“Qarabağ Azərbaycandır!- müharibədən Qələbəyə” mövzusunda Respublika elmi konfransı

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Qarabağ Azərbaycandır!- müharibədən Qələbəyə” mövzusunda Respublika elmi konfransı keçirilib.

 

ADPU-nun rektoru, professor Cəfər Cəfərov Qarabağ uğrunda müharibədə Prezident, Ali Baş Komandan İlham Əliyevin səriştəli rəhbərliyi ilə qazanılmış Böyük Qələbənin hər bir azərbaycanlı üçün qürurverici olduğunu bildirib. Rektor işğal altında olan torpaqları canı, qanı bahasına mənfur düşməndən geri alan şəhidlərin və qazilərin igidliyindən bəhs edib.

        

Elm və innovasiyalar üzrə prorektor, professor Asəf Zamanov Ermənistan -Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yaranması səbəblərindən danışıb, münaqişənin həlli istiqamətində beynəlxalq təşkilatların 30 ilə yaxın fəaliyyətlərinin heç bir nəticə vermədiyini qeyd edib. O, bütün Azərbaycan vətəndaşlarının, dünya azərbaycanlılarının, həmçinin haqq və ədalət tərəfdarı olan dünya dövlətlərinin və millətlərinin mənəvi dəstəyi ilə Azərbaycan Ordusunun Dağlıq Qarabağı və ətraf rayonları 44 gün ərzində işğaldan azad etməsinin mümkünlüyünün Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu daxili və xarici siyasətin məntiqi nəticəsi kimi qiymətləndirib.

        

Açılış nitqlərindən sonra ADPU-nun professoru Oqtay Sultanov “Ərazi bütövlüyümüzün təmin olunmasında diplomatiyanın rolu", İsveçin UMEA Universitetinin dosenti Səadət Kərimi “İsveçdə Azərbaycan ziyalılarının Qarabağ uğrunda informasiya cəbhəsində apardığı savaş”, Türkiyənin EGE Universitetinin professoru Dr.Aydın İbrahimov “Erməni cəmiyyətinin xüsusiyyətləri”, Avstraliyanın Makkuori Universitetinin professoru Dr.Əli Əkbər Rəsuli "Azərbaycanın işğaldan azad edilmiş torpaqlarının xəritələşdirilməsində peyk təsvirlərinin qabaqcıl emalı prosedurlarının tətbiqi”, ADPU-nun dosenti Yasin Qaraməmmədli "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi konfliktoloji baxımdan" mövzularında məruzələrlə çıxış ediblər.

        

Konfrans maraqlı müzakirələrlə yekunlaşıb.

 



06.05.2021 | 12:30