Türkiyə yeni süni peykləri ilə orbitdəki gücünü artırır

Türkiyənin növbəti süni peyki - “TürkSAT 5A” fəaliyyətə başlayıb.

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu münasibətlə Ankaranın Gölbaşı bölgəsində “TürkSAT” Mərkəzində təşkil olunan mərasimdə çıxış edib.

 

Türkiyənin peyk və kosmos sənayesindəki yeniliklərindən danışan dövlət başçısı Rəcəb Tayyib Ərdoğan məlumat verib ki, ilin sonunadək “TürkSAT 5B”, gələn il isə “TürkSAT 6A” orbitə göndəriləcək. “TürkSAT 5B” peykinin istifadəyə verilməsindən sonra Türkiyə orbitdəki ötürücülük imkanlarını 15 qat artıracaq. Beləliklə, Aralıq, Egey və Qara dəniz, Avropa, Yaxın Şərq, Afrikanın əsas hissəsində yerləşən ölkələr bu ötürücülükdən istifadə edə biləcəklər.

 

Xatırladaq ki, “TürkSAT 5A” cari il yanvarın 8-də Ankara vaxtı ilə saat 4:26-da (Bakı vaxtı ilə saat 05:26) orbitə göndərilib.

 

Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyinin məlumatına görə, “TürkSAT 5A” süni peyki ABŞ-ın Florida ştatındakı “Canaveral” kosmodromundan “Falcon-9” kosmik daşıyıcısı ilə orbitə yola salınıb. Beləliklə, Türkiyə fəzada peyklərini artırmaqda olan ölkələr sırasında öz yerini qoruyur. Ölkə “TürkSAT 5A” ilə birlikdə “TürkSAT 3A”, “TürkSAT 4A” və “TürkSAT 4B” peyklərinin də fəaliyyətini davam etdirəcək.

 

Azərtac

 

 



29.06.2021 | 12:25