MEK-də Nizami Gəncəviyə həsr olunan müsabiqə

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında (MEK) dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illik yubileyinə həsr olunan müsabiqə keçirilib.

 

MEK-in baş direktoru, professor Məmməd Əliyev müxtəlif alimlərin, araşdırmaçıların Nizami Gəncəvi yaradıcılığına mütəmadi olaraq müraciət etdiklərini, bu yöndə dəyərli tədqiqat əsərləri ortaya qoyduqlarını bildirib, böyük mütəfəkkirin irsindən, bu irsin ölkəmiz üçün önəmindən söhbət açıb.

 

M.Əliyev deyib ki, MEK-in ayrı-ayrı şöbələrinin əməkdaşlarının qatıldığı müsabiqədə Azərbaycan və xarici dillərdə videoçarxlar, Nizami Gəncəvi yaradıcılığı haqqında elmi məqalələr, onun yaradıcılığında elmə məlum olmayan faktların araşdırılması istiqamətində materiallar təqdim edilib.
 

Daha sonra müsabiqənin qalibləri müəyyən olunub və MEK-də gələcəkdə də bu tipli müsabiqələrin keçirilməsinin davam edəcəyi vurğulanıb.

 

Sonda professor M.Əliyev Azərbaycan elminin populyarlaşdırılması istiqamətində görülən işlərə dəstək olaraq məqalələrin dünya dillərinə tərcümə ilə bir çox xarici elmi jurnallara göndərilməsini tövsiyyə edib. Professor, həmçinin qeyd edib ki, MEK-də mütəmadi olaraq keçirilən belə müsabiqələrə əməkdaşların qatılması və aktiv iştirak etməsi olduqca vacibdir.

 



05.05.2021 | 17:22