“Zəfər bizimdir” layihəsinin icrasının hazırlıq dövrü uğurla davam edir

Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 5-ci qrant müsabiqəsinin qalibi, Lənkəran rayonu Ləj kənd N.Aslanov adına tam orta məktəbin müəllimi Aqşin Əliyevin rəhbəri olduğu  “Zəfər bizimdir” layihəsinin bir ay ərzində nəzərdə tutulan hazırlıq dövrü uğurla davam edir.

 

Layihənin məqsədi Lənkəran rayonu Ləj kəndinin Qarabağ müharibələrində şəhid, qazi olmuş döyüşçülərinin və sosial həssas qrupa aid ailələrin üzvlərinin distant təhsilə qoşulmalarını texniki cəhətdən təmin etmək, həmin şagirdləri dərs mühitinə  qaytarmaqdır.   

              

Layihənin rəhbəri Aqşin Əliyev bu kateqoriyadan olan şagirdlərin pandemiya şəraitində distant dərslərə qoşula bilməməsi səbəblərini araşdırıb və bunun onların sosial vəziyyəti ilə bağlı olduğunu müəyyən edib.  

 

Layihə çərçivəsində məktəbdə təhsil alan və bu qrupa aid olan şagirdlərin ailələrində bilavasitə görüşlər keçirilib, daha həssas qrupa aid  şagirdlərin seçimi işlərinə başlanılıb. 20-yə qədər məktəblinin  distant dərslərə qoşulmasını smartfon planşetlərlə təmin etmək nəzərdə tutulub.

 

Qeyd edək ki, Lənkəran rayonunda sentyabrın 15-dən başlayan “Zəfər bizimdir” layihəsinin icrası  2022-ci il fevralın 15-ə kimi yerinə yetiriləcək.  

 



20.09.2021 | 14:18