“Müharibədə keçən hər dəqiqəm üçün qürur duyuram”

Məktəbdə də, səngərdə də fərqlənib. Məktəbdə direktorları, səngərdə komandirləri öyüb onu. Azərbaycan məktəbinin gənc müəllimlərindən biri Asif Məmişzadə Vətən müharibəsində iştirak etdiyi qısa müddətdə döyüş əzmi, dəqiq atəşi ilə döyüşçü dostlarının, silahdaşlarının hörmətini qazanıb. Asif Məmişzadə Vətən müharibəsində göstərdiyi şücaətinə görə ölkə Prezidenti tərəfindən “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

 

Çavuş Məmişzadəni zenit artilleriya tağımında qurğu komandiri seçdilər

 

Asif müəllim Yardımlının Vərgədüz kəndindəndir. 1993-cü ilin ilk günündə doğulub. Kənddəki şəhid Arif Bağırov adına tam orta məktəbi bitirib. Şəhidliyin millətin ürəyindəki yerini də elə o vaxtdan öyrənməyə başlayıb. Vətənini, vətən sevgisini oxuduğu məktəbin adındakı “şəhid” ifadəsi, şəhid adıyla yanaşı öyrənib.

 

Məktəbdə yaxşı oxuyub. Bütün fənlərə maraq göstərib. Ailəsi də onun oxumağını istəyib. Ancaq məktəbi bitirəndə “Öncə Vətən borcu” deyib. Əksəriyyət təhsilini tamamlayıb, sonra hərbi xidmətə gedəndə, o, təhsilini hərbi xidmətdən sonraya saxlayıb. 2011-ci ildə həqiqi hərbi xidmətə yollanıb. Silahla ilk tanışlığı da bu zamana təsadüf edib. Əlinə ilk aldığı silah ağır toplar, hava hücumundan müdafiə qurğuları olub. Goranboyda hərbi xidmət zamanı artilleriya qurğularına elə maraq sarıb ki, onlardan sadəcə istifadə qaydasını yox, həm də söküb-yığmağı öyrənib. Qurğuların dilindən anlayan əsgər yoldaşlarının əlinə baxmaqla zenit toplarını qısa müddətdə asanlıqla yığıb-açıb. Məktəbdə aldığı təhsil hərbi xidmətdə də onu fərqləndirib: “Təlimatları öyrənib icra etməkdə seçilirdim. Ona görə hərbi xidmətdə önə çıxartmağa əsgər lazım olanda məni çağırırdılar. Komandirim mühüm vəzifələri mənə tapşırırdı”.

 

Çox keçmədən onun bacarığı qiymətləndirilib. Çavuş Məmişzadə zenit artilleriya tağımında qurğu komandiri olub: “Mənə xidmətdən artıq qulluq keçməyi təklif etdilər. Qalmaq da istəyirdim. Ancaq ailəm razılaşmadı. Məktəbdə yaxşı oxumuşdum, onlar da təhsil almağımı istəyirdilər. Ailəmin israrı ilə 1 il 6 ay sonra xidmətimi başa vurub evə qayıtdım”.

 

ADPU məzunu Məlikli kənd məktəbinin müəllimi

 

2013-cü ilin yanvarında hərbi borcunu tamamlayan Asif Məmişzadə ali məktəbə hazırlaşmağa başlayıb. Hərbi xidmət dövründə unutduqlarını xatırlamaq kifayət idi. O, həmin il iştirak etdiyi ali təhsil müəssisələrinə qəbul imtahanlarında uğur qazanaraq Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialının tələbəsi olub.Tarix-Coğrafiya müəllimliyi ixtisası üzrə təhsilini başa vurub Müəllimlərin İşə Qəbulu müsabiqəsinə qatılıb və 2017-ci ildə iştirak etdiyi həmin müsabiqədə də seçilib. Onu seçib Yardımlının Məlikli kənd məktəbinə müəllim göndəriblər: “2020-ci ilin aprelində yerdəyişmə müsabiqəsinə qatılaraq iş yerimi Horonu kənd tam orta məktəbinə dəyişdim. Horonu bizim kəndə daha yaxındır. Ancaq artıq yenidən yerdəyişmə zərurəti yaranıb. Çünki indi səhhətimlə əlaqədar çox yeriyə bilmirəm. Hava soyuqlaşanda səhhətimdə problemlərim daha da artır, yeriməyim çətinləşir. Sırıq kənd tam orta məktəbində vakansiya olacağı gözlənilir. Mənim üçün hazırda ən yaxın Sırıq kənd tam orta məktəbidir. Həmin məktəbə yerdəyişmə etmək istəyirəm”.

