“Təhsil avtobusu – Qayıdış” layihəsində 200-ə yaxın qarabağlı şagird iştirak edib

Təhsil Nazirliyinin təşkilatçılığı, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi və “Kapital Bank”ın əsas dəstəyi ilə “Azərbaycan üçün Öyrət” təhsil proqramı çərçivəsində artıq V dəfədir ki həyata keçirilən "Təhsil avtobusu – Qayıdış" layihəsi başa çatıb.

 

Layihə çərçivəsində “Təhsil avtobusu” 1500 km-dən çox məsafəni qət edərək işğaldan azad olunan bölgələrin (Şuşa, Ağdam, Kəlbəcər, Xocalı, Xocavənd, Laçın, Cəbrayıl, Qubadlı, Zəngilan, Füzuli) şagirdlərinin yaşadığı və təhsil aldığı rayonların marşrutu üzrə (Bakı-Sumqayıt-Sabirabad-Ağcabədi-Bərdə-Gəncə-Oğuz-Bakı) səfər edib. Layihədə Qarabağın 53 məktəbindən zəif və orta göstəriciyə malik 6-9-cu siniflərdə təhsil alan 198 şagird Qarabağa aid mövzu istiqamətlərində 50-ə yaxın akademik saat həcmində olan təlim, tədris proqramı və intellektual yarışların iştirakçısı olub.

 

Qarabağlı şagirdlərin yaşadığı və təhsil aldığı rayonlarda keçirilən layihə çərçivəsində incəsənət və yaradıcılıq, peşə, sağlamlıq, debat və natiqlik, vətənpərvərlik, şəxsi inkişaf istiqamətində təlimlər və “Nə? Harada? Nə zaman?” intellektual yarışı keçirilib.

 

Qeyd edək ki, layihənin məqsədi korporativ sosial məsuliyyət çərçivəsində təhsilin keyfiyyətinin yüksəldilməsində ictimaiyyətin iştirakına imkan yaradılması, şagirdlərin şəxsi inkişafına stimul vermək, həyata fərqli baxış və dünyagörüşünün formalaşmasına təsir etmək, təhsilə olan marağının artmasına şərait yaratmaq və qayıdış prosesinə şagirdlərin adaptasiyasına şərait yaratmaqdır.

 

 



20.09.2021 | 14:25