Birinci sinfə şagird qəbuluna start verilir

Bu həftə www.mektebeqebul.edu.az  elektron portal vasitəsilə 2021-2022-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna başlanılıb.  Ayın 27-dən başlayaraq ümumtəhsil müəssisələri üçün ölkə üzrə I sinfə onlayn qeydiyyata, aprelin 29-dan isə məktəb seçiminə start verilib. Artıq ölkə üzrə 17981 şəxsi kabinet yaradılıb, 14900 nəfərin məlumatları şəxsi kabinetlərinə daxil edilib.

 

Hazırda qeydiyyat və məktəb seçimi davam edir. Eyni zamanda, dövlət ümumi təhsil müəssisələrinin tədrisi digər dillərdə aparılan birinci siniflərinə qəbulla bağlı məktəbəhazırlıq qruplarına cəlb olunmuş və cəlb olunmamış uşaqların həmin dil üzrə şifahi nitq bacarıqlarının yoxlanılması məqsədilə  təşkil ediləcək müsahibələrə yazılmaq mümkündür. Bu məqsədlə təşkil edilən müvafiq komissiyalar artıq fəaliyyətə başlayıb. Mayın 4-dən rus bölməsi üzrə müsahibələrə başlanılacaq.  Bu il birinci sinfə qəbulla bağlı müsahibələr onlayn formada keçiriləcək. Növbəti tədris ilindən isə məktəbə qəbul prosesinin tam elektronlaşdırılacağı nəzərdə tutulub.

 

Qeyd edək ki, COVID-19 pandemiyasına görə ölkədə xüsusi karantin rejiminin tətbiq olunduğu nəzərə alınaraq tədrisi başqa dillərdə aparılan birinci siniflərə qəbul olanlar üçün təşkil edilən müsahibələr onlayn həyata keçirilir. Müsahibələr tədrisi başqa dillərdə aparılan birinci siniflərə qəbul olanların həmin dil üzrə yalnız şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üçün təşkil edilir. Müsahibə komissiyaları uşaqların təhsil almaq istədiyi dildə dinləyib anlamasına, ünsiyyət qura bilməsinə, öz fikrini sadə formada ifadə etməsinə diqqət yetirir.  Qiymətləndirmə aparılarkən söz və ya söz birləşmələrini necə tələffüz etməsi, özü və ailəsi haqqında məlumat verməsi kimi meyarlar nəzərə alınır. Nəticələr müsahibədən sonra  3 gün ərzində bildirilir. Belə ki, bu barədə həm qeydiyyatdan keçirilən nömrəyə SMS bildiriş, həm də şəxsi səhifələrə məlumat göndərilir.

 

Uşağını başqa dildə oxutmaq istəyənlərə xəbərdarlıq

 

Müsahibə qaydaları ilə bağlı Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdir müavini Orxan Abbasov valideynlərə xəbərdarlıq edib. O, müsahibələr zamanı uşaqlara kömək etməməyi məsləhət görüb: “Onlar bununla övladını çaşdırır və psixoloji təzyiq edirlər. Valideynlər onlayn müsahibələrə qoşulmağa yardım edə bilərlər. Ancaq müsahibə zamanı edilən hər bir müdaxiləni işçilərimiz bilir. Bu, uşaqların nəticəsinin qənaətbəxş sayılmamasına səbəb ola bilər”.

 

Cavabları qənaətbəxş sayılan və müsahibədən uğurla keçən uşaqların valideynlərinin məktəb seçimi ilə bağlı sorğularını yerləşdirmələri iyunun 24-ü saat 11:00-dan etibarən mümkün olacaq. Məktəbəhazırlıq qruplarına cəlb olunanlar isə müsahibədən uğurla keçdikdə həmin məktəbdə birbaşa I sinfə qəbul ediləcəklər.

 

O.Abbasov  müsahibədən kəsilən uşaqların yenidən Azərbaycandilli məktəblərə sənəd verə biləcəyini vurğulayıb.

