Vətən müharibəsində iştirak etmiş Rəsədxana əməkdaşları təltif olunub

Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) Həmkarlar Komitəsi və qurumun rəhbərliyinin birgə təşkilatçılığı ilə Vətən müharibəsində iştirak etmiş Rəsədxana əməkdaşlarının mükafatlandırılma tədbiri keçirilib.

 

Rəsədxananın baş direktoru Namiq Cəlilov 44 günlük Vətən müharibəsi dövründə xalqın birliyindən, ordunun gücündən, qazanılan Böyük Qələbədən bəhs edib.  Bildirib ki, Şamaxı Astrofizika Rəsədxanası müharibə dövründə Silahlı Qüvvələr Fonduna ianə edib, münaqişə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün 200-dən çox beynəlxalq təşkilata, 700-dən artıq xarici elmi əməkdaşlara rəsmi məktub ünvanlayıb. N.Cəlilov Rəsədxana əməkdaşları və əməkdaşların övladlarının ön cəbhədə də düşmənlə mübarizə apardığını vurğulayıb.   

 

ŞAR Həmkarlar Komitəsinin sədri Famil Mustafa Ermənistanın hərbi təcavüzünə cavab olaraq ordumuz tərəfindən aparılan genişmiqyaslı əks-hücum əməliyyatları zamanı xalqımızın dövlət başçısının ətrafında həmrəylik nümayiş etdirməsindən və bu birlikdə gənclərin rolundan danışıb. O, müharibə dövründə cəbhəyə yollanan ŞAR əməkdaşlarının ailələrinin ziyarət edildiyini, onların problemləri ilə maraqlanıldığını, madddi-mənəvi dəstək göstərildiyini qeyd edib.

 

Tədbirin sonunda Vətən müharibəsində iştirak etmiş ŞAR əməkdaşlarına Fəxri Fərman və Rəsədxana kollektivi adından üzərində zəfər tarixi həkk olunmuş qol saatı təqdim edilib.

 



07.05.2021 | 13:10