NDU-da Xocalı faciəsinin 26-cı ildönümü münasibətilə şeir müsabiqəsi keçirilib
Naxçıvan Dövlət Universitetində Xocalı faciəsinin 26-cı ildönümü münasibətilə tələbələr arasında şeir müsabiqəsi keçirilib.  Universitetin tələbə-gənclər təşkilatının təşkil etdiyi tədbirdə əvvəlcə soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə baş vermiş Xocalı soyqırımını Azərbaycan xalqının yaddaşından heç vaxt silinməyəcək qəddar və dəhşətli cinayət adlandırıb. Rektor qeyd edib ki, bu hadisə təcavüzkar ermənilər tərəfindən Azərbaycan xalqına qarşı törədilən yeganə soyqırımı olmayıb, ondan əvvəl də xalqın başına dəfələrlə oxşar müsibətlər gətirilib. Rektor ölkə başçısı İlham Əliyevin uzaqgörən siyasəti və Azərbaycan xalqının güclü iradəsi nəticəsində bu gün Xocalı soyqırımının dünya ictimaiyyətinə tanıdılması üçün  addımlar atıldığını bildirib və bütün iştirakçıları, eləcə də gəncləri bu soyqırımının dünyaya çatdırılmasında dövlətimizə dəstək olmağa çağırıb.
Sonra ayrı-ayrı ixtisasların təmsilçilərinin ifasında şeirlər dinlənilib. Peşəkar münsiflərin rəyinə əsasən “Azərbaycan dili və ədəbiyyatı” ixtisası üzrə II kurs tələbəsi Röya İsmayılova müsabiqənin qalibi olub. Həmin ixtisas üzrə Lamiyyə Bağırbəyli ikinci, “Beynəlxalq münasibətlər” ixtisası üzrə II kurs tələbəsi Abazər Kərimov isə üçüncü olub.

 



27.02.2018 | 14:30