“Karyera və iş yarmarkası”

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin təşəbbüsü ilə Dövlət Məşğulluq Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Gabala Hospitality Groupun birgə əməkdaşlığı çərçivəsində “Karyera və iş yarmarkası” keçirilib.

     

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Qalib Nəbiyev tədbirin məqsədinin işsiz və işaxtaran şəxslərin əmək bazarına çıxışının dəstəklənməsi, onların məşğulluğunun təminatı,  turizm müəssisələrinə  gənc və peşə  təhsilli peşəkarları tanıtmaq, potensial işçiləri tapmalarına dəstək, həmçinin, gənclərə iş əldə etmək imkanı vermək olduğunu bildirib.

 

Tədbirdə Qəbələ Rayon İcra Hakimiyyətinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin,  Dövlət Məşğulluq Agentliyinin, Gabala Hospitality Groupun, Qəbələ Dövlət Bədii-Tarix Qoruğunun,  Qəbələ Gənclər İdman İdarəsinin nümayəndələri çıxış edərək, ölkədə aparılan sosial-iqtisadi inkişaf, əhaliyə göstərilən dövlət dəstək mexanizmləri və proqramları haqqında geniş məlumat veriblər.     

       

“Karyera və iş yarmarkası”na  rayonda turizm istiqaməti üzrə fəaliyyət göstərən 9 müəssisə tərəfindən 225 vakant yer çıxarılıb. Yarmarkaya 250-dən çox  işsiz və işaxtaran vətəndaş qatılıb, 132  nəfər müxtəlif peşə və ixtisas sahibinin tərcümeyi-halları qəbul edilib. Digər iştirakçılara əmək bazarında lazım olan bacarıqlar üzrə təlimatlar verilib,  həmçinin öz karyera hədəflərini təyin etməyə köməklik göstərilib.

 



04.05.2021 | 17:08