Təhsil sahəsində qlobal çağırışlara cavab verən layihə

Avropa Komissiyasının Erasmus+ proqramı çərçivəsində Ali Təhsildə Potensialın gücləndirilməsi profili üzrə qrant müsabiqənin qalibi və Bakı Biznes Universitetinin koordinatoru olduğu “Azərbaycanda rektorlar konfransı” layihəsinin onlayn təqdimat mərasimi keçirilib.

 

Bakı Biznes Universitetində keçirilən təqdimat mərasimində Təhsil nazirinin müavini Firudin Qurbanov çıxış edərək Erasmus+ Proqramı çərçivəsində “Azərbaycanda Rektorlar Konfransı” adlı layihənin ilk Koordinasiya görüşünün iştirakçılarını Təhsil Nazirliyi adından salamlayıb, layihə iştirakçılarına uğurlar arzulayıb.

 

F.Qurbanov diqqətə çatdırıb ki, hazırda dünyada əsaslı qlobal dəyişikliklər baş verir. 4-cü sənaye inqilabı bəşəriyyətin bundan əvvəlki təcrübəsilə müqayisədə daha miqyaslı, əhatəli və mürəkkəbdir.

 

Rəqəmsal transformasiya-dövlətlər, cəmiyyətlər, biznes və vətəndaşlar üçün çox böyük imkanlar yaradır.

 

Qlobal dəyişikliklər dövrü, hadisələrin zənginliyi, təbii ki, həyatın bütün sferaları üçün yeni çağırışlar, tələblər diktə edir.

 

Göründüyü kimi, biz əsaslı dəyişikliklər dövründə yaşayırıq: iqtisadiyyatın qloballaşması, cəmiyyətin informatlaşdırılması, yeni istehsal sahələrinin, texnologiyaların və süni intellektin inkişafı, ölkənin informasiya təhlükəsizliyinin gücləndirilməsi - gələcək şəxsiyyətin kompetensiyalarını formalaşdırır.

 

Bu baxımdan qlobal problemlərin həll edilməsi, onların aradan qaldırılması üçün cəmiyyət hansı tip insanın formalaşmasından daha çox asılıdır.

 

Nazir müavini qeyd edib ki, müasir tələblərə cavab verən, yüksək mədəniyyətə malik şəxsiyyətin formalaşması üçün lazım olan milli və bəşəri dəyərləri cəmiyyət mükəmməl təhsil vasitəsilə verə bilər. Fəaliyyət istiqamətlərimizi müəyyənləşdirən konseptual sənədimiz olan Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasının əsas hədəfləri sırasında Azərbaycanın İnkişaf Konsepsiyasına uyğun olaraq hər bir şəxs üçün bərabər, keyfiyyətli təhsil imkanlarının yaradılması, təhsil sisteminin institusional əsaslarının, infrastrukturunun və insan resurslarının inkişaf etdirilməsi məsələlərinə xüsusi yer verilmişdir.

 

Bu sahədə Bolonya Bəyannaməsindən irəli gələn başlıca prinsiplərin tətbiqi ilə bağlı Dövlət Proqramları qəbul edilmiş, xeyli layihələr həyata keçirilmişdir. Bununla yanaşı, son illərdə aparıcı beynəlxalq təşkilatların statistik təhlilləri Azərbaycanda yerləşən ali təhsil müəssisələrinin reytinq səviyyəsinin yüksəldilməsinin zəruri olduğunu göstərir. Bu da bizdən ali təhsildə yeni yanaşmalar tələb edir.

 

F.Qurbanov əlavə edib ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin və Bolonya prosesinin əsas hədəflərindən biri təhsilin beynəlmiləlləşməsidir. Azərbaycanda ali təhsilin Avropa ali təhsil məkanına inteqrasiyasının sürətləndirilməsi, ali təhsil müəssisələrinin beynəlxalq əlaqələrinin genişləndirilməsi və universitetlərin beynəlxalq proqramlara daha fəal cəlb olunması əsas məqsədlər, prioritet istiqamətlər kimi qeyd oluna bilər.

 

Onun sözlərinə görə, dünya ali təhsilin beynəlmiləlləşməsinin bir neçə əsas istiqamətləri mövcuddur. Bunlar kurikulumun ümumbəşəri məzmununun artırılması və beynəlxalq tələblərə uyğunlaşdırılması, tədris və təlim prosesinin beynəlmiləlləşdirilməsi, akademik mobillik, tələbələrin xarici universitetlərə qısamüddətli və uzunmüddətli təhsil səfərlərinin əlçatanlığı; müəllimlərin xarici universitetlərdəki tərəfdaşlarla ortaq tədqiqat işlərinə cəlb olunması və xarici ali təhsil müəssisələri ilə birgə ikili proqramlarının həyata keçirilməsidir. Qeyd olunan hədəflərə nail olmaq üçün Avropa Komissiyasının Erasmus+ Proqramının “Ali Təhsildə Potensiyalın Gücləndirilməsi” istiqaməti imkan verir. Bu günə qədər ölkəmizin ali təhsil müəssisələrində Avropa Komissiyasının sabiq Tempus Proqramı, sonradan isə Erasmus+ Proqramı çərçivəsində müxtəlif layihələr icra edilmiş və hazırda da həyata keçirilməkdədir.

 

Ali təhsilin beynəlmiləlləşməsində atılan addımlardan biri də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın qəbul olunmasıdır.

