Təhsil işçiləri qlobal dəyişikliyin aparıcı qüvvəsidir

“Yeni çağırışlar”da növbəti qonaq Toronto Universitetinin fəxri professoru Maykl Fullan olub.  Onlayn müzakirədə “Dərin Öyrənmə üçün yeni pedaqogika” Beynəlxalq Təşəbbüsün Qlobal Liderlik üzrə direktoru, yazıçı və təhsil tədqiqatçısı Maykl Fullanöz təcrübələrini bölüşüb.  Təhsil Nazirliyinin dəstəyi və T-Network təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə davam edən “Yeni çağırışlar”  proqramının 29 aprel 2021-ci il tarixində yayımlanan bölümündə təhsildə liderlik və dərin öyrənmə haqqında ətraflı danışılıb.  Təhsil nazirliyinin “Facebook” səhifəsindən canlı yayımlanan görüş Mətin Axundlunun tərcüməsi ilə Azərbaycan dilində təqdim olunub.

 

Təhsil işçisinin mübarizəsi

 

Proqramın aparıcısı, “T-network”un koordinatoru Cəfər Mənsimi qonağı salamlayaraq onu izləyicilərə yaxından təqdim edib. Aparıcıdiqqətə çatdırıb ki, təhsildə islahat və liderlik üzrə ən tanınmış mütəxəssislərdən hesab edilən qonaq Toronto Universiteti Ontario Təhsil Araşdırmaları İnstitutunun sabiq dekanı kimi fəaliyyət göstərib. 40-dan çox liderlik və dərin öyrənmə üzrə kitabların müəllifi olan professorun kitabları bir çox dildə çap olunub və qlobal mükafatlar qazanıb. Maykl Fullan 2003-2014-cü illərdə Ontarionun baş nazirinin təhsil məsələləri üzrə baş məsləhətçisi olub.

 

Maykl Fullana birinci sual onun bir neçə kitablarının adlarında “mübarizə etmək” sözünün işlədilməsi ilə əlaqəli olub. “Sizin bir neçə kitabınızın adında mübarizə etmək sözü var. Təhsil işçisi üçün mübarizə etmək niyə bu qədər önəmlidir? Ümumiyyətlə, sizin həyat mübarizəniz nədir?” sualına cavab olaraq M.Fullan vurğulayıb ki, təhsil tədqiqatçısı kimi o, müxtəlif səviyyələrdə aidiyyəti qurumlarla,siyasətin formalaşdırılması, strategiyanın hazırlanması ilə məşğul olan tərəflərlə, orta səviyyəli bələdiyyələr və yerli icmalarla fəaliyyət göstərir, müxtəlif səviyyəli məktəblərin rəhbər heyəti, inzibatçıları ilə işləyir. Bu baxımdan müxtəlif qurumlarla birlikdə iş əsnasında yeni ideyalar yaranır. “Mübarizə aparmaq” kəlməsini hər mənada istifadə etdiyini bildirən tədqiqatçı diqqətə çatdırıb ki, təhsil prosesi bəzi hallarda inertliyi, öz axarılılığı ilə seçilir. Həmin inersiyanı dəyişmək, məcranı pozmaq və yenilik yaratmaq üçün səy və cəhd, müdaxilə, məktəb və üst qurumlar səviyyəsində mübarizə olmalıdır. “Məktəblərdə dəyişikliklərin təşəkkül tapması üçün belə bir mübarizə labüddür və burada iş birliyi çox vacibdir” - deyə professor qeyd edib.

