“Azərbaycanşünaslıgın aktual problemləri”

Bakı Slavyan Universitetində (BSU) ali təhsil müəssisəsi rəhbərliyinin dəstəyi və Elmi-Tədqiqat layihələri laboratoriyasının Azərbaycanşünaslıq və slavistika bölməsinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunan "Azərbaycanşünaslıgın aktual problemləri" mövzusunda XII Beynəlxalq elmi-praktik konfrans keçirilib.

 

Konfransda Rusiya, Qazaxıstan, Özbəkistan və Qaraqalpaq Muxtar Respublikasının tanınmış universitetləri, həmçinin respublikanın ali təhsil müəssisələri, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müvafiq elmi-tədqiqat institutları, elmi müəssisə və təşkilatların alim və mütəxəssisləri iştirak ediblər.

 

BSU-nun rektoru, professor Nurlana Əliyeva "Ümummilli lider Heydər Əliyev və müasir Azərbaycan" mövzusunda məruzə ilə çıxış edib. Professor bildirib ki, Ulu öndər Heydər Əliyevin xalqımızın rəsmi milli ideologiyası kimi müəyyənləşdirdiyi Azərbaycançılıq ideologiyası bir çox istiqamətləri əhatə edir:” BSU-nun gənc nəslin təlim-tərbiyəsi ilə məşğul olan bir ali təhsil müəssisəsi kimi bu beynəlxalq elmi-praktik konfransı keçirməsi olduqca təqdirəlayiqdir. Biz tələbə-gənclərimizi bilikli, bacarıqlı, müasir düyagörüşünə malik, peşəkar və yüksəkixtisaslı kadrlar kimi, eyni zamanda xalqını, millətini ürəkdən sevən vətənpərvər, yüksək milli-mənəvi dəyərlərimizə, Azərbaycançılıq ideologiyasına, dövlət və dövlətçiliyə sədaqət ruhunda tərbiyə edib formalaşdırmalıyıq”.

 

Rektor qeyd edib ki, konfrans həm də əlamətdar bir dövrə təsadüf edir. Belə ki, xalqımız Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin müdrik siyasəti, yenilməz iradəsi, hərbi məharəti, möhtəşəm diplomatiyası, hünəri, rəşadəti və şanlı Azərbaycan Ordusunun igid əsgər və zabitlərinin qəhrəmanlığı nəticəsində Qarabağ uğrunda aparılan ədalətli, müqəddəs, şərəfli Vətən müharibəsində tarixi Qələbə qazandı:”Qeyd etmək lazımdır ki, tarixi ədalətin, beynəlxalq hüququn norma və prinsiplərinin bərqərar olmasında, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsində Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi müdrik siyasi kurs və strateji dövlətçilik konsepsiyası mühüm rol oynadı. Böyük qürur hissi ilə deyə bilərik ki, bügünkü müstəqil, hüquqi,  demokratik, dünyəvi və hərtərəfli inkişaf edən, yüksək beynəlxalq siyasi nüfuza malik olan Azərbaycan Respublikası Ulu öndər Heydər Əliyevin şah əsəridir”.

 

Konfransın plenar iclasında BSU-nun elmi işlər üzrə prorektoru, professor Rafiq Novruzov, tədris işləri üzrə prorektoru, professor Telman Cəfərov, AMEA-nın Naxçıvan Bölməsinin sədri, akademik İşmayıl Hacıyev, Qərbi Qazaxıstan Universitetinin professoru Tuyakbay  Rısbekov, Cənubi Qazaxıstan Universitetinin professoru Aliya Kulumbetova, Qaraqalpaq Dövlət Universitetinin professoru Məleykə Djumamuratova, BSU-nun Azərbaycanşünaslıq və slavistika bölməsinin müdiri, dosent Sadir Məmmədov məruzələrlə çıxış ediblər.

 

Konfransın yekun iclasında bölmə rəhbərlərinin hesabatları dinlənilib,  konfransın yüksək səviyyədə təşkil edildiyi xüsusi vurğulanıb, həmçinin qərar və tövsiyələr qəbul edilib.

 



30.04.2021 | 15:16