 

Müsahibələr iyunun 14-dək davam edəcək.

 

Rus bölməsi üzrə birinci sinfə ərazi üzrə qəbul aparılan ümumi təhsil müəssisələrinə məktəb seçimi üçün qeydiyyat iyulun 12-də bitir. İyulun 19-dan birinci siniflərinə prioritetlər üzrə məktəb seçimi etmiş və müsabiqədən uğurla keçən şagirdlər üçün müəllim seçimi başlayacaq.

 

Birinci sinfə qəbulla bağlı elektron qeydiyyat prosesi sentyabrın 14-də başa çatacaq.

 

Lisey və gimnaziyalar: öncə müsahibə, sonra müsabiqə

 

İyulun 5-dən 15-dək Təhsil Nazirliyinin birbaşa tabeliyində olan ümumi təhsil müəssisələrinin birinci siniflərinə qəbulla bağlı müsabiqələr keçiriləcək. Müsabiqəyə yazılmaq üçün artıq qeydiyyat başlayıb. Xatırladaq ki, Təhsil Nazirliyinin birbaşa tabeliyində olan Bakı Avropa liseyi, Respublika İncəsənət Gimnaziyası və Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin Azərbaycan bölməsi üzrə birinci siniflərinə qəbulla bağlı müsabiqəyə yazılmaq üçün qeydiyyata da ayın 29-dan start verilib. Uşağının tədrisi digər dillərdə aparılan bölmədə təhsil almağını istəyən və bunun üçün lisey və gimnaziyaları seçənlər öncə şifahi nitq bacarıqlarının yoxlanılması üzrə müsahibə üçün qeydiyyatdan keçir, uşaq uğur qazanarsa, müsabiqəyə yazılırlar.

 

Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin əməkdaşı Elçin Kərimovun sözlərinə görə, müsahibə başa çatdıqdan sonra ərazi üzrə yaşayanlar lisey və gimnaziyalara birbaşa qəbul olunurlar. Qeyri-ərazidə yaşayanlar isə müsabiqədən keçməlidirlər.

 

Tədrisi digər dillərdə aparılan bölmə üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi müsahibəsində uğur qazanmayan uşaqlar qeydiyyat ünvanına uyğun olan lisey və gimnaziyalarda Azərbaycan bölməsinə qəbul edilirlər. Qeydiyyat ünvanı həmin lisey və ya gimnaziyanın müəyyən edilmiş ərazisinə uyğun olmayanlar təhsil müəssisəsində yer olarsa, qəbul edilirlər. Belə ki, uşağın bacı və qardaşlarından biri həmin lisey və ya gimnaziyada təhsil almırsa və ya valideynlərdən (qanuni nümayəndə) biri həmin lisey və ya gimnaziyada işləmirsə “Növbə” bölməsini seçərək növbəyə yazılırlar.

 

Məktəbəhazırlıqdan ibtidai təhsil səviyyəsinə

 

Yeni tədris ili üçün birinci sinfə qəbul məktəbəhazırlıq qruplarına qəbulu da diqqət mərkəzinə gətirib. Bu il I sinfə gedənlərin təxminən 70-75 faizinin məktəbəhazırlıq qruplarından cəlb olunduğunu nəzərə alsaq, məsələnin diqqətdə olmasının səbəbi aydın olar.

 

2020-2021-ci tədris ilində məktəbəhazırlıq qruplarına 104 min uşaq cəlb edilib. Artıq Azərbaycan dilində məktəbəhazırlıq qrupunda olan 94 min şagirdin I sinfə keçirilməsi  təmin olunub. Məktəbəhazırlıq qruplarına cəlb olunan uşaqların cari il üçün elektron kabineti mövcuddur. Ona görə də elektron sistemdə valideyn və ya uşağın qanuni nümayəndəsinin yeni şəxsi kabinet açmasına ehtiyac yoxdur. Sadəcə həmin login və şifrə ilə məktəb seçimi etmək mümkündür.

