“Gənc istedadlar” liseyinin uğurları

Bakı Dövlət Universitetinin (BDU) nəzdində yaradılmış “Gənc istedadlar” liseyi 14 ildir fəaliyyət göstərir və bilikli, innovativ düşüncəyə malik vətənpərvər gənclərin yetişdirilməsinə xidmət edir.

 

Universitetdən bildirilib ki, hazırda liseydə 622 şagird təhsil alır. 2020/2021-ci tədris ilində “Sabahın alimləri” X Respublika müsabiqəsində liseyin 21 şagirdi kompüter elmləri, kimya, riyaziyyat, fizika və astronomiya, biologiya, ekologiya, ətraf mühitin idarə olunması kimi sahələr üzrə müxtəlif mövzularda layihələrlə çıxış edib və 3 layihə 1-ci yerə, 5 layihə 2-ci yerə, 3 layihə 3-cü yerə, 1 layihə isə xüsusi mükafata layiq görülüb.

 

1-ci yerə layiq görülmüş 2 layihə ölkəmizi Amerika Birləşmiş Ştatlarında  təşkil olunmuş Intel ISEF - Beynəlxalq Elm və Mühəndislik sərgisində təmsil edib. Bu nəticələrlə lisey Respublika üzrə ilk yerdə qərarlaşıb.

 

Liseyin şagirdləri müxtəlif ölkələrdə keçirilən bilik yarışmalarında layiqincə çıxış edib, Respublika və beynəlxalq olimpiadalarda 10 medal qazanıblar ki, bunun da 2-i qızıl, 2-i gümüş, 6-ı bürüncdür. Fizika, Kimya, Riyaziyyat və İnformatika fənləri üzrə keçirilən Beynəlxalq Meqapolislər Olimpiadasında liseyin 10-cu sinif şagirdi Nəriman Şirinli Kimya üzrə bürünc medal, PolyUp Azərbaycan müsabiqəsində 2-ci yer tutaraq beynəlxalq müsabiqəyə vəsiqə qazanıb və 55-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında bürünc medala, 11-ci sinif şagirdi Xanlar Abbasov isə Con Fon Neyman adına Macarıstan Beynəlxalq Riyaziyyat Olimpiadasında həvəsləndirici mükafata layiq görülüb.

 

Respublika Fənn Olimpiadasında liseyin 10-cu sinif şagirdləri- Nəriman Şirinli Kimya üzrə, Rəfsan Həbubullayev Fizika üzrə  qızıl medal, 11-ci sinif şagirdi Xanlar Abbasov və 6-cı sinif şagirdi Süleyman Abdulla isə İnformatika üzrə bürünc medal qazanıblar.

 

Lütfüzadə adına Məntiq Olimpiadasında 5-ci sinif şagirdləri Cahangir Zeynallı və Əli Nəsirli gümüş medal, Fəridə Cəfərova və Turqut Hüseynli isə bürünc medala layiq görülüblər.

 

Ölkəmizi Avropa Fizika Olimpiadasında (EuPhO-2021) təmsil edən liseyin 10-cu sinif şagirdi  Rəfsan Həbubullayev həvəsləndirici mükafat qazanıb.

 

Bu il  liseyi 9 şagird  qızıl, 2 şagird  gümüş medalla, 7 şagird isə fərqlənmə attestatı ilə bitirib.

 

 



29.07.2021 | 16:04