablanmışdır.

 

ADPU-nun Quba filialının Elmi Şurasının qərarı ilə yaradılan yeni strukturlara filialın direktoru dosent Yusif Alıyevin müvafiq əmrləri ilə kadr təyinatları həyata keçirilib.

 



19.04.2021 | 19:34