 

C hərfləri ilə 6 tövsiyə

 

Təhsildə təbliğ etdiyi əsas ideyalardan danışan qonaq bildirib ki, hazırki təhsil sistemində təhsilin məzmununa həddindən artıq diqqət göstərilir və şagirdlərin inkişafı nisbətən kənarda qalır. Müəllimin ənənəvi rolu auditoriya qarşısında mühazirə oxumaq, sonradan isə şagird və tələbələrin biliyini qiymətləndirmək, onları testlər vasitəsi ilə imtahan etməklə bitir.Müəllifi olduğu “Dərin öyrənmə” (Deep Learning) kitabına istinad edən yazıçı qeyd edib ki, burada əsas məzmun dərindən öyrənməyə varmaq, elmə daha dərindən bələd olmaq anlamına gəlir. Burada əsas prinsiplərdən biri təhsildə qlobal səviyyəli çağırışlara qatılmaqdır. Təhsil tədqiqatçısı kitablarında yer alan  6 ingilis C hərfi ilə qeyd edilmiş qlobal səriştələri diqqətə çatdırıb: “1.Xarakter (Character) - Xarakterin inkişafı, dürüstlük, etibarlılıq, dözümlülük, əzmkarlıq, möhkəmlik; 2.Vətəndaşlıq (Citizenship) - qlobal vətəndaşlıq, müxtəlif dəyərlərə hörmətlə və maraqla yanaşma, problemlərin həllinə yönəlmə, ətraf mühit problemlərinə biganə qalmama; 3.Əməkdaşlıq (Collaboration) - komanda işi, birgə qərar vermə, öyrənmə və öyrətmə, töhfələrə açıq olma və töhfə vermə; 4.Kommunikasiya (Communication) - əlaqələr, rəqəmsal, yazılı, şifahi ünsiyyət, publika qarşısında çıxış; 5.Yaradıcıllıq (Creativity) - sosial və iqtisadi fürsətləri dəyərləndirmə və təşəbbüskarlıq, sualı düzgün zamanda vermək, beləcə yeni ideyalar tapmaq, ideyaları həyata keçirməkdə liderlik göstərmək; 6.Tənqidi düşüncə (Critical Thinking) - məlumatı və arqumentləri tənqidi dəyərləndirmə, fikirlər arasındakı əlaqələri görmə, ortaq naxışları sezmə, yeni mənalar çıxarma və real həyata tətbiq etmə”. “Yeni pedaqogika” dediyimiz yanaşmada tədrisin, təhsilin, yeni pedaqoji əlaqələrin inkişafı üçün şagird və müəllimlər arasındakı iş birliyi çox vacibdir. Həmçinin iş birliyi yeni rəqəmsal texnologiyalardan istifadədir. Təhsil sistemində dövlət, yerli hakimiyyət orqanları, bələdiyyə, məktəb səviyyəsində birgə fəaliyyət və düzgün məktəbdaxili mədəniyyətin formalaşması çox vacibdir. Bunlar hamısı zəruri öyrənmə, təhsil mühiti yaradır”- Maykl Fullan qeyd edib.

 

Ənənəvi təhsil özünü doğrultmur

 

Dərin öyrənmə və onun məqsədi haqqında daha ətraflı danışan təhsil tədqiqatçısı bildirib ki, mövcud olan təhsil-tədris sistemi tələbələri həvəsləndirən, onları motivasiya edən bir sistem deyil. Şagird və tələbələr getdikcə təhsilə olan maraqlarını itirirlər. Professor söyləyib ki, mövcud təhsil sistemi XXI əsrin çağıırışları ilə uzlaşmır: “Qlobal əyani çağırışlar mövcuddur. Bunlardan ən böyüyü iqlim şəraitinin kəskin pisləşməsidir, dünya ekoloji, iqlim cəhətdən hissələrə parçalanır, eləcə də təbəqələşmə yaranır, yoxsul və varlılar arasında qlobal qütbləşmə kəskinləşir. İnsanların bir-birinə etibarı azalır. Sosial qeyribərabərlik və dünyada mövcud olan digər bəlaların hamısı birbaşa təhsillə əlaqəlidir. Təhsil dünyadan uzaqdır, pərakəndədir. Ənənəvi alüdə olduğumuz təhsil özünü doğrultmur. Bizə problemləri səmərəli şəkildə həll edə biləcək bacarıqlı insanlar lazımdır. Bacarıqlı insanlar məktəblərdə, təhsil ocaqlarında yetişdirilir. Təhsil ocağı sizə məlumat, data verirsə, keyfiyyət, bilik aşılamırsa, müasir problemlər də gündəmdə qalacaq. Bu mənada təhsildə yeni məqsəd olmalıdır: təhsili müasir dünya ilə necə əlaqələndirməliyik, uzlaşmanı necə təmin etməliyik, tələbələr hansı keyfiyyətlərə malik olmalıdır (insani, texniki bilik və bacarıqlar) ki, mövcud vəziyyətin öhdəsindən gəlsinlər. Mən qeyd etdiyim 6 ingilis C hərfi olan bacarıqları önə çəkməklə bütün bu problemlərin öhdəsindən gəlmək olar”.