 

Qazi Asif Məmişzadə

 

Asif müəllimi yenidən şagirdlərindən ayrılmağa məcbur, evi ilə məktəb arasındakı məsafəni azaltmağa sövq edən səbəb isə Vətən müharibəsində aldığı yaralardır: “Başımdan və ayağımdan yaralanmışam. Başımda qəlpələr vardı, qulaq pərdəm zədələnib. Arada eşitməmdə problem yaranır. Uzun müddət müalicə aldım. Hazırda ev şəraitində müalicə davam edir”.

 

Vətən müharibəsində iştirakına gəlincə, Asif müəllim 2020-ci ilin yayında baş verən Tovuz hadisələrindən sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət edib. Onun müraciəti Vətən müharibəsi ərəfəsində dəyərləndirilib. Gənc müəllim hərbi bacarıqlarından istifadə etməyin vaxtı çatdığını göstərən çağırış alanda sevinib. Yüngül əsgər çantası hazırlayaraq dərhal çağırışa müsbət cavab verib. Həmin çantada o gün ən ağır gələn geridə qoyduqıları - ata-anası, qardaş-bacısı və 1 yaşlı qızına olan sevgisiydi.

 

“Tanımadığımız insanlarla bir-birimizə güvənməyi öyrəndik”

 

Asif müəllim sentyabr ayının 21-dən hərbi təlimlərə qatılıb və əks-hücum əməliyyatlarının ilk iştirakçılarından olub: “Döyüşə Füzulidən başladıq. İştirak etdiyim hər günü qürurla xatırlayıram. Tarix kitablarından oxuduğumuz müharibə haqqında mətnlərin hər sətrini yaşayırdıq. Bu, elə də asan deyildi, ancaq qürurvericiydi. Bu müharibə mənim üçün döyüşmək üçün can atan qəhrəmanlar deməkdir. Hansı ki, nə qədər danışsaq da, onların qəhrəmanlığını, ürəyindəki vətən sevgisini anlatmağa söz çatmaz. Müharibədə əsl yoldaşlıq gördüm. Yaralı yoldaşına, hətta adını belə öyrənməyə vaxt tapmadığı silahdaşına kömək edənləri gördüm.İnsanın insana sevgisinin şahidi oldum. Tanımadığımız insanlarla bir-birimizə güvənməyi öyrəndik. Müharibədə keçən hər dəqiqəm üçün bu gün qürur duyuram”.

 

Asif müəllimin keçdiyi döyüş yolu uzun olmayıb. Oktyabrın 4-də yaralanaraq döyüş bölgəsindən uzaqlaşdırılıb: “Füzulidən sonra Xocavənd istiqamətində döyüşlərə qatılmışdıq. Xocavəndlə sərhəddə yerləşən Füzulinin Alıxanlı kəndindəydik. Silah-sursatımızı yeniləmək üçün qayıtmışdıq. Artıq yeni tapşırıq gəlmişdi - döyüşə hazırlaşırdıq. Bu vaxt mövqeyimiz düşmənin artilleriya atəşinə məruz qaldı. Yaxınlığımıza düşən minamyot atəşi nəticəsində ağır yaralandım. Sonradan öyrəndim ki, həmin vaxt postda olan 21 nəfərdən cəmi 6 nəfər sağ qalıb, qalanları şəhid olub”.

 

Qəhrəman MÜƏLLİM Asif Məmişzadə

 

“Hər birimiz layiqincə döyüşməyə əlimizdən gələni etməyə çalışırdıq. Döyüşdən yayınmağa cəhd edən yox idi” , - deyən topçu müəllim aldığı dəqiq nişanlarla düşməndən qisasını alıb, o günə - 21 silahdaşı ilə birgə məruz qaldığı minamyot zərbəsinə qədər. O yaralanıb döyüş meydanından çəkilsə də, silahdaşları onun yolunu davam etdiriblər. Nəticə millətin yanan ürəyinə sərinlik gətirdiyi kimi, 30 illik həsrətə də son qoyub. Qalib Azərbaycan Ordusunun bu böyük zəfərində müəllimlərin əməyi, müəllimlərin canı-qanı, müəllimlərin payı böyükdür. Azərbaycan Ordusu artıq müharibə vəziyyətində deyil. Ancaq Azərbaycan müəllimi üçün savaş bitməyib, sadəcə cəbhə dəyişib. Təhsil səngərində - məktəbdə Azərbaycan müəllimi vətənə qəhrəmanlar yetişdirir. Bilir ki, qəlbinə vətən sevgisi, beyninə qələbənin koordinatlarını ötürərək yetişdirdiyi hər fidan vətən çəpəridir.

 

Ruhiyyə DAŞSALAHLI



30.04.2021 | 14:24