“Rəqəmsal bacarıqlar” layihəsinin əhatə dairəsi genişlənir

Müasir dünyada elm, təhsil, innovasiyalar və bunların  əsasında  yaradılan elmtutumlu məhsullar iqtisadi inkişafın əsas amilləri hesab olunur. Bu baxımdan, son illər iqtisadiyyatın və cəmiyyətin rəqəmsal transformasiyası prioritet məsələlərdən birinə çevrilib. Ölkədə rəqəmsallaşma, İKT sahəsində yeni infrastruktur quruculuğu, müasir texnologiyaların tətbiqi və modernizasiyası sahəsində mühüm işlər görülüb. Belə ki, İKT infrastrukturunun əsasını təşkil edən genişzolaqlı internet şəbəkəsinin inkişafı, “Hökumət buludu”, “Böyükhəcmli məlumatlar”, “Ağıllı şəhər” və “Ağıllı kənd” kimi rəqəmsal təşəbbüslər həyata keçirilir. Azərbaycanın regionda rəqəmsal mərkəzə çevrilməsi istiqamətində ardıcıl islahatlar aparılır.

 

Qeyd edək ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na əsasən son illər təhsildə müasir texnologiyaların tətbiqinin dünya standartları səviyyəsinə çatdırılması baxımından geniş işlər həyata keçirilir. Belə ki, bütün təhsil pillələri üzrə İKT infrastrukturu inkişaf etdirilir, elektron təhsil texnologiyalarının tətbiqi genişləndirilir, təhsil sahəsinin idarə olunması və tənzimlənməsində vahid informasiya strukturu formalaşdırılır, davamlı olaraq pedaqoji kadrların İKT üzrə peşəkarlıq səviyyəsi artırılır.

 

Şagirdlərdə alqoritmik düşüncə və proqramlaşdırma bacarıqları

 

Şagirdlərin alqoritmik düşüncə və proqramlaşdırma bacarıqlarını inkişaf etdirən “Rəqəmsal bacarıqlar” layihəsi böyük əhəmiyyət kəsb edir. Təhsil sistemində gənc nəsli gələcək rəqəmsal texnologiyalar dövrünə hazırlamaq üçün onlara məktəb yaşından rəqəmsal səriştələrin aşılanması diqqət mərkəzində saxlanılır. Təhsil Nazirliyi “Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində uşaqların məktəb yaşlarından alqoritmik düşüncə, məntiqi təfəkkür, layihə qurmaq bacarıqlarını inkişaf etdirməyi, eləcə də onlara proqramlaşdırma əsaslarını aşılamağı proritet hesab edir.  Layihə informasiya texnologiyaları sistemləri və rəqəmsal bacarıqların öyrədilməsi məqsədilə proqramlar hazırlayan “Alqoritmika” beynəlxalq proqramlaşdırma və riyaziyyat üzrə məktəb ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir. Dünyanın ən innovativ metodikalarından istifadə edilməklə peşəkar metodist və mütəxəssislər tərəfindən hazırlanan məzmun müvafiq sahə üzrə ən yaxşı təcrübələri özündə birləşdirir.

 

222 məktəb, 120 minədək şagird

 

Layihə təhsilalanlara yeni texnologiya və rəqəmsal bacarıqları təcrübədə öyrənməyə, proqramlaşdırmanın sirlərinə bələd olmağa imkan yaradır. Layihə başladığı ildə Bakı şəhərində 45 məktəbdə 5-ci sinif üzrə 65 min şagirdi əhatə edib. 2018-2019-cu tədris ilində ölkə üzrə daha 73 məktəbdən 26 min şagird layihəyə cəlb olunub. 2019-2020-ci tədris ilində isə layihə artıq ümumi 123 məktəb üzrə 70 min IV, V, VI və VII sinif şagirdlərini əhatə edib. Cari 2020-2021-ci tədris ilinin statistik göstəricilərinə nəzər yetirsək aydın olur ki layihə genişləndirilərək Bakı, Sumqayıt, Gəncə, Şəki, Şirvan, Şamaxı, Lənkəran, Biləsuvar, Mingəçevir şəhər və rayonları üzrə 222 məktəbdə tətbiq edilir və 120 minədək II-IX siniflər üzrə Azərbaycan və rus bölmələrinin şagirdlərini ətrafında birləşdirir.