 

Şagirdlərin ənənəvi təhsili ciddiyə almadığını, mövcud təhsil prosesinin şagirdlərdə heç bir maraq oyatmadığını, onlara zövq vermədiyini xüsusi vurğulayan professor əlavə edib ki,  hazırda 75%-dən çox şagird və tələbələr təhsil prosesinə əhəmiyyət vermirlər. Təhsil tədqiqatçısı fikrini belə izah edib ki, təhsilin məzmunu hazırda dünyada baş verən hadisələrlə uzlaşmır, bu da şagirdləri reallıqdan uzaqlaşdırır. Təhsil prosesi şagirdlər üçün cansıxıcı olur, belə vəziyyət isə müəllimləri əsəbləşdirir. Nəticədə dünyaya lazım olan səriştəli kadrlar yetişmir: “Biz təklif edirik ki, yeni təhsil sistemi şagirdlər üçün maraqlı olsun, tələbələr şövqlə bu prosesdə iştirak etsinlər, yeni kəşflər, yeni bacarıqlar nümayiş olunsun. Müəllimlər şagirdlərlə və digər müəllimlərlə əməkdaşlıq edərək yeni çağırışlarla ayaqlaşsınlar”.

 

Paula Fereranın söylədiyi “Həyat məktəbdən sonra deyil, elə məktəbdə başlayır” fikrinidə misal gətirən yazıçı bildirib ki, məktəb artıq özündə həyat təcrübəsini ehtifa etməlidir və burada oxuyan şagird bütün mənada-istər bilik, istər münasibətlər, vərdişlər baxımından həyatı yaşamalıdır. Məktəblərdə bilikli, səriştəli kadrlar yetişdirilməsə çox ciddi iqtisadi, sosial, ekoloji fəsadlarla üzləşəcəyimizi bildirib.

 

Təhsil sisteminin memarlığı

 

C.Mənsimi təhsil tədqiqatçısının fikrini önə çəkərək qonağa ünvanladığı “Təhsili memarlığa bənzədərərək vurğulayırsınız ki, güvən, əməkdaşlıq, təcrübə mühiti, məktəbdaxili məmnunluq və davamlı yaxşılaşdırma inşa edilməlidir. İçərinin yaxşı olması üçün çölə çıxıb kənardan baxmaq lazımdır. Təhsili binaya bənzətsək, ən çox harada təmirə ehtiyac var?” sualına da çox ətraflı cavab verən professor təhsili memarlıqla müqayisə etdikdə fiziki memarlıqdan daha çox sosial memarlığı nəzərdə tutduğunu qeyd edib. Sosial memarlıq dedikdə düzgün sosial mühitin formalaşması, öyrənmə mədəniyyətinin bərqərar olmasının vacibliyini dilə gətirib: “Təhsil ocaqlarında lider, rəhbərlik səviyyəsində dəyişiklik labüddür. Məktəb liderləri özləri də bir şagird kimi təhsildə iştirak edib öyrənməlidirlər ki, təhsil prosesində iştirak edənlərin ehtiyaclarını yaxından tanısınlar, onlara bələd olsunlar”.

 

Təhsildə fiziki memarlıqdan da danışan alim bu istiqamətdə də müəyyən dəyişikliklərə ehtiyac duyulduğunu bildirib: “İzdihamlı, 30-40 nəfər şagirdi olan dar sinif otaqlarından artıq daha geniş, təbiətə daha yaxın, açıq havada dərslərin tədris edilməsinə bir keçid olmalıdır.Xüsusilə Skandinaviyada açıq havada dərslərin keçilməsi təbliğ olunur. Hazırda pandemiyanın yaratdığı məhdudiyyətlər də nəzərə alınmaqla bu proses müəyyən təsirə məruz qalıb.Təhsil sisteminin memarlığı anlayışı altında 3 element əksini tapıb: sosial mühit və öyrənmə mədəniyyətində olan əsas amillər; imkan və bacarıqların artırılması; fiziki mühit”.

