Rəqabətlilik naminə

Məlumdur ki, son illərdə inkişaf etmiş ölkələr davamlı və uğurlu iqtisadi tərəqqiyə məhz ali təhsil sisteminin beynəlxalq standartlar səviyyəsinə yüksəldilməsi sayəsində nail olublar. Bu qlobal tendensiya ölkəmizin ali təhsil sistemi qarşısında da mühüm vəzifələr qoyub.  Ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin müasirləşdirilməsi bu sahədə bir sıra layihələrin həyata keçirilməsini zərurətə çevirib. Ali təhsildə keyfiyyət dəyişikliklərinin əsasını qoyan bu layihələrin icrası cəmiyyət həyatının müxtəlif sahələri üçün milli kadrların yetişdirilməsi ilə yanaşı, gənclərin elmə, müasir texnologiyalara və qabaqcıl biliklərə marağını xüsusilə artırıb. Bu məqsədlə də gənclərimizə aparıcı ölkələrin ali təhsil standartları çərçivəsində keyfiyyətli təhsil almaq imkanının yaradılması istiqamətində “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”  hazırlanıb.

 

Proqramın əsas hədəfi ən qabaqcıl elmi nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından yararlanaraq ölkəmizdə yeni nəsil mütəxəssislərin yetişdirilməsi, Azərbaycan ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları ilə müasirləşdirilməsidir. 

 

Ölkəmizdə yüksək hazırlıqlı mütəxəssislərin hazırlanmasına mühüm töhfə kimi qiymətləndirilən bu proqramın mühüm istiqamətlərindən biri Bakı Mühəndislik Universiteti və Cənubi Koreyanın İnha Universiteti arasında həyata keçirilən beynəlxalq ikili diplom proqramıdır. “Azərbaycan müəllimi” qəzetinə verdiyi müsahibədə BMU-İNHA ikili diplom proqramının direktoru Humay Cəfərli beynəlxalq layihənin icrası və əhəmiyyəti barədə öz fikirlərini oxucularımızla bölüşür.

 

- İnha Universiteti və Bakı Mühəndislik Universiteti arasında ikili diplom proqramı və onun icrası barədə məlumat verməyinizi xahiş edirik. Bu proqrama kimlər müraciət edə bilər və hansı qəbul kriteriyaları var? Seçim necə aparılır?

- Məlum olduğu kimi,  2020-ci il  avqustun 28-də Bakı Mühəndislik Universiteti (BMU) ilə Cənubi Koreyanın İnha Universiteti arasında bakalavriat səviyyəsində dörd mühəndislik ixtisası - “İnşaat mühəndisliyi”, “Elektrik mühəndisliyi”, “Elektronika mühəndisliyi”, “İnformasiya və Kommunikasiya Texnologiyaları mühəndisliyi” istiqaməti üzrə ikili diplom proqramı imzalanmışdır. Proqram 3+1 modeli əsasında qurulmuşdur.  Belə ki, ikili diplom proqramına əsasən tələbələr 3 akademik ili BMU-da, 1 akademik ili (sonuncu kursu) isə Cənubi Koreyanın İnha Universitetində təhsil alacaqlar. Cari proqram tam olaraq dövlət vəsaiti hesabına təmin olunur.

 

Proqrama ilk qəbul 2020/2021-ci tədris ilində həyata keçirilmişdir. Hazırda 2021/2022-ci tədris ili üçün Bakı Mühəndislik Universiteti (BMU) ilə Cənubi Koreyanın İnha Universiteti arasında ikili diplom proqramı üzrə “İnformasiya texnologiyaları”, “İnşaat mühəndisliyi”, “Elektronika mühəndisliyi” və “Elektrik mühəndisliyi” ixtisasları üzrə sənəd qəbulu həyata keçirilir. Proqramda Dövlət İmtahan Mərkəzinin (DİM) təşkil etdiyi imtahanda hər ixtisas üzrə müəyyən edilmiş müvafiq keçid balını toplayan, Azərbaycan Respublikasının vətəndaşı olan abituriyentlər iştirak edə bilər. BMU ilə İnha Universitetinin birgə təşkil etdiyi müsabiqədən uğurla keçən və qəbul olan abituriyentlər ikili diplom proqramı çərçivəsində qeyd olunan 4 ixtisasdan birində öz seçimlərinə görə dövlət sifarişi əsasında təhsil ala biləcəklər.

 

Ölkəmiz üçün brend ixtisaslar

 

- İkili diplom proqramında nəzərdə tutulan ixtisaslar ölkəmiz üçün nə dərəcədə prioritetdir?

- Qeyd olunmalıdır ki,  BMU və İnha Universiteti arasında həyata keçirilən ikili diplom proqramı çərçivəsində nəzərdə tutulmuş “İnformasiya texnologiyaları”, “İnşaat mühəndisliyi”, “Elektronika mühəndisliyi” və “Elektrik mühəndisliyi” sahələri yüksək texnologiyalar, sənaye, ekologiya kimi prioritet ixtisas istiqamətlərinin əhatəliliyinin genişlənməsi baxımından tələbələrə ölkənin inkişaf prioritetlərinə uyğun olaraq geniş seçim imkanı yaradır. Hazırda nəinki təhsil sahəsi üçün mühəndis ixtisaslı kadrların yetişdirilməsi, həmçinin ölkəmizin təməl infrastrukturunun qurulması, habelə erməni işğalından azad olunmuş torpaqlarımızda infrastrukturun yaxşılaşdırılmasına böyük töhfələr verə və bu cəhətdən sözügedən müvafiq ixtisaslar ölkəmiz üçün bir brendə də çevrilə bilər.