 

Növbəti tədris ili üçün qeydiyyatın nə vaxt başlayacağı isə hələlik məlum deyil. Təhsil Nazirliyinin rəsmiləri bunun iyun-iyul aylarına çəkəcəyini bildirib. Belə ki, Ümumi təhsilin təşkili  və idarəolunması şöbəsinin müdir müavini Orxan Abbasov davam edən pandemiya şəraitini əsas gətirərək vaxtın dəyişdiriləcəyi ehtimalını istisna etməyib.

 

Şagird qəbulu: müraciətlərə operativ cavab verilir

 

Bir neçə ildir I sinfə qəbul mektebeqebul.edu.gov.az  portalı vasitəsilə həyata keçirilir. Bu il prosesdə qarşıya çıxan problemlərin tez və operativ həll edilməsi, sualların vaxtında cavablandırılması üçün mövcud olan hər yola əl atılıb. Belə ki, Təhsil Nazirliyinin rəsmi internet saytının “Sual-cavab” bölməsinə (https://edu.gov.az/az/faq) “Virtual bələdçi” xidməti əlavə edilib.

 

Bundan başqa, Təhsil Nazirliyi birinci sinfə şagird qəbulu ilə bağlı “Whatsapp” hesabını da valideynlərin ixtiyarına verib. Beləliklə, valideyinlər https://api.whatsapp.com/send/?phone=994512067848 linki vasitəsi ilə  keçid edə,  (+99451) 206-78-48 “Whatsapp” nömrəsindən maraqlandığı suala cavab tapa bilərlər.

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsində də Çağrı Mərkəzi yaradılıb. Odur ki, 2021-2022-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulu prosesinin həyata keçirilməsinə dair sualı və yaxud çətinliyi olan vətəndaşlar həftəiçi 5 gün “146-0” nömrəsini yığmaqla Çağrı Mərkəzi ilə əlaqə yarada bilərlər.

 

Ölkəmizdə şagird qəbulu qaydalarına uyğun olaraq, internet çıxışı olmayan vətəndaşlar üçün isə alternativ qeydiyyat mərkəzləri təşkil olunub.

 

Alternativ qeydiyyat mərkəzlərinin işi mövcud sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq, həm ənənəvi, həm də onlayn qaydada (“WhatsApp” nömrələr vasitəsilə) təşkil olunub. Belə ki, özü elektron qeydiyyatdan keçə bilməyən və ya internet resurslarına çıxış imkanı olmayan valideynlərə (iş günləri ərzində saat 10:00-dan 16:00-dək) müvafiq məktəblərdə yaradılmış, həmçinin “WhatsApp” müraciətlərinin cavablandırılması üçün təyin olunmuş işçi qrupları tərəfindən zəruri kömək göstəriləcək.

 

Daha operativ xidmət göstərmək üçün 12 rayon üzrə 27-si məktəblərdə, 4-ü onlayn olmaqla, ümumilikdə 31 Alternativ qeydiyyat mərkəzi (https://baku.edu. gov.az/az/ page/276) müəyyən olunub.

 

Qeydiyyat mərkəzlərinə gələ bilməyən valideynlər üçün 4 WhatsApp nömrəsi vasitəsilə onlayn müraciətlər qəbul edilir. Həmin nömrələr aşağıdakılardır:

 

Binəqədi, Sabunçu və Yasamal rayonları üzrə:     (+994 51) 563-15-77

Suraxanı, Xəzər və Pirallahı rayonları üzrə:          (+994 51) 543-15 -77

Nərimanov, Səbail və Qaradağ rayonları üzrə:      (+994 51) 568-15-77

Nəsimi, Nizami və Xətai rayonları üzrə:                           (+994 51) 546-15-77

 

Xatırladaq ki, valideynlər digər bütün hallarla bağlı www.mektebeqebul.edu.az  elektron portalında şəxsi kabinetlərindəki “Əlaqə” bölməsi vasitəsilə müraciət ünvanlaya bilərlər.

 

Ruhiyyə DAŞSALAHLI

 



30.04.2021 | 09:43