 

“Dərin öyrənmədəki qlobal səriştədən biri olan xarakteri nəzərə alsaq, müxtəlif fənn müəllimləri hansı xarakteri necə formalaşdırmalıdırlar?” sualını da cavablayan professor deyib ki, xarakter ən mürəkkəbidir. İstər vətəndaşlıq, həmrəylik, xarakter, kollektivçilik, iş birliyi olsun, bunların hər birinin konkret daşıdığı mənalar var, semantika burada çox vacibdir.Xarakter mətanət və qətiyyət hissi anlamındadır, yəni siz qarşınıza qoyduğunuz məqsədlər uğrunda nə dərəcədə qətiyyətlə addımlaya bilirsiniz. Digər məsələ qlobal və dəyişən mühitdə özünüzü düzgün istiqamətləndirmək bacarığı, təhsil prosesində digər insanlarla iş birliyi, insani keyfiyyətlər baxımından bütövlülüyünüz də tövsiyyə xarakterinin içərisində yer alır. Onların hər biri də öz növbəsində bir sıra kateqoriyalara bölünüb. Bu 6 meyar üzrə işlərin həyata keçirilməsi, qiymətləndirilməsi protokolları və alətləri mövcuddur. “Məsələn, siz bu 6C üzrə təhsil sistemində nə qədər nailiyyətləriniz olduğunu yoxlamaq istəyirsiniz. Bunun üçün biz protokol və alətlər hazırlamışıq və onlar dərəcələrə görə fərqlənir. Güclü, həmçinin daha orta səviyyə mövcuddur və siz bunu mütləq olaraq yerli şəraitə görə tətbiq etməlisiniz”- M.Fullan vurğulayıb. C.Mənsimi qonağın diqqətinə çatdırıb ki, söylənənləri nəzərə alaraq qiymətləndirmə meyyarlarını Azərbaycan dilində izləyicilərə təqdim etmək planlaşdırılır və bu məqsədlə professorla əməkdaşlıq ediləcək.

 

Dəyişikliyin əsas sirri

 

C.Mənsimi qonağın “Dəyişikliyin  6 sirri” (The Six Secrets of Change) kitabında qeyd etdiyi birinci sirri - “Bir müəllimi sevmək, onun üçün uğurlu olacağı mühiti yaratmaq və uğurlu olmağa cəsarətləndirməkdir” fikrini əsas gətirərək “Müəllimlərin uğurlu olacağı mühit necə olmalıdır?” sualını qonağa ünvanlayıb. Təhsil korifeyi bildirib ki, dünyada İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) mövcuddur və bu təşkilatda 65-ə yaxın üzv ölkə var. Onlar hər 3 ildən bir PISA (Şagird Nailiyyətlərinin Beynəlxalq Qiymətləndirilməsi Proqramı) və müəllimlərin qiymətləndirilməsi üzrə araşdırma proqramları həyata keçirirlər. Müəllimlərin qiymətləndirilməsi zamanı məlum olur ki, müəllimlərin fəaliyyətinə, iş keyfiyyətinə, səmərəli iş əmsalına təsir edən iki məqam var: onların təhsilə hazırlıq prosesi və onların işdən məmnunluğu. Müəllimlərin psixoloji rahatlığı, gərginlikdən uzaq olması, onların peşə dəstəyi ilə təmin olunması birbaşa təhsilə təsir edir. Müəllimlərə qayğı çox vacibdir. Maaş mütənasib, düzgün olmalıdır ki, müəllimin motivasiyası yüksək səviyyədə olsun. Müəllimin hərtərəfli təmin olunması, təhsil prosesində məmnunluğu şagirdlərin də məmnunluğu deməkdir.Təəssüf olsun ki, son 10 ildə aparılan tədqiqatlar göstərir ki, müəllimlər və tələbələr arasında stress və narahatlıq səviyyəsi artır. Dərin və ətraflı öyrənmə nəzəriyyəsinin başlıca məqamı da budur ki, müəllim və tələbə heyəti təhsil prosesindən razı qalsın və zövq alsın”.