 

Cari tədris ilinin başlanması qərarının elan edilməsinə qədər layihə üzrə hər iki formatda tədris üçün hazırlıq işləri aparılıb. Pandemiya dövründə də layihə uğurla davam etdirilir.  Ötən ilin mart ayından etibarən layihə distant, həm də ənənəvi formada həyata keçirilir. Məsafədən tədrisə davam etmək üçün layihə çərçivəsində bir sıra işlər aparılıb. Şagirdlərin tədrisini distant təşkil etmək üçün layihənin platforması yeni formata uyğunlaşdırılıb. Platforma şagirdlər üçün daha asan və əlçatan olması üçün sadələşdirilib, hər dərsin mövzusuna uyğun ətraflı materiallar platformada yerləşdirilib. Pandemiya ilə bağlı vəziyyətə baxmayaraq, planlaşdırıldığı kimi, yeni tədris ilində əhatəsi genişləndirilərək layihəyə 100 məktəb də qoşulub.

 

Layihəyə 1300 nəfərdən çox müəllim cəlb olunub

 

“Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində fəaliyyət göstərən müəllimlərin sayı 1300-dən çoxdur. Onlardan 1050 müəllim Azərbaycan bölməsi üzrə 89,  256 müəllim isə rus bölməsi üzrə 30 mindən çox şagirdə informatika fənnini yeni formatda tədris edir. Layihə çərçivəsində davamlı olaraq müəllimlərin peşəkarlıq səviyyəsinin təkmilləşdirilməsi məqsədilə təlimlər keçirilir. Pandemiya vəziyyətini nəzərə alaraq təlimlər distant formada təşkil olunur.  Təlimlər nəticəsində müəllimlər layihədəki fəaliyyətləri çərçivəsində beynəlxalq “Alqoritmika” proqramlaşdırma məktəbinin metodistləri tərəfindən hazırlanmış məzmunun yüksək keyfiyyətli tədrisini apara biləcəklər. Təlim mövzuları proqramlaşdırma dillərinin əsaslarını, alqoritm anlayışını, alqoritmin növlərini, “Scratch” proqramlaşdırma mühitində resursların yaradılması kimi sahələri əhatə edir. Eyni zamanda, “Python” proqramlaşdırma dili, obyektlə idarəetmə imkanları və s. kimi mövzular da təlim proqramında öz əksini tapır.

 

330-dan çox teledərs

 

Layihə çərçivəsində tədrisin effektiv aparılması məqsədilə təhsil ocaqlarında dərslər zamanı şagird və müəllimlər tərəfindən istifadə olunan rəqəmsal sistemin uğurlu tətbiqi üçün İKT infrastrukturunun əhəmiyyətli dərəcədə təkmilləşdirilməsi işləri həyata keçirilir. Azərbaycan Təhsil Şəbəkəsinə sürətli çıxış təmin və informatika kabinetləri rəqəmsal avadanlıqlarla təchiz olunur.

 

Tədris prosesinin düzgün qurulması və ümumilikdə layihənin mərhələli icrası istiqamətində müzakirələrin aparılması məqsədilə məktəb rəhbərləri, pedaqoji heyət ilə mütəmadi görüşlər təşkil olunur. Qeyd edək, layihə çərçivəsində keçirilən dərslərdə şagirdlərin daha da fəal olmasını və effektiv tədrisin aparılmasını təmin etmək məqsədilə məktəblərə təhlil hesabatları təqdim edilir. Təhlil sənədində əks olunan göstəricilərə əsasən məktəblər şagirdlərin fəaliyyətini izləyə və vaxtında yaranmış çətinlikləri aradan qaldıra bilərlər. Layihə üzrə əyani və distant dərslərlə yanaşı, həm Azərbaycan, həm də rus bölmələri üçün teledərslərin yayımı da davam etdirilir. Bu günə qədər layihə çərçivəsində 330-dan çox teledərs efirə gedib.

 

Növbəti  tədris ilinə yeni hədəflərlə

 

Növbəti 2021-2022-ci tədris ilində layihənin genişlənmə imkanlarına müvafiq olaraq fəaliyyət planı müəyyənləşdirilir. Layihənin uğurlu göstəricilərini nəzərə alaraq plana uyğun 200000-dək şagirdin əhatə edilməsi nəzərdə tutulur. Mövcud məktəblərdə paralel sinif sayının artırılması ilə yanaşı, informatika fənninin tədrisində yeni yanaşmanı yeni bölgələrdən olan daha çox məktəblərdə tətbiq etmək planlaşdırılır. Eyni zamanda, beynəlxalq “Alqoritmika”nın məzmun üzrə mütəxəssisləri tərəfindən dərs proqramları təkmilləşdiriləcək, layihənin platformasında əks olunan materialların daha dərin səviyyədə mənimsənilməsinə imkan verəcək yeni alətlər və vasitələr hazırlanacaqdır.

 

Niyazi RƏHİMOV

 



07.05.2021 | 11:58