Azərbaycan-Fransız Universitetində əyani dərslər başladı

Dünəndən etibarən Azərbaycan Dövlət Neft və Sənaye Universiteti nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) həm magistratura, həm də bakalavr pilləsi üzrə yeni tədris ilinə start verilib.

 

UFAZ-dan bildirilib ki, dərslərin digər universitetlərə nisbətən daha tez başlanması təhsil ocağının  Rəhbər komitəsinin sonuncu qərarına əsasən olub. Yeni qaydalara uyğun olaraq dərslər üzbəüz keçiriləcək.

 

2021-2022-ci tədris ilinin payız semesterində yerli müəllimlərlə yanaşı, UFAZ-ın daimi əcnəbi müəllimləri, Strasburq və Renn 1 universitetindən dəvət olunan professor və müəllim heyəti də üzbəüz qaydada tədris aparacaq. UFAZ-da daimi əsasla 7 nəfər fransalı müəllim fəaliyyət göstərir.

 

Qeyd edək ki, bu il 5 yaşı tamam olan  Azərbaycan-Fransız Universitetində, ümumilikdə 710 tələbə (576 tələbə bakalavr pilləsi üzrə, 134 tələbə isə magistratura pilləsi üzrə) təhsil alır. Onlardan bakalavr pilləsinin 1-ci kursunda 141, 2-ci kursda 147, 3-cü kursda 149, 4-cü kursda 139, magistratura pilləsinin 1-ci kursunda 79 və 2-ci kursunda isə 55 tələbə oxuyur.

 

Tədris prosesi pandemiya qaydalarına tam uyğun şəkildə təşkil edilib. Bütün dərs otaqlarında tələbələrin ara məsafəsinə riayət olunur . Qoruyucu maska taxılması mütləqdir. Otaqlarda və dəhlizlərdə dezinfeksiyaedici maddələr yerləşdirilib. 18 yaşı tamam olmuş tələbələr ən azı 1-ci doza vaksin alıb və universitetə immunitet sertifikatı ilə buraxılıb.

 

 



14.09.2021 | 11:10