 

Vahid məqsəd

 

Müəllimlərin eyni məqsəd ətrafında toplaşması və hərəkətə keçməsi üçün hansı başqa addımlara ehtiyac var sualını cavablandıran M.Fullan bildirib ki, bir məqsəd deyəndə o müəllimlər arasında yekdilliyi nəzərdə tutur. Dərin, ətraflı öyrənmə metodologiyası üzrə tədris edən müəllimlər vahid məqsəd olaraq 6C hərfi ilə qeyd olunan meyarları götürürlər. Fullan digər həmkarı xanım Coann Kuinnlə (Joanne Quinn) birlikdə yazdığı “Mütəşəkillik” (Coherence) kitabındakı  başlıca nəzəriyyənin səfərbərlik, müəllimlərin yektil olması, bir-birinə kömək etməsinin çox vacib olmasını qeyd etdiklərini bildirib.

 

Dünyanı dəyişmək

 

“Yeni çağırış”çı vurğulayıb ki, təhsil işçiləri qlobal dünyada problem həll edən dəyişiklik agentliyidir. Dəyişiklik agentliyinin ən uğurlu üzvünə çevrilmək üçün müəllim qarşısına dünyanın yaxşılaşdırılması məqsədini qoymalıdır. Komandamız tərəfindən hazırlanan yeni təhsil yanaşmasından biri şagirdlərlə işləyərkən dünya ilə təmasa girib dünyanı dəyişmək amalına gəlir. Əsas elementlərdən biri daha çox öyrənib daha çox təhsil verməkdir. Ənənəvi təhsildə şagirdlərə keçmiş barədə, fənlər haqqında müəyyən məlumatlar verilir, ancaq dünyanı dəyişmək tələb olunmur. Yeni sistemdə, nəzəriyyədə isə siz ona görə təhsil alırsınız ki, həm elmli, savadlı olasınız, digər tərəfdən də dünyada cərəyan edən problemlərin həll olunmasında öz töhfənizi verəsiniz, faydalı bir dünya vətəndaşına çevriləsiniz, bu da məktəbdən başlayır. “Bizim başlıca məqsədimiz elə təhsil mərhələsindən başlayaraq dünya ilə təmasa girib dünyanı dəyişməkdir”.

 

Qeyri-müəyyənlik dövründə təhsil

 

Azərbaycanın təhsilin idarəolunması üzrə tanınmış mütəxəssisi Asif Cahangirovun qonağa ünvanladığı “Siz məqalələrinizin birində islahatların səmərəliliyinin dəyərləndirilməsi üçün 4 xüsusi meyar vurğulamısınız. Yəni, islahatlar həyata keçirərkən aydın təsəvvür edilməlidir ki, hər bir islahat tədbiri nəticəsində bu 4 xüsusi məqam mümkün olmalıdır: müəllim və şagirdlərdə daxili motivasiya gücləndiriləcək, davamlı olaraq onlar tədris və təlim prosesinin təkmilləşdirilməsinə cəlb olunacaq, onların kollektiv, komanda fəaliyyəti təşviq ediləcək, islahat tədbiri 100% bütün müəllim və şagirdləri əhatə edəcəkdir. Yer kürəsini bürümüş pandemiya dövründə və artıq reallığa çevrilən “Vuka” dünyasında, yəni, qeyri-müəyyənlik, qeyri-sabitlik dövründə bu meyyarlara hansı dəyişikliyi edərdiniz?”  suala cavab olaraq yazıçı bildirib ki, o “Vuka” əsərini 2011-ci ildə yazıb və nəşr edib, sonradan 2021-ci ilin fevralında bu əsərin yeni variantı işıq üzü görüb və öncəki buraxılışda “Daha yalnış aparıcı amilləri seçmək”, sonradan isə “Daha düzgün aparıcı amilləri seçmək” adlandırılıb:  “Əvvəlcə yalnış amillərdən söhbət gedirdi, indi daha doğru amillərədən söhbət gedir. Burada 4 əsas məsələ vurğulanır: rifah, sosial intellekt, keyfiyyətli investisiyalar, sistemlilik. Müasir dünya bizi bir çox çağırışlar qarşısında qoyur. Ona görə də müasir təhsil bu çağırışların öhdəsindən gələ bilmək bacarığını tələb edir. Şagird və tələbələr müasir dünyanın çağırışlarının fərqində olmalıdırlar, pandemiya və digər sürprizlərin öhdəsindən gəlmək üçün təhsilli olmaq, problemləri həll etməyi bacarmaq vacibdir”. Aparıcı Asif Cahangirovun yeni “Təhsilimiz: dünəndən sabaha” kitabını da qonağa təqdim edib və həmin kitabda Maykl Fullana istinad olunduğunu vurğulayıb.

