Dövlət İdarəçilik Akademiyası tələbəsinin uğuru

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) tələbəsi  Samirə Səfərova Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının (ELSA- European Law Students Association) vitse-prezidenti seçilib.

 

Avropa Hüquqşünas Tələbələr Assosiasiyası Avropanın 44 ölkəsində 350-dən çox universiteti və 54500-dən çox hüquq tələbəsini özündə birləşdirən təşkilatdır.

 

DİA-ya 685 balla qəbul olmuş, Hüquqşünaslıq ixtisasının əlaçı tələbəsi Samirə Səfərova 2018-ci ildən bəri Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının Azərbaycan nümayəndəliyində (ELSA Azərbaycan) Milli İdarə Heyətinin üzvü – Akademik Fəaliyyətlər üzrə vitse-prezident kimi fəaliyyət göstərir. 11-17 aprel 2021-ci il tarixində keçirilən Beynəlxalq Şura Toplantısında ELSA Beynəlxalq İdarə Heyətinin Akademik Fəaliyyətlər üzrə vitse-prezidenti vəzifəsinə namizədliyini irəli sürüb və 20-dən çox ölkənin səsini toplayaraq bu vəzifəyə seçilib.

 

O, ELSA Azərbaycanda olan fəaliyyəti ilə yanaşı, Azərbaycan Respublikası Ali Məhkəməsi, tanınmış hüquq şirkətlərində könüllü və təcrübəçi, “Hüquq” jurnalında redaktor kimi fəaliyyət göstərir.

 

DİA-nın  rektoru, akademik Urxan Ələkbərov qazandığı bu uğur münasibətilə S. Səfərova ilə görüşüb və onunla gələcək fəaliyyət istiqamətləri barədə fikir mübadiləsi aparıb. 

 



06.05.2021 | 13:15