 

- Necə bilirsiniz, ikili diplom proqramı gənclərimizin əmək bazarında yer almasına, məşğulluğunun təmin olunmasına necə təsir edəcək, hansı imkanlar yaradacaq?

- Müasir qlobal çağırışlara adekvat  olaraq  BMU-İNHA ikili diplom proqramı çərçivəsində nəzərdə tutulmuş İnformasiya texnologiyaları”, “İnşaat mühəndisliyi”, “Elektronika mühəndisliyi” və “Elektrik mühəndisliyi” sahələrində təhsil alan tələbələrin əmək bazarında iş tapmaları, həmçinin əmək bazarında istehsalatla kadr ixtisası arasındakı əlaqələrin inkişafı üçün də işlər nəzərdə tutulmuşdur.  Bu baxımdan, BMU-İNHA ikili diplom proqramı tələbələrinin təcrübə yerlərinin müəyyənləşdirilməsi, məzunlarının işlə təmin edilməsi məqsədi ilə özəl və dövlət qurumları ilə əməkdaşlığın qurulması, həmçinin tələbələrin  ixtisasları üzrə dövlət və özəl müəssisələrdə təcrübə keçmələri və işlə təmin olunması kimi imkanlar yaradılacaqdır.

 

Proqram tam olaraq dövlət vəsaiti hesabına təmin olunur

 

- İkili diplom proqramı çərçivəsində İnha Universiteti  və  Bakı Mühəndislik Universiteti tədris planlarının, mühazirə materialarının sinxronlaşdırılması və ya uyğunlaşdırılması necədir?  Nəzərə alaq ki, tələbələr fərqli təhsil sistemlərinə malik ölkələrin 2 diplomunu alacaq...

- BMU-İNHA ikili diplom proqramı çərçivəsində  tədris planı hər iki universitetin müvafiq kafedra, rəhbər və professorları ilə qarşılıqlı şəkildə hazırlanmış və təsdiq edilmişdir. Hər akademik tədris ilinin başlanmasından öncə İnha Universiteti sillabusları, eləcə də tədris materialları barədə məlumatları Bakı Mühəndislik Universitetinə göndərir və BMU-da ikili diplom proqramı üzrə dərs deyən müəllim-professor heyəti tərəfindən həmin təlimatlara uyğunlaşdırılaraq tədris prosesinə başlanılır. Bundan başqa, hər semestrin sonunda müəllim portfolioları, BMU-da müəllimlər üçün sorğu, həmçinin tələbələr üçün sorğu, universitet  rəhbərliyi ilə müsahibələr formasında İnha Universiteti təhsil üzrə monitorinq həyata keçirir.

 

Milli kadr hazırlığına töhfə

 

- İnha Universiteti ilə əməkdaşlıq BMU, onun tələbələri, gənclərimiz  üçün nə kimi perspektivlər açır? Proqrama üz tutan azərbaycanlı tələbələrə nə kimi tövsiyələriniz var?

- BMU-İNHA ikili diplom  proqramı tam olaraq dövlət vəsaiti hesabına təmin olunur. Bu proqrama qəbul olan tələbələr 4 il müddətində iki müxtəlif nüfuzlu universitetin diplomlarını əldə edir və bu, gələcək karyera baxımından onlara geniş perspektivlər açır. Ali təhsil sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması, insan kapitalının inkişaf etdirilməsi, strateji əhəmiyyət kəsb edən sahələr üzrə milli kadrların yetişdirilməsi baxımından proqram mühüm əhəmiyyət daşıyır. Proqrama üz tutan azərbaycanlı tələbələrə dövlət tərəfindən yaradılmış bu imkan vasitəsilə özlərini inkişaf etdirməyi, habelə Cənubi Koreya təhsil təcrübəsini yaxşı mənimsəyərək gələcəyin peşəkar mütəxəssislərinə çevrilməyi qarşılarına məqsəd qoymağı tövsiyə edirik.

 

Proqram BMU-nun nüfuzuna mühüm təsir göstərəcək

 

- Proqram əsasən bakalavriat pilləsini əhatə edir. Gələcəkdə bakalavrların adıçəkilən proqram çərçivəsində magistr və ya doktorantura təhsili alması imkanları barədə nə deyə bilərsiniz?

- Hazırda BMU-İNHA ikili diplom proqramı “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində yalnız bakalavriat pilləsini əhatə edir.

 

- Proqram  ölkəmizin ali təhsil sisteminin rəqabətliliyinin artırılmasına, eləcə də BMU-nun nüfuzuna, beynəlxalq reytinqlərdəki mövqeyinə necə təsir edəcək?

- Beynəlxalq ikili diplom proqramı ən qabaqcıl elmi nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından yararlanaraq mühəndislik sahəsində Azərbaycanda 21-ci əsrin tələblərinə cavab verən yeni nəsil mütəxəssislər yetişdirməklə BMU-nun nüfuzuna mühüm təsir göstərəcək. Alimlərin qarşılıqlı əməkdaşlığı nəticəsində xarici professor-müəllim heyəti ilə birgə tədqiqatların həyata keçirilməsi, beynəlxalq səviyyədə əlaqələrin genişləndirilməsi Azərbaycan elmində müsbət nəticələrə gətirib çıxaracaq. Xarici universitet üzrə cəlb edilmiş professorlar Azərbaycanda işini başa çatdırıb öz ölkələrinə qayıtdıqdan sonra belə, yaradılan bu əlaqələrin faydasını görmək mümkün olacaq.

 

Oruc MUSTAFAYEV

 



02.07.2021 | 11:15