 

Aparıcının “Məktəb rəhbərlərində məsuliyyətli olmaq bacarıqlarını necə inkişaf etdirməliyik? Əməkdaşlıq edərək rəqabət aparmaq necə mümükündür?” sualını cavablandıraraq professor bildirib ki, müəllimlər özlərini sinif divarları çərçivəsində məhdudlaşdırmamalıdırlar, təcrid etməməlidirlər, digər müəllimlərlə mütləq qaydada əməkdaşlıq etməlidirlər. “Məktəblər arasında da əməkdaşlıq çox vacibdir. Məktəbdən kənara çıxmaq lazımdır ki, məktəb daxilində də fayda görünə bilsin. Əməkdaşlıq edərək rəqabət apar deyərkən, başqa məktəbləri sıxışdırmaq nəzərdə tutulmur. Söhbət birbaşa rəqabət aparmaqdan getmir, əməkdaşlıq etməkdən, təcrübə mübadiləsi, paylaşmaq və daha yaxşı olmaqdan gedir. Həmçinin ölkələrin də milli məqsədləri var, ölkələr arasında daha güçlü kadrların yetişdirilməsi üçün rəqabət mövcuddur və ölkələrarası məktəblərin iş birliyi gündəmdə olan məsələdir”.

 

8 guşəli yeni çağırışlar

 

Proqramın ənənəvi “Təhsildə yeni çağırışları 8 guşəli ulduza bənzətsək, onun guşələri hansı çağırışlardan ibarət olar?” sualını Maykl Fullan belə cavablandırıb: “Düşünürəm ki, mən 8 guşənin artıq 6-sını ingilis C hərfləri ilə qeyd olunmuş meyarlarla sadaladım. Xatırladım: 1.Xarakterin inkişafı; 2.Vətəndaşlıq məsuliyyəti; 3.Kommunikasiya; 4.Yaradıcılıq-düzgün sualı düzgün zamanda vermə, yeni ideyalar axtarışı; 5.Əməkdaşlıq 6.Tənqidi düşüncə-müxtəlif arqumentləri dəyərləndirmə.  8-guşəli ulduzu tamamlamaq üçün ikisini də əlavə edim: təhsildə yeni pedaqogika-dünyanı dəyişmək;öyrənmə və mövcud şəraitin daha da yaxşılışdırılması. Bütün bunlar yeni çağırışların öhdəsindən gəlmək üçün tələb olunan bacarıqları özündə əks etdirir”. 

 

Görüşün sonunda C.Mənsimi təcrübələrini paylaşdığı və içimizdəki ulduzu kəşf etmək fəlsəfəsini dəstəklədiyi üçün qonağa təşəkkürünü bildirib.

 

Maykl Fullan öz növbəsində belə bir maraqlı layihəni yaratdıqları, məzmunlu suallar hazırladıqları, onun yaradıcılığı ilə yaxından tanış olduqları, həmçinin milli səviyyədə araşdırmalar apardıqları, eyni zamanda proqrama dəvət olunduğu üçün “Yeni çağırışlar”-ın yaradıcılarına və kollektivinə minnətdarlığını bildirib.

 

Lamiyə ƏLİMƏRDANOVA

 



07.05.2021 | 12:12