 

Proqramın əsas hədəfi ən qabaqcıl elmi nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından yararlanaraq, ölkəmizdə yeni nəsil mütəxəssislərin hazırlanması, Azərbaycan ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları ilə müasirləşdirilməsidir.

 

Azərbaycanda həyata keçirilən bu layihələrin hər birinin özünəməxsus yeri, məqsədləri və hədəfləri vardır. Sözsüz, həmin layihələr seçilərkən həm Avropa Ali Təhsil Məkanının, həm də ölkənin milli prioritetləri də nəzərə alınır. Təhsil Nazirliyi olaraq biz bu layihələri yüksək dəyərləndiririk və onların sayının daha çox olmasını istərdik.

 

F.Qurbanov vurğulayıb ki, beynəlxalq layihələrin Koordinatoru, əsasən, Avropa Birliyinə daxil olan ölkələrdən olan universitetlər olur. Son dövrlər ölkəmizdə fəaliyyət göstərən Bakı Biznes Universiteti bu istiqamətdə müəyyən nailiyyətlər qazanmışdır. Təqdirəlayiq haldır ki, Bakı Biznes Universiteti Erasmus+ Proqramı üzrə artıq 2-ci beynəlxalq layihəyə rəhbərlik etməyə başlamışdır. “Azərbaycanda Rektorlar Konfransı” adlı layihənin Konsorsiumuna daxil olan Avropanın 8 ölkəsinin universitetləri, Rektorlar Şuraları və digər əlaqəli təşkilatlar daxildir. Bu, təbii ki, Avropanın qabaqcıl və müsbət təcrübəsinin ölkəmizdə tətbiq edilməsi üçün çox önəmlidir. Bununla yanaşı layihədə iştirak edən Azərbaycanın 15 ali təhsil müəssisəsinin siyahısında həm dövlət, həm özəl universitetlərlə yanaşı, bir sıra regional universitetlərin olmasını da təqdirəlayiq hal kimi yüksək qiymətləndiririk. 3 il müddətində həyata keçiriləcək bu layihə öz əhatə dairəsinə görə ali təhsil sisteminin inkişafına yeni töhfələrin verilməsi istiqamətində qarşıya qoyulmuş hədəflər baxımından xüsusi əhəmiyyət kəsb edir. Ümid edirik ki, sözügedən layihə vaxtı ilə Azərbaycanda fəaliyyət göstərən Rektorlar Şurasının bərpa olunması üçün yaxşı platforma olacaq və bu sahədə hüquqi bazanın yaradılmasına töhfə verəcəkdir.

 

F.Qurbanov əmin olduğunu bildirib ki, ali təhsildə bu qəbildən olan layihələrin həyata keçirilməsi bütövlükdə Azərbaycanda ali təhsilin Avropa Ali Təhsil Məkanına inteqrasiyası ilə yanaşı, ölkəmizdə ali təhsil sahəsində həyata keçirilən islahatlarda, eləcə də ali təhsil müəssisələrinin beynəlxalq əlaqələrinin genişləndirilməsində, müəllim-tələbə mobilliyində və beynəlxalq standartlara cavab verən kadrların hazırlanmasında müsbət rol oynayacaqdır.

 

“Əminik ki, müasir dövrdə belə layihələrin həyata keçirilməsi təhsil sahəsində qlobal çağırışlara effektiv şəkildə cavab vermək baxımdan öz layiqli töhfəsini verəcəkdir”.

 

Tədbirdə çıxış edən Bakı Biznes Universitetinin rektoru İbad Abbasov layihənin əhəmiyyətindən danışıb. Rektor bildirib ki, layihənin məqsədi milli inkişaf strategiyalarına uyğun olaraq rektorlar konfransı vasitəsilə universitetlər arasında hərtərəfli əməkdaşlığı inkişaf etdirməkdir. Rektor əlavə edib ki, layihənin uğurla icrası beynəlxalq səviyyədə müvafiq tərəfdaşlarla bilik, bacarıq və təcrübə mübadiləsinin aparılması üçün faydalı əməkdaşlığın əsasını qoyacaq.

 

Layihənin koordinatoru Gülşən Bayramova isə 3 il müddətində həyata keçiriləcək layihədə görüləcək işlər və layihənin gözlənilən faydaları haqqında ətraflı məlumat verib.

 

Tədbirdə çıxış edən Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas layihənin beynəlxalq əhəmiyyətinə və ali təhsil müəssisələrinin inkişafına verəcəyi töhfələr baxımından önəminə toxunaraq uğurla həyata keçiriləcəyinə inandığını vurğulayıb. Avropa Universitetlər Birliyinin, Polşa, Finlandiya, Litva, Portuqaliya və İspaniya rektorlar konfransının nümayəndələri də layihəyə dair fikirlərini və Avropa təcrübələrini bölüşüblər.

 

Azərbaycan universitetlərinin rektorları və rəhbər şəxsləri, eyni zamanda, Erasmus+ Azərbaycan ofisinin rəhbəri də çıxış edərək yeni çağırışların müşahidə olunduğu müasir təhsil sistemində universitetlərin daha sıx əməkdaşlığının zəruriliyini və layihənin bu istiqamətdə müsbət nəticələr verəcəyinə əminliklərini vurğulayıblar.

 



07.05.2